Bu gün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşır və öz siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurur.
Haqq səsimiz dünya ictimaiyyətinə çatdırılır
Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək, Dağlıq Qarabağ problemini nizama salmaq üçün mövqeyi həmişə birmənalı olaraq dəyişməzdir. Dövlətimizin başçısı İlham Əliyev mötəbər tribunalardan da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan tərəfinin sülh variantına üstünlük verdiyini dəfələrlə bəyan edib. Problemin aradan qaldırılmasında beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmağın yeganə yol olduğunu bildirən dövlət başçımızın mövqeyi dünya birliyində hörmətlə dəstəklənir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi öz doğma yurd-yuvalarından qovulmuş azərbaycanlıların dədə-baba yurdlarına qaytarılmasından sonra və yalnız Azərbaycanın tərkibində mümkündür. Azərbaycan heç bir zaman öz ərazi bütövlüyünü müzakirə obyektinə çevirməyəcəkdir. Dağlıq Qarabağ münaqişəsinin həlli, eyni zamanda, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasət öz nəticələrini göstərməkdədir.
Beynəlxalq ictimaiyyət erməni terroruna qarşı tədbir görməlidir
1992-ci ildə baş vermiş Xocalı hadisəsini o dövrdə BMT-yə yeni üzv qəbul olunmuş Azərbaycanın həmin vaxtda bu mötəbər təşkilatın prinsiplərinə əsaslanmaqla, baş verən faciəni soyqırımı kimi tanınması istiqamətində zəruri tədbirlərin həyata keçirməməsi olduqca təəssüfləndirici faktdır. 1992-1993-cü illərdə hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla, Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Halbuki artıq Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son 18 ildə Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğallar, insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, bir çox internet saytı yaradılmışdır.
İşğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müəyyənləşdirib.
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərdə hər zaman ölkənin baxışlarını, mövqeyini və siyasi xəttini ifadə edir.
Ölkə Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, torpaqlarımızın işğal altında qalması və bir milyon soydaşımızın əziyyət çəkməsi məsələlərinə toxunur, dünya birliyinin diqqətini daim bu məsələlərə cəlb edir.
Avronest Parlament Assambleyasının ikinci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətindən danışan ölkə başçısı bu tədbirin ölkəmiz üçün böyük önəm daşıdığını xatırladıb: "Sessiya çox yüksək səviyyədə keçirildi və yenə də bu, bizə imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək, Azərbaycanın həm gördüyü işlər, həm mövqeyi haqqında məlumatı verək, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri, azərbaycanlılara qarşı törədilən soyqırımı, erməni faşizmi haqqında mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişdim".
Prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə sözünü dediyini bildirib: "Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcək. Mən buna şübhə etmirəm".
Erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır
Bu baxımdan dövlət başçısının tapşırıq və tövsiyələri əsasında son illər erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən xüsusi tədbirlər proqramı təsdiqlənir və icra edilir.
Həyata keçirilən bu və digər tədbirlər tədricən müsbət nəticələrini göstərir. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Meksika və Pakistanın qanunvericilik orqanları, ABŞ-ın Massaçusets ştatı Xocalı qırğınını tanıyıb. Belçika parlamentində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı soyqırımı məsələsinin Belçika parlamentində müzakirə olunması ilə bağlı müəyyən iş aparıb. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Xocalı soyqırımının 20 illiyi ilə bağlı yazılı bəyanat yayılıb.
Növbəti uğurlu addım
Kolumbiya Senatında da Azərbaycan ərazilərinin işğalı ilə bağlı qərar qəbul edilib. Həmin qərara əlavədə Azərbaycana qarşı təcavüzkar siyasətin tarixi haqqında məlumat verilib, Azərbaycanın mövqeyi əks olunub, o cümlədən, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı digər 7 rayonun Ermənistan tərəfindən təcavüzə məruz qaldığı və indiyə qədər Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanması əks olunub. Qərarda, həmçinin, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, Azərbaycan əhalisinə qarşı törədilən zorakılıq və onların insan hüquqlarının pozulduğu barədə məlumat verilib və bu, qətiyyətlə pislənilib. Bununla yanaşı, önəmli bir fakt Xocalıda baş vermiş cinayətlərin soyqırımı adlandırılmasıdır. Bu, o deməkdir ki, Latın Amerikasında Meksikadan sonra növbəti bir ölkə - Kolumbiya Xocalıda baş vermiş hadisələri soyqırımı kimi qiymətləndirib. 102 senatorun iştirakı ilə yekdilliklə qəbul olunan bu qərar Azərbaycan diplomatiyasının Xocalı soyqırımının dünya tərəfindən hüquqi siyasi qiymətin verilməsi istiqamətində növbəti uğurlu addımıdır.
Cabir