Xəbər verdiyimiz kimi, mayın 7-də Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ olub. Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təyyarə ilə Zaqatala rayonuna gəlib.
Dövlətimizin başçısı helikopterlə zəlzələnin episentrindəki ərazini seyr etdi. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Prezident İlham Əliyevə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat verdi.
Qeyd edildi ki, mayın 7-də axşam saat 19.15-də zəlzələnin episentrində 12 ballıq cədvəl üzrə 7 bal gücündə baş verən təkrar yeraltı təkan daha ciddi dağıntılar törətmişdir. Ümumiyyətlə, ötən müddətdə 500-dək yeraltı təkan qeydə alınmışdır və onlardan bir neçəsi daha çox hiss olunmuşdur.
Bildirildi ki, zəlzələ nəticəsində Zaqatala, Qax və Balakən rayonlarında üç minədək ev ya uçmuş, ya da qəzalı vəziyyətə düşmüşdür. Çoxlu sayda sosial obyektə də ciddi ziyan dəymişdir.
Zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözparaq, Mamrux, Zəyəm, Muxax, Bazar, Qımır və Çobankol, eləcə də Qax rayonunun Güllük, Zərnə, Lələpaşa kəndlərində ciddi dağıntılar baş vermişdir.
Diqqətə çatdırıldı ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qaydada qərargah yaradılmış və işçi qruplar dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tədbirlər görür. Qısa müddətdə rayona Fövqəladə Hallar Nazirliyi tərəfindən çoxlu sayda texnika və avadanlıq, çadırlar, böyük miqdarda tikinti materialları gətirilmişdir.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə də Zaqatala rayonuna tikinti materialları ilə kömək göstərilmişdir. Zəlzələ bölgəsinə çoxlu sayda çadırlar gətirilərək quraşdırılmışdır.
Zaqatala, Qax və Balakən rayonlarına əlavə texnika, inşaat materialları, avadanlıq və digər zəruri materialların gətirilməsi davam edir. Zəlzələdən ziyan çəkən əhaliyə dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq hər cür kömək göstərilir. Sonra Prezident İlham Əliyev baş vermiş zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözparaq kəndinə gəldi. Dövlətimizin başçısı kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Sultanovun zəlzələdən ziyan çəkən evinə baxdı.
Ev sahibləri ilə söhbət edən Prezident İlham Əliyev bildirib ki, tezliklə bütün evlər bərpa ediləcəkdir. Göstərişlər verilib, vəsait ayrılıb. Dövlətimizin başçısı Gözparaq kənd sakinləri ilə də görüşdü. Kənd ağsaqqalı Əhməd Qurbanov təbii fəlakətin nəticələri ilə yerindəcə tanış olduğu, sakinlərlə görüşüb onların qayğıları ilə yaxından maraqlandığı üçün dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Sonra dövlətimizin başçısı zəlzələnin episentrində yerləşən Qax rayonunun Güllük kəndinə gəldi. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə zəlzələ nəticəsində bu rayonda baş verən dağıntılar və həyata keçirilən tədbirlər barədə dövlətimizin başçısına məlumat verdi.
Güllük kənd sakini Abdulla Məmmədovun zəlzələdən zərər çəkmiş evinə baxan Prezident İlham Əliyev deyib ki, fəlakətin nəticələri aradan qaldırılacaq, əhali üçün daha da gözəl evlər tikiləcək: "İlk növbədə, sizin qəzalı vəziyyətdə olan evləriniz sökülməlidir və onların yerində yeni evlər tikilməlidir. Mən göstəriş vermişəm, bütün evlər Azərbaycanın dövlət büdcəsi hesabına yenidən tikiləcəkdir. Siz narahat olmayın. Bu məsələ mənim nəzarətimdədir. Bütün göstərişlər verilib. Sabahdan başlayaraq bütün kəndlərdə ilk növbədə təhlil və söküntü işləri aparılacaqdır.
Evlərin ölçüləri müəyyən ediləcəkdir və yeni evlər elə həmin bu evlərin yerində tikilməlidir. İndiki evlərdən daha da böyük evlər olacaqdır. Bütün xərcini də Azərbaycan dövləti öz üzərinə götürür."
Prezident İlham Əliyev Güllük kənd sakinləri ilə də görüşdü. Kəndin sakinləri adından ağsaqqal Fazil Musayev dövlətimizin başçısını salamlayaraq deyib ki, cənab Prezidentin köməyi və müdrik siyasəti nəticəsində problemlər öz həllini tapacaqdır. "Biz Sizin iradənizə, qətiyyətinizə əminik. İnşallah biz elliklə, Sizin köməyinizlə bu çətin vəziyyətdən çıxacağıq.
Cənab Prezident, zəlzələnin episentri bizim ərazimizdə olduğu üçün kəndimizdə daha çox dağıntılar vardır. Demək olar ki, kəndin binalarının 95 faizi ya dağılıb, ya da qəzalı vəziyyətə düşüb. Ona görə də Sizdən xahiş edirik ki, bizə kömək edəsiniz. Biz Sizə inanırıq, Sizin siyasətinizi bəyənirik, təbliğ edirik və daim Sizin arxanızda durmuşuq. Biz Sizə, Sizin müdrikliyinizə inanırıq. Bilirik ki, bu işin öhdəsindən gəlməyə bizə kömək edəcəksiniz. Xalqımız, camaatımız yeni binalarda yaşayacaq, övladlarını əmin-arxayın böyüdəcəklər. Sizə çox təşəkkür edirəm." Prezident İlham Əliyev: "Çox sağ olun. Mən əminəm ki, yaxın aylarda biz xoş günlərdə də görüşəcəyik. Çünki müvafiq göstərişlər verilmişdir ki, bütün evlər qısa müddət ərzində yenidən tikilsin. Təbii fəlakətdir. Çox güclü zəlzələ baş vermişdir. Dediyiniz kimi, episentr də sizin kəndinizə, bu əraziyə düşüb. Əsas dağıntılar Zaqatala, Qax və qismən Balakən rayonlarındadır. Evlər uçulub, dağılıb, qəzalı vəziyyətdədir. Məktəblər, uşaq bağçaları dağılıb. Bütün sosial obyektlər dağılıb. Yəni, böyük fəlakətdir. Mənə verilən son məlumata görə, üç minə qədər ev yenidən tikilməlidir. Amma çox güman ki, ondan da artıq olacaqdır. Çünki hələ hesablamalar aparılır, komissiya işləyir. Ancaq onu deyə bilərəm ki, bütün qəzalı vəziyyətdə və uçulmuş, dağılmış evlər bərpa ediləcəkdir. Harada ki, bu, mümkün deyil, - əksər hallarda bu mümkün deyil, - yeni evlər tikiləcəkdir.
Evlər tikiləndə sizin istəyiniz nəzərə alınacaqdır. Mən göstəriş vermişəm ki, bütün evlərin ölçüləri götürülsün. Bu ölçülər evlərin sahiblərinin iştirakı ilə təsdiqlənsin ki, siz də biləsiniz, dövlət də bilsin, evin ölçüləri nə qədərdir. Yeni tikiləcək evlər indiki evlərdən daha da böyük olmalıdır. Bu göstərişi də mən vermişəm."
Daha sonra Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə çıxış edib. Prezident İlham Əliyev bildirib ki, zəlzələ nəticəsində böyük dağıntılar olub:
"İlkin məlumata görə, dağılmış evlər yüzlərlə hesablanırdı. Son məlumata görə, 3 minə qədər fərdi ev dağılmış, yaxud da ki, qəzalı vəziyyətə düşmüşdür. Bir sözlə, qəzalı vəziyyətdə olan evlərdə də yaşamaq mümkün deyildir.
Fövqəladə Hallar Nazirliyi dərhal təbii fəlakətlə bağlı fəaliyyətə başlamışdır, qərargah yaradılmışdır, vəziyyət təhlil edilmişdir, insanlar təhlükəsiz yerlərə köçürülmüşlər. Xoşbəxtlikdən heç bir insan itkisi olmamışdır. Dərhal bölgəyə çadırlar gətirilmiş və quraşdırılmışdır. İnsanlar müvəqqəti olaraq çadırlarda və qohumlarının evlərində yerləşdirilmişlər. Yüzlərlə sosial obyekt, iyirmidən çox məktəb, uşaq bağçaları, tibb məntəqələri sıradan çıxmışdır. Bir sözlə, bu, çox böyük və dəhşətli təbii fəlakətdir. Azərbaycan dövləti güclü dövlətdir və bütün təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün bizdə kifayət qədər imkanlar vardır. Hazırda səfərbərlik işləri demək olar ki, yekunlaşmışdır. Ağır texnika gətirilmişdir, əlavə çadırlar gətirilir. İnsanların müvəqqəti məskunlaşması üçün bütün lazımi tədbirlər görülür. Ancaq o da həqiqətdir ki, çadırlarda yaşamaq çox ağırdır, çətindir. Biz çalışmalıyıq ki, qısa müddət ərzində bu vəziyyətdən şərəflə çıxaq.
İlk növbədə, təhlil işləri davam etdirilməlidir. Çünki hələ ki, bizdə tam məlumat yoxdur. Qəzalı vəziyyətdə olan evlərin sayı getdikcə artmaqdadIr və beləliklə, gələn günlərdə də təhlil işləri aparılmalıdır. Dağılmış və qəzalı vəziyyətə düşmüş evlərin dəqiq ölçüləri müəyyən edilməlidir. Bu məsələlər ev sahibləri ilə birlikdə təhlil edilməlidir. Yəni, söküləcək hər bir evin dəqiq ölçüləri müəyyən edilməlidir. Söküləcək evlərin yerində yeni evlər tikiləcəkdir. Evlərin layihələri, - mən artıq göstəriş vermişəm, - insanlara da təqdim edilməlidir. Tikiləcək evlər dağılmış evlərdən daha geniş, daha da böyük olmalıdır. Vətəndaşların arzuları da tikiləcək evlərdə öz əksini tapmalıdır.
Bütün dağılmış və qəzalı vəziyyətdə olan məktəblər yeni tədris ilinə qədər yenidən tikilməlidir. Bu, çox böyük işdir, böyük maliyyə vəsaiti və texniki imkanlar tələb edən məsələdir. Ancaq biz çalışmalıyıq ki, bütün bu məsələlər maksimum qısa müddət ərzində həllini tapsın.
Bununla paralel olaraq, seysmoloji vəziyyətə daim nəzarət olunmalıdır. Çünki bildiyiniz kimi, bir neçə təkan olmuşdur və yenə də deyirəm, xoşbəxtlikdən birinci təkan o qədər güclü olmamışdır. İnsanlar evləri tərk etmişlər, ondan sonrakı təkanlar əsas dağıntılara səbəb olmuşdur və istisna edilmir ki, təkanlar bundan sonra da baş versin. Ona görə seysmoloji vəziyyətə tam nəzarət edilməlidir. Yəni tikinti-bərpa işlərinə ancaq seysmoloji vəziyyət tam sabitləşdikdən sonra başlanılmalıdır. Azərbaycan dövləti təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün imkanlarını səfərbər edib. Dünən mənim göstərişimlə bu məqsədlər üçün 20 milyon manat vəsait ayrılıbdır. Ancaq real vəziyyət, yəni, yeni məlumatlar göstərir ki, bu vəsait bizə kifayət etməyəcəkdir. Biz növbəti mərhələdə əlavə vəsaitin ayrılmasına da baxmalıyıq. Dövlət büdcəsində və ehtiyat fondlarında vəsait var və biz bu vəsaitdən istifadə edib bütün məsələləri tezliklə həll etməliyik. Bizi çox böyük işlər gözləyir. Üç minə qədər evin tikintisi çox böyük maliyyə vəsaiti tələb edəcəkdir və texniki məsələlər öz həllini tapmalıdır. Biz çalışmalıyıq ki, bütün evləri qısa müddət ərzində bərpa edək ki, insanlar az əziyyət çəksinlər. Bütün müvafiq qurumlar, yerli icra orqanları burada əlaqəli şəkildə fəaliyyət göstərməlidir. Bu məqsədlə qərargah yaradılıbdır və biz bütün işləri ardıcıllıqla və keyfiyyətlə görməliyik. Bizim siyasətimizin mərkəzində insan amili dayanır. Bizim siyasətimiz sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar, ilk növbədə, insanların rahat yaşamasına yönəldilibdir."
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlı, daxili işlər naziri Ramil Usubov çıxış edərək, vəziyyətlə bağlı geniş məlumat veriblər.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bildirib ki, dövlətimiz bu sınaqdan da uğurla və şərəflə çıxacaq:
"Bütün evlər, məktəblər yenidən tikiləcəkdir. İndi fövqəladə hallar naziri deyir ki, 74 məktəb tikilməlidir. Çox böyük işdir. Çalışmaq lazımdır ki, tədris ilinə qədər biz bunu edək və əlbəttə ki, siz yeni məlumatın hesablamalarını da təqdim edin. Əlavə vəsait nə qədər və nə vaxt lazım olacaqdır?! İndi ayrılan 20 milyon manat vəsaitdən artıq istifadə etməyə başlayın. Ancaq əlbəttə ki, bu məqsədlər üçün, yəni, fəsadların aradan qaldırılması üçün lazım olan vəsait indi ayırdığımızdan qat-qat çox olacaqdır.
Bir daha demək istəyirəm ki, bu, çox güclü təbii fəlakətdir, çox güclü zəlzələdir. Yeddi bal gücündə zəlzələ çox güclü zəlzələ hesab olunur. Yenə də deyirəm, xoşbəxtlikdən insan itkisi olmamışdır. Biz bütün imkanlarımızı səfərbər edib tezliklə zəlzələnin fəsadlarını aradan qaldırmalıyıq, yeni evləri tikməliyik. İnsanlar da bir daha görəcəklər ki, Azərbaycan dövləti güclü dövlətdir və bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və bizim bu sahədəki siyasətimiz dəyişməz olaraq qalır. Əminəm ki, zəlzələdən əziyyət çəkmiş bütün kəndlərdə qısa müddət ərzində yeni gözəl evlər, binalar tikiləcək və insanların güzəranı daha da yaxşı olacaqdır."
Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olan və müvafiq tapşırıqlarını verən Prezident İlham Əliyev mayın 9-da Bakıya qayıdıb.