Xəbər verdiyimiz kimi, mayın 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda müzakirələr aparılıb.
Dünya terroru lənətləyir...
İclasda BMT-nin baş katibi Pan Gi Mun bildirib ki, beynəlxalq ictimaiyyət terrorizmə qarşı davamlı mübarizə aparır və dünyanın müxtəlif nöqtələrindəki terror təşkilatları hələ də təhlükə mənbəyi olaraq qalır. "Ötən il Liviyaya göndərilən faktaraşdırıcı missiya oradakı terror təşkilatlarına kənardan yardımların olduğunu göstərdi", - deyən Pan Gi Mun qeyd edib ki, əsas məqsəd terrorla mübarizəni gücləndirib insan haqlarının müdafiəsinə zəmin yaratmaqdır. BMT-nin baş katibi terrorla mübarizədə ortaq konsepsiyanın yaradılmasının zəruriliyini vurğulayıb. Almaniyanın xarici işlər naziri Guido Vestervelle söyləyib ki, "Bizim birgə fəaliyyətimiz terrorçu mənbələri zəiflətmişdir". Nazir vurğulayıb ki, Almaniya hər zaman BMT-nin anititerror strategiyasının həyata keçirilməsinə dəstək verəcək. Toqonun xarici işlər və əməkdaşlıq naziri Eliot Ohin də terrorizmin sülhə və təhlükəsizliyə ən böyük təhdid olduğunu deyib. Obama kabinetinin üzvü, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rays bildirib ki, terror bizim dünyamızdan hələ də əl çəkməmişdir və ona qarşı mübarizə tədbirləri davam etdirilməlidir. Susan Rays qeyd edib ki, ABŞ terrora qarşı dünyanın hər bir yerində mübarizə aparır və bu məsələdə Birləşmiş Ştatlar hökuməti müttəfiqlərinin və dostlarının yardımından faydalanır. Rusiya prezidentinin terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə xüsusi nümayəndəsi Aleksandr Zmeyevski bildirib ki, terrorizmə heç cür bəraət qazandırmaq olmaz və onunla mübarizə yalnız beynəlxalq əməkdaşlıq sayəsində mümkündür. Kolumbiyanın çoxtərəfli işlər nazirinin müavini Patti Londono da terrorizmə qarşı mübarizənin onun ölkəsinin də prioritetləri sırasına daxil olduğunu diqqətə çatdırıb. Çin, Pakistan, Böyük Britaniya, Hindistan, Cənubi Afrika Respublikası, Qvatemala, Fransa və Portuqaliya nümayəndələri də çıxışlarında beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən terrorizmin hazırda dünya üçün ən böyük bəla olduğunu və BMT-nin bu sahədə həyata keçirdiyi mübarizə tədbirlərini dəstəklədiklərini bildiriblər.
Erməni terroru dünya
sabitliyinə təhdiddir...
İclasda çıxış edən Prezident İlham Əliyev deyib ki, terrorçuluq beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən, bütün üzv dövlətlərdə insan hüquqlarının, fundamental azadlıqların, demokratiyanın, siyasi müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və nəhayət, sosial və iqtisadi inkişafın bərqərar olunmasına ciddi təhdiddir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qəti surətdə pisləyir: "Biz hesab edirik ki, bütün terror aktları ağır cinayətdir, onlar pislənməli və bunu törədənlər isə cəzalandırılmalıdırlar. Terrorçulara öz əməllərini əsaslandırmaq üçün heç vaxt imkan verilməməlidir. Səbəblərindən asılı olmayaraq, heç bir terror aktı əsaslandırıla bilməz. Terrorçuluğun dəyişən mahiyyəti və siması, bir çox hallarda onun təcavüzkar separatizm, ekstremizm və mütəşəkkil cinayətkarlığa bağlılığı vardır.
Silahlı münaqişələrə məruz qalan yerlərdə, xüsusən də, xarici hərbi işğal altında olan ərazilərdə terrorçuluq ilə həmin məkanda olanlar arasında, bir qayda olaraq, sövdələşmənin yaranmasına şəraitlər formalaşır. Azərbaycan müxtəlif yollarla terrorçuluğa məruz qalmışdır".
Ermənistanın törətdiyi terror aktları ifşa olunur...
Prezident İlham Əliyev çıxış zamanı diqqətə çatdırıb ki, Azərbaycan kənardan təşkil olunan terror fəaliyyətinin birbaşa hədəfinə çevrilib. Ermənistan Respublikası Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktı törədib. Dövlətimizin başçısı İlham Əliyev vurğulayıb ki, erməni terroru nəticəsində 2 mindən artıq azərbaycanlı həyatını itirib: "Ermənistan öz güc strukturlarının bilavasitə iştirakı ilə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək, törətmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəal fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə etmişdir. Həmin vəhşilik aktları 1992-ci ilin fevral ayında Xocalı əhalisinin məhv edilməsi ilə kulminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan, o cümlədən, qadınlar, uşaqlar və yaşlılar öz həyatı ilə vidalaşmışdır. Yüzdən artıq qadın, altmış üç uşaq qətlə yetirilmişdir. Ermənistan, həmçinin, münaqişə zonasından uzaq məsafədə də ictimai nəqliyyatda və mühüm infrastruktur yerlərində, 1994-cü ildə Bakı metrosunda bomba partlayışı və digər əməllər kimi terror aktlarını törədərək, mülki əhaliyə qarşı mübarizə apardı. Bu gün Ermənistanın terror risklərindən irəli gələrək, biz əsasən terror hədələrinin tərəfimizdən zərərsizləşdirilməsinə baxmayaraq, bu risk yenə də yüksək olaraq qalır".
Terrorçuluğun qarşısının
alınması üçün vahid
yanaşma təklifi...
Prezident İlham Əliyev dünyanın nüfuzlu beynəlxalq təşkilatının ali orqanındakı çıxışı zamanı, həmçinin, terrorçuluğun qarşısının alınması üçün vahid yanaşma da təklif edib: "Terrorçuluğun aydın tərifi və beynəlxalq terrorçuluqla bağlı konvensiya həll olunmamış bəzi məsələlərin, o cümlədən, terror hərəkətlərinin təşkil edilməsi, maliyyələşdirilməsi, təşviq edilməsi, təlimatlandırılması, digər birbaşa və ya dolayı yolla dəstəklənməsindən çəkindirmək məsələlərinin həllinə töhfə verə bilər. Bu cür razılığın əldə olunması terrorçuluğun əsas səbəblərinin əhatəli və açıq şəkildə müzakirəsinə əsaslanmalıdır. Biz sosial və iqtisadi inkişaf, eləcə də, təhsil məsələlərinin həlli üçün bu sahəyə hazırkı beynəlxalq səylər çərçivəsində, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının mexanizmləri vasitəsilə, birmənalı olaraq, lazımi diqqət yetirməliyik. İqtisadi çətinliklərlə müşayiət olunan məhdud təhsil imkanları bir çox hallarda dinləri təfsir etmək adı altında terror təşviqatının aparılmasına zəmin yaradan amillər hesab edilə bilər. Terrora qarşı mübarizə hər hansı konkret din və ya mədəniyyətə hücum çəkmək üçün istifadə edilə bilməz".
Əndişələnən ermənilərin
isterikası...
Beləliklə də, Azərbaycan Prezidenti İlham Əliyevin BMT TŞ-nin yüksək səviyyəli iclasında Ermənistanın ölkəmizə qarşı törətdiyi terror aktlarını, soyqırımı hərəkətlərini faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması erməniləri əndişələndirib. Ermənilərin Azərbaycanın hərbi-siyasi ritorika ilə danışmasından panikaya düşməsi isə, onların xarici işlər idarəsinin bəyanatında hiss olunurdu. Bununla yanaşı, BMT binasının önündə bir neçə erməninin də aksiya keçirməyə cəhd göstərməsi onu sübut edir ki, Ermənistan rəhbərliyi və erməni lobbisi Azərbaycanın artan nüfuzundan, siyasi və geostrateji çəkisinin təsirindən qorxuya düşüblər.
Dünya birliyi Azərbaycanın təşəbbüslərini dəstəkləyir...
Xatırladaq ki, ötən ilin oktyabrında Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməklə müstəqil olduğumuz 20 ildə xarici siyasətin ən böyük uğurlarından birini qazanıb. Bu məqsədlə keçirilən seçkilərdə 155 ölkənin səsini qazanaraq, tarixi nailiyyətə imza atan ölkəmiz 2012-ci il yanvarın 1-dən Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasına başlayıb. ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın da dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı ölkəmizin tutduğu yolun dünya tərəfindən dəstəklənməsinin əyani təsdiqidir. Bu, həm də beynəlxalq birliyin Azərbaycanda yürüdülən siyasətə və Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürü, dünya ictimaiyyətinin ölkəmizə olan inamı və etimadının ifadəsidir.
"Səs" Analitik qrupu