Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzi açılmış, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Dünya arxitekturasının nadir incilərindən olan Heydər Əliyev Mərkəzinin quruluşunda Bakının memarlıq koloriti dəqiqliklə nəzərə alınmışdır. Dünyada bənzəri olmayan Mərkəzin yaradılması ideyasının arxitekturada mükəmməl formada əks olunması onun quruluşuna xüsusi özəllik verir. Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində Vətəninin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının, onların arzu və istəklərini gerçəkləşdirmək əzminin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir. Bununla yanaşı, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevriləcək bu mədəniyyət ocağının yaradılması Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərir.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Heydər Əliyev Mərkəzini nadir memarlıq abidəsi adlandıran Prezident İlham Əliyev bu kompleksin yaradılması ideyasından danışdı. Dövlətimizin başçısı məşhur memar Zaha Hadidin layihəsi əsasında tikilən bu mərkəzin müasirliyi ilə diqqəti çəkdiyini və çoxfunksiyalı olduğunu bildirdi, həm memara, həm də tikintidə iştirak edən bütün insanlara təşəkkür etdi. Dəfələrlə tikintinin gedişi ilə maraqlandığını deyən Prezident İlham Əliyev vurğuladı ki, bu mərkəz Azərbaycan vətəndaşlarına yüksək səviyyədə xidmət göstərəcəkdir.
"Bakı sürətlə gözəlləşir və inkişaf edir",- deyən Prezident İlham Əliyev bildirdi ki, müasirliklə qədimliyin vəhdət təşkil etdiyi paytaxtımızın bir çox məşhur rəmzləri vardır. İndi isə müasir Bakının yeni rəmzləri yaradılır və bu sırada Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, "Kristal saray" və nəhayət Heydər Əliyev Mərkəzi vardır.
"Heydər Əliyev bütün dövrlərdə öz xalqına xidmət edib", - deyən Prezident İlham Əliyev ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən danışdı. Bildirdi ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafına çalışıb. Ulu öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük problemlərlə üzləşdi, Dağlıq Qarabağda separatçılıq meyilləri gücləndi, Qanlı Yanvar hadisəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımızın işğalı prosesi başladı, ölkə gərgin ictimai-siyasi təzyiqlərlə üz-üzə qaldı. 1993-cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə qayıdan Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və xalqın ona olan məhəbbəti sayəsində Azərbaycan üzləşdiyi fəlakətlərdən xilas oldu. Ölkə tərəqqi dövrünə qədəm qoydu, bütün sahələrdə inkişaf meyilləri gücləndi. Ona görə də Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi və qurucusudur:
"Bir sözlə, on il ərzində ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır. Biz - ulu öndərin davamçıları elə etməliyik ki, onun siyasi xətti Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm. Son doqquz ilin təcrübəsi göstərir ki, biz bu siyasətə sadiqik. Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqik. Çünki 2003-cü ilin sonlarında o demişdir ki, mənim tərəfimdən başlanan işlərə mənim davamçılarım yekun vuracaqdır. Belə də oldu. Onun təşəbbüsü ilə yaradılan və şəxsən təməl daşını qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərini biz 2006-cı ildə istismara verdik. Onun təşəbbüsü ilə imzalanmış "Şahdəniz" layihəsinin tərkib hissəsi olan Bakı-Tbilisi-Ərzurum qaz kəmərini biz 2007-ci ildə işə saldıq. Artıq açılan bu yeni dəhliz bizə imkan verdi ki, üçüncü strateji layihəni icra edək. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla davam edir və yaxın aylarda başa çatacaqdır. Bu yeni dəmir ipək yolunun yaradılması Azərbaycanın uzunmüddətli siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir.
Siyasi islahatlar davam etdirilir. Azərbaycan mövqelərini möhkəmləndirir. Azərbaycanda demokratikləşmə prosesi uğurla gedir. Azərbaycanda bütün azadlıqlar vardır. Bu istiqamətdə aparılan islahatlar çox müsbətdir, çox uğurludur, çox dəyərlidir. Bu islahatlar davam etdiriləcəkdir. Son doqquz il ərzində Azərbaycan iqtisadi sahədə misli görünməmiş inkişaf dövrünü yaşayır. Doqquz ildə iqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı təxminən 50 faizdən 7,6 faizə düşmüşdür. İşsizlik kəskin şəkildə azalmışdır. Bir milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda işsizlik Azərbaycanda 5,3 faizdir. Büdcə kəsiri demək olar ki, yoxdur. Bəlkə bir faiz təşkil edir. Amma kəsirsiz büdcə bizim üçün problem deyildir. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Bu, hesab edirəm ki, dünya miqyasında ən uğurlu nəticələrdən biridir. Bizim iqtisadi sahədə uğurlarımız beynəlxalq maliyyə qurumları tərəfindən də qiymətləndirilir və qeyd edilir. Dünya üçün, qitə üçün ən çətin böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf edir. Üç əsas beynəlxalq reytinq agentlikləri "Moody’s", "Fitch", "Standard & Poors" Azərbaycanın kredit reytinqini artırırlar.
Ordu quruculuğu prosesində Azərbaycan çox böyük uğurlara nail ola bilmişdir. Bu gün bizim hərbi xərclərimiz Ermənistanın dövlət büdcəsindən 50 faiz çoxdur. Bizim böyük gücümüz, böyük ordumuz vardır. Silahlı Qüvvələrimiz istənilən məsələni həll etməyə qadirdir. Mən dəfələrlə bir fikri qeyd edirəm, bir daha demək istəyirəm: Mən tam əminəm və bilirəm, Azərbaycan xalqı da tam əmindir ki, əgər ölkəmiz üçün həlledici illərdə - 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Heydər Əliyev Azərbaycanda rəhbərlikdə olsaydı, bir qarış torpaq işğal altına düşə bilməzdi. Məhz ona görə erməni lobbisi, - bu mənfur qurum bütün səylərini Heydər ƏIiyevin neytrallaşdırılmasına yönəltmişdi. Əfsuslar ki, buna nail oldu. Əfsuslar olsun ki, bu çirkin kampaniyada o vaxt burada, Azərbaycanda milli satqınlar da iştirak etmişlər. "Beşinci kolon" o vaxt da var idi, əfsuslar olsun ki, bu gün də vardır. Onların sayı çox azdır, amma vardır. Bu gün də müstəqil ölkəyə zərbə vurmaq, ölkəmizi ləkələmək, ölkəmizin imicinə xələl gətirmək onların peşəsidir. Antimilli qüvvələr qınaq obyektinə çevrilir. Azərbaycan cəmiyyəti bu qüvvələri rədd edir və biz heç vaxt imkan vermərik ki, Azərbaycanın müstəqilliyinə, suveren inkişaf haqqına kimsə müdaxilə etsin.
Son doqquz ildə Azərbaycan xarici siyasət sahəsində böyük uğurlara imza atmışdır. Bizim dostlarımızın sayı artmaqdadır. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, bərabərhüquqlu münasibətlər qura bilmişik. Bu, bizim yanaşmamızdır. Bu ədalətli yanaşmadır. Biz beynəlxalq hüquq normalarına hörmətlə yanaşırıq və bütün ölkələri buna dəvət edirik. Bir sözlə, regionda, bölgədə nüfuzumuz artır. Azərbaycanın iştirakı olmadan nə iqtisadi sahədə, nə də siyasi sahədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Azərbaycan bölgənin mərkəzidir, ən qüdrətli, ən dinamik inkişaf edən dövlətdir. Biz bundan sonra da ikitərəfli formatda bütün ölkələrlə ancaq bərabərhüquqlu münasibətlərin inkişafına çalışacağıq. Mən çox şadam ki, bu prinsipləri bölüşən ölkələrin sayı həddindən artıq çoxdur və bir sözlə, dostlarımızın sayı artır. Bütün bu uğurların təməlində ulu öndərin siyasəti dayanır. Çünki 1993-cü ildə və ondan sonra inkişafımızın əsas istiqamətləri məhz onun təşəbbüsü ilə müəyyən edilmişdir. İstər xarici, istər daxili siyasətlə bağlı siyasi və iqtisadi islahatlar onun dünyagörüşü, onun fəlsəfəsi və uzaqgörənliyi sayəsində formalaşmışdır. Biz bu istiqamətlər üzrə irəliyə gedirik. Biz bu ana xətdən kənara çıxmırıq. Ancaq eyni zamanda, əlbəttə ki, əvvəlki dövrün təcrübəsini təhlil edərək biz irəli gedirik. Bu da təbiidir. Hər bir cəmiyyət inkişaf etməlidir. Azərbaycan cəmiyyəti də inkişaf edir. Ancaq müəyyən edilmiş istiqamətlər, strategiya üzrə. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır. Biz siyasətimizi vahid strategiya və konsepsiya əsasında qururuq. Bugünkü Azərbaycan reallıqları bir daha sübut edir ki, seçdiyimiz yol düz yoldur. Biz bu yol ilə gedəcəyik. Bu yolu Heydər Əliyev siyasəti işıqlandırır. Biz bu yola sadiqik. Əminəm ki, bundan sonra da bu yolda bizi ancaq və ancaq uğurlar gözləyir. Sağ olun."
Son illərdə Azərbaycanda həyata keçirilən siyasi-iqtisadi islahatlardan danışan Prezident İlham Əliyev ölkədə demokratikləşmə prosesinin sürətlə getdiyini diqqətə çatdırdı. İqtisadi sahədə əldə olunan mühüm nailiyyətlərdən danışan dövlətimizin başçısı bildirdi ki, bu uğurları beynəlxalq maliyyə qurumları da təsdiqləyir. Təsadüfi deyildir ki, indi Azərbaycan güclü iqtisadiyyata və güclü orduya malikdir. "Biz heç vaxt imkan vermərik ki, Azərbaycanın suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin", - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada artan nüfuzundan danışdı.
Sonra dünya memarlığının nadir incilərindən olan Heydər Əliyev Mərkəzindən bəhs edən film nümayiş olundu.
Filmdə Mərkəzin yaradılması ideyası, bu istiqamətdə həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının rəmzinə çevriləcək nadir memarlıq kompleksinin əhəmiyyətindən bəhs olunur. Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirildi.
Mərasimdə çıxış edən Fondun Prezidenti Mehriban xanım Əliyeva Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə təbriklərini çatdırdı və bu binanı ulu öndərin xatirəsini yaşadan abidə adlandırdı. Mehriban xanım Əliyeva çıxışında Heydər Əliyev Fondunun fəaliyyətindən danışdı, rəhbərlik etdiyi təşkilatın bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini dedi. Birinci xanım Mehriban Əliyeva bu yaxınlarda Bakıda keçiriləcək "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin uğurla başa çatması üçün Heydər Əliyev Fondunun imkanlarını əsirgəməyəcəyini dedi.
Daha sonra Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi böyük dəstəyə görə Litva Respublikasının Azərbaycandakı səfiri Kestutis Kudzmanas Fondun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olundu. Eyni mükafat beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyevə də təqdim edildi. Sonra mərasim konsert proqramı ilə davam etdi.