Azərbaycanın dünya birliyindəki mövqeləri əhəmiyyətli şəkildə güclənir
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərə gəlib.
Dövlətimizin başçısının şərəfinə Çikaqo şəhərinin "O Hare" Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevi ABŞ-ın rəsmi şəxsləri qarşılayıblar.
NATO-nun Sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq bildirildi, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də həmçinin Sloveniya Respublikasının Baş naziri Yanez Yanşa ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin son dövrlərdə inkişafından məmnunluq ifadə olundu. Azərbaycan-Sloveniya əlaqələrinin iqtisadi, xüsusilə də enerji, sərmayə qoyuluşu sahələrində və müxtəlif layihələrdə birgə iştirakı baxımından əhəmiyyəti qeyd edildi. Tərəflər ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində daha da genişlənməsinin yaxşı potensialı olduğunu vurğuladılar.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı. Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə də görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı. Siyasi sahədə əlaqələrimizin möhkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirildi. Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Mayın 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının görüşü olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib. Dövlətimizin başçısı görüşdə çıxış edib.Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.