PDF Oxu

Siyasət

  • 8

İnkişafın milli formulu: Azərbaycan iqtisadiyyatının dünyaya inteqrasiyası

İnkişafın milli formulu: Azərbaycan iqtisadiyyatının dünyaya inteqrasiyası

Bu gün dünya iqtisadi analitika institutlarının postsovet məkanı ilə bağlı belə bir konseptual yanaşması mövcuddur. Regionun inkişaf etmiş dövlətlərindən biri kimi Azərbaycan 2000-2010-cu illər ərzində ən yüksək artım templəri nümayiş etdirən və mütərəqqi islahatlara qətiyyətli yanaşan ölkədir. Bu qiymətləndirmə metodologiyası əsil real makroekonomikanın dərin təhlilinə əsaslanır və heç bir tərəddüd etmədən Azərbaycanın inkişafının dünya üçün qəbul olunduğunu təsdiqləyir. İqtisadiyyatın modernizasiyası üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının başlıca tələblərindən biri olan özəlləşdirmə siyasətinin aparılması, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran proqramların icra olunması, özəl bölmənin iqtisadiyyatda aparıcı mövqeyinin təmin edilməsi, orta təbəqənin formalaşması üçün dövlətin geniş imkanlar yaratması hazırkı inkişafın əsas makroiqtisadi uğurları sayıla bilər.

Azərbaycanın yüksək inkişaf indikatorlarını davam etdirərək keyfiyyətcə yeni iqtisadi fazaya daxil olduğuna diqqət çəkən ABŞ dövlət katibinin sabiq müavini Riçard Armitac bu qənaətdədir ki, son illərdə ölkəmizdə baş verən dəyişikliklər heyranedicidir, ölkədə hər sahədə inkişaf var. Cənab Armitac bu nailiyyətləri Prezident İlham Əliyevin apardığı effektiv siyasətin nəticəsi kimi dəyərləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının davamlı uğurlarını təmin edib. Azərbaycan 2008-ci ildə dünyada iqtisadi inkişaf tempinə görə, lider dövlət kimi adını tarixə yazdırdı. Bu inkişaf davamlı oldu və 2009-cu ildə də respublikamız inkişaf göstəricilərinin səviyyəsinə görə regionda liderliyini qoruyub saxladı. 2008-2009-cu illəri dünya iqtisadiyyatında böhran resessiyalarının ən gərgin dövrü olduğunu nəzərə alsaq, bu illərdə ölkəmizin dünya üzrə ən yüksək artım templəri nümayiş etdirməsi düşünülmüş uzaqgörən siyasətin təntənəsi sayıla bilər.

Bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti bu sahədə əhəmiyyətli dönüş yaratmağa nail olub. Keçid iqtisadiyyatının əsas istiqamətlərindən sayılan dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi, azad sahibkarlığın inkişaf etdirilməsi, bazarın infrastrukturunun bütün seqmentlərinin formalaşması, maliyyə sektoruna nəzarətin gücləndirilməsi, yeni vergi-gömrük rejiminin yaradılması və təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırması ilə bağlı mühüm islahatlar həyata keçirilib. Planlı təsərrüfat dövründə dövlətin tabeçiliyində olan torpaq mülkiyyəti kəndlilərə verilib ki, bu sahədə respublikamız MDB-də ilk islahat aparan ölkə hesab olunur. Digər sahələrdə də özəlləşdirmənin həyata keçirilməsi nəticəsində özəl bölmənin çəkisi iqtisadiyyatda əhəmiyyətli dərəcədə artıb.

Azərbaycanda iqtisadiyyatın modernizasiyası üçün təxirəsalınmaz tədbirlərin aparılması, bazar iqtisadiyyatının bütün başlıca tələblərinin inkişafını sürətləndirən sistemli və əhatəli siyasətin həyata keçirilməsi, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran proqramların icra olunması, özəl bölmənin iqtisadiyyatda aparıcı mövqeyinin təmin edilməsi, orta təbəqənin formalaşması üçün dövlətin geniş imkanlar yaratması və digər faktorlar keçid dövrünün sona çatması və yeni inkişaf dövrünün start götürməsinə əhəmiyyətli zəmin yaradıb.

Azərbaycan hökuməti ölkənin dinamik inkişafı üçün bazar iqtisadiyyatının bütün başlıca komponentlərinə böyük diqqət ayırıb və iqtisadiyyatın liberallaşmasına geniş üfüqlər açıb. Hökumət iqtisadiyyatdakı rolunu effektli yerinə yetirməklə yanaşı, investisiya siyasətini təşviq edib, iqtisadi islahatların sosialyönümlülüyünü təmin edə bilib. Bazar iqtisadiyyatının elementlərinin effektiv şəkildə yerinə yetirilməsi iqtisadi idarəetmənin sistemliliyini və səmərəliliyini artırıb. İqtisadi idarəetmə sistemində institutsional dəyişikliklərin başa çatdırılması, iqtisadiyyatın təkmilləşdirilməsi və yeni təkamül mərhələsinə qədəm qoyması və digər indikatorlar Azərbaycanın keçid iqtisadiyyatını arxada qoymasını şərtləndirib. Dünyanın ən nüfuzlu siyasi liderlərinin fikrincə, bu gün Azərbaycan inkişaf edən dövlət kimi öz milli təhlükəsizliyini təmin edən, regionda iqtisadi inteqrasiyanı genişləndirən ölkədir. Ən nəhəng strategi tədqiqat institutlarının, Avropa və Amerikanın , enerji siyasəti üzrə nüfuzlu analitiklərinin yekdil bir mövqeyi mövcuddur. Azərbaycan Şərqi Avropanı Mərkəzi Asiya ilə birləşdirən Cənubi Qafqaz regionunda yerləşməklə, Avrasiyanın ən mühüm "geosiyasi dayaq nöqtələri"ndən biridir.Azərbaycan regionda geocoğrafi strateji məkan kimi sabitləşdirici və əlaqələndirici tranzit nöqtəsidir. Qərb ölkələri birmənalı şəkildə etiraf edir ki, Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu müstəsna məkandır və Azərbaycanın bu prosesdə başlıca rol oynayan regionunun flaqmanıdır.

ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovard Azərbaycanı Qafqazın ən əhəmiyyətli ölkəsi adlandıraraq, respublikamızın çoxşaxəli, strateji və balanslaşdırılmış xarici siyasət həyata keçirdiyini bəyan edib. Bu gün Avropa dövlətlərinin yanacaq təminatını həll edəcək layihələrin mərkəzi nöqtəsi Azərbaycandır. AB ölkələrinin karbohidrogen resurslarının təminatının yeganə mənbəyi Xəzər dənizi, daha dəqiq desək, Azərbaycandır. Respublikamızın enerji resurslarının dünya bazarlarına çatdırılmasında 3 neft, 4 qaz kəməri mövcud olsa da, ölkəmizin zəngin neft və qaz ehtiyatlarının həcminin artması yeni ixrac marşrutlarının yaradılmasını da zəruri edir. Prezident İlham Əliyevin yürütdüyü xarici iqtisadi siyasət ölkəmizin ümumi iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla onün bütün istiqamət və konturlarını özündə əks etdirir. Bu siyasət Azərbaycanın iqtisadi tərəqqisi və dünya düzənində köklü mövqeyimizin möhkəmlənməsi üçün xarici əlaqələrin strukturunun genişlənməsinə, yerli ixracatçılar üçün güclü dövlət dəstəyinin təmin edilməsinə və xarici kapitalın ölkəyə cəlb edilməsinin daha da aktivləşməsi üçün biznes mühitinin təkmilləşdirilməsinə istiqamətlənib.

Azərbaycanın xarici siyasət kursu genişkomponentli, genişdiapazonlu balanslaşdırılmış təməllərə söykənən müstəvidə və tarazlı kursa uyğun müəyyən olunub. Bu kurs müəyyənləşdirilərkən, ilk növbədə bütün tərəflərlə bərabər və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji kursu qoruyub saxlamağa üstünlük verildi. Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş davamlı siyasi strategiyanın təməl prinsiplərindən biridir. Ötən illər ərzində Azərbaycanın regionda balanslaşdırılmış xarici siyasət kursu bir qədər də möhkəmlənərək, həm postsovet ölkələri, həm də Avropanın, Asiyanın, Amerikanın, eləcə də, Afrika və Yaxın Şərq dövlətləri ilə səmimi münasibətlərin qurulmasında mühüm rol oynayıb. ABŞ, Türkiyə, Rusiya, Ukrayna, İran, Gürcüstan, Fransa, Almaniya, İtaliya, Rumıniya və digər ölkələrlə əlaqələrdə dinamizmin keyfiyyət baxımından zənginləşməsi bu tendensiyanın hakim olmasını göstərir.

Balanslaşdırılmış xarici siyasətin əsas meyarlarının Azərbaycan dövlətinin bütün ölkələrlə sülh şəraitində yaşaması, problemlərin dinc yolla həlli, başqa dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi və beynəlxalq təşkilatlarda təmsil olduğu vurğulanan məqalədə qeyd edilir ki, rəsmi Bakı regional və beynəlxalq əlaqələrdə aşağıdakı prinsiplər üzrə hərəkət edəcəyini müəyyənləşdirmişdir. Bunlar, dövlətlərin qarşılıqlı surətdə bir-birinin müstəqilliyinə, siyasi, sosial və iqtisadi inkişaf strategiyasına hörmətlə yanaşılması, dövlətlərin sərhədlərinin zorla dəyişdirilməsinə, müstəqilliklərinin təhlükə altında olmasına izn verilməməsi, bununla bağlı meydana çıxan problemlərin sülh yolu ilə həll olunması, ikitərəfli sazişlərdə nəzərdə tutulan beynəlxalq hüquq normalarına əməl olunması, terror və dövlətlərin təhlükəsizliyini təhdid edən digər amillərə qarşı birgə mübarizə aparılması, qlobal problemlərin həllində birgə səylər göstərilməsidir.


"Səs" Analitik qrupu

Digər xəbərlər