PDF Oxu

Siyasət

  • 7

Dünya liderləri Prezident  İlham Əliyevi təbrik edirlər

Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər

Dünya dövlətlərinin liderləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edirlər. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün dost Azərbaycan xalqı dövlət quruculuğunda, iqtisadiyyatın və sosial sahənin inkişafında, beynəlxalq arenada sanballı uğurları ilə haqlı olaraq fəxr edə bilər.

Əminəm ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının firavanlığına şərait yaradacaqdır. Belarus ölkələrimiz arasında əməkdaşlıqda əldə edilmiş səviyyəni yüksək qiymətləndirir. Sizin Belarus Respublikasına rəsmi səfəriniz Belarus ilə Azərbaycanın çoxplanlı strateji tərəfdaşlığına yeni güclü təkan verəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, yeni quruculuq uğurları, qardaş Azərbaycan xalqına isə sülh, səadət və firavanlıq diləyirəm".

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Türkmənistan xalqı və hökuməti adından, habelə şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bizə dost olan ölkənizin xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əmin olduğumu bildirirəm.

Fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh, səadət və firavanlıq arzulayıram".

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının milli bayramı münasibətilə səmimi təbriklərimi qəbul edin.

Respublikamız hərtərəfli Tacikistan-Azərbaycan əməkdaşlığının durmadan inkişaf etməsinə çox böyük əhəmiyyət verir və bu əməkdaşlığın daha konkret məzmuna malik olmasının tərəfdarıdır.

Əminəm ki, biz birgə səylərimizlə Tacikistanın və Azərbaycanın əsas mənafelərinə uyğun olan tərəfdaşlıq münasibətlərinin və sıx qarşılıqlı əlaqələrin mövcud potensialına müsbət təkan verməyə nail olacağıq. Ümid edirəm ki, qarşıdakı görüşlərimiz bu istiqamətdə yeni birgə addımlar atmağımıza imkan verəcəkdir. Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzularımı bildirmək istəyirəm".

İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd etdiyimiz bir zamanda Respublika Günü münasibətilə bir daha dost Azərbaycan xalqına sülh, rifah və əmin-amanlıq arzu edirəm. Mən qürur duyuram ki, ötən illər ərzində Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq münasibətləri sıx olmuşdur. Əminəm ki, bu əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlər çərçivəsində gələcəkdə daha da genişlənəcəkdir. Ölkələrimizi birləşdirən dostluq ruhunda Sizə və Sizin şəxsinizdə xalqınıza rifah arzu edirəm".

BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,

Milli bayram - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Ölkənizin zəngin mədəniyyətini və qədim tarixini qeyd etmək üçün bu, bir imkandır. Bu, həm də Azərbaycanın qarşılıqlı əlaqəli olan dünyamızda oynadığı rol haqqında ətraflı düşünmək üçün bir şansdır.

Azərbaycanın ümumi problemlərimizin həllinə kömək edən BMT-dəki iştirakını yüksək qiymətləndirirəm. İstədiyimiz gələcəyi yaratmaq üçün qlobal gündəliyimizə beş məsələ daxildir: davamlı inkişafı təşviq etmək, daha təhlükəsiz dünya yaratmaq, böhranların qarşısını almaq, keçid vəziyyətində olan ölkələrə kömək etmək və dünya qadınları və gəncləri üçün daha çox iş görmək.

Əminəm ki, bu məsələləri qaldırmaq üçün biz təşkilatımızı gücləndirməliyik. Dünya əhalisi üçün daha çevik, təsirli və səmərəli BMT çox vacibdir. Mən bütün insanların daha ədalətli, dinc və çiçəklənən gələcəyi üçün axtarışlarımızda Azərbaycanın köməyini, sadiqliyini və liderliyini yüksək qiymətləndirirəm.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan ictimai həyatın bütün sahələrində sistemli islahatları uğurla həyata keçirməklə, regionda və dünyada öz nüfuzunu artırmaqla, dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəliləyir. Dövlətlərimiz arasında dostluğun inkişafına, ikitərəfli qarşılıqlı əlaqələrin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi Ukraynada yüksək qiymətləndirirlər. İnanıram ki, Azərbaycan Respublikası ilə hərtərəfli, o cümlədən energetika, aerokosmik sahə, aqrar-sənaye kompleksi kimi mühüm istiqamətlərdə əməkdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Yaponiyanın İmperatoru Akihito Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı diləyir, xalqınıza rifahı və ölkənizin çiçəklənməsi üçün ən xoş arzularımı çatdırıram".

İki Müqəddəs Məscidin xadimi, Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu

Hörmətli Prezident,

Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından Zati-alinizə ən səmimi təbriklərimizi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına inkişaf və çiçəklənmə arzu edirik".

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. AzərTAc-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident!

Respublika Günü münasibətilə Sizə və xalqınıza həm öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram. Bu il biz ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünü qeyd edirik. Bu yubiley ölkələrimiz arasında birgə maraqlar və qarşılıqlı ehtiram zəminində qurulan əlaqələrimizi daha da genişləndirmək və dərinləşdirmək üçün fürsətdir.

Almaniya Azərbaycanı Avropaya inteqrasiya yolunda gələcəkdə də var qüvvəsi ilə dəstəkləyəcəkdir. Bu məsələdə dövlətin daxili inkişafı, onun Avropa dəyərlərinə və normalarına inteqrasiyası tərəfdaşlar arasında dialoqun əsas tərkib hissəsidir.

Sizə uğurlar, habelə Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".

Digər xəbərlər