PDF Oxu

Siyasət

  • 6

Naxçıvan özünün ən uğurlu inkişaf dövrünü yaşayır

Naxçıvan özünün ən uğurlu inkişaf dövrünü yaşayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. Dövlətimizin başçısı fəxri qarovul dəstəsinin önündən keçdi. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşdü. Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Dünən akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikası istifadəyə verilib. Prezident İlham Əliyev tibb müəssisəsinin açılışında iştirak edib. Dövlətimizin başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verdi ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də akademik Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasıdır. Bildirildi ki, bu səhiyyə ocağı 1921-ci ildə Naxçıvan şəhər xəstəxanasının nəzdində yaradılmış və ambulatoriya kimi fəaliyyətə başlamış, 1930-cu ildə isə mərkəzi poliklinikaya çevrilmişdir. 1972-ci ildə isə şəhər xəstəxanasından ayrılaraq Naxçıvan şəhər poliklinikası kimi fəaliyyət göstərmişdir. Poliklinika 1990-cı ildən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.

Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olmuş, Zərifə xanım Əliyevanın büstünün və xatirəsinə həsr olunmuş guşənin açılış mərasimində iştirak etmişdir.

Diqqətə çatdırıldı ki, poliklinikanın altımərtəbəli binasında yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır. Foyedə akademik Zərifə xanım Əliyevanın büstü qoyulmuş, həyat və fəaliyyətini əks etdirən maraqlı fotolar, həmçinin tanınmış insanların görkəmli oftalmoloq alim haqqında söylədikləri fikirlər yer almışdır. Zərifə xanım Əliyeva haqqında kitablar da böyük maraq doğurur.

Qeyd olundu ki, poliklinikada Naxçıvan şəhərinin 66,2 min sakininə xidmət göstərən 12 sahə terapevti fəaliyyət göstərir. Poliklinikaya laboratoriya üçün avtoanalizatorlar, rentgen, elektrokardioqrafiya, ultrasəslə müayinə aparatları, lor və cərrahiyyə üçün müayinə, eləcə də cərrahi alətlər dəsti, göz kabineti üçün şirim lampası, binokulyar lupa, oftalmoskop və digər zəruri avadanlıq verilmişdir. Burada 37 həkim, 56 orta tibb işçisi və 31 kiçik tibb işçisi vətəndaşlara xidmət göstərir. Tibb ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev poliklinikanın kollektivinə uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəisi general-leytenant Asəf Məmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Naxçıvan Şəhər Gömrük İdarəsi 2001-ci ildə yaradılmışdır. Qurum bu vaxtadək uyğunlaşdırılmış binada fəaliyyət göstərmişdir. Tikintisinə ötən il başlanılan Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binası ən müasir avadanlıqla təchiz edilmişdir. Üçmərtəbəli bina gömrük orqanlarının tanınma nişanında əksini tapan açar formasında inşa olunmuşdur. Burada xidməti otaqlar, server və tədris otaqları, arxiv vardır. Müşahidə otağında quraşdırılan 22 nəzarət kamerası ilə eyni vaxtda müşahidə aparmaq mümkündür. Binadakı iclas, konfrans və akt zalları da müasir tələblər səviyyəsində yaradılmışdır. Elektron lövhələr, proyektorlar və digər informasiya texnologiyaları qurğuları ilə təchiz edilən bu zallarda müxtəlif beynəlxalq görüşlərin, seminarların və tədbirlərin keçirilməsi üçün geniş imkanlar vardır. İnzibati binada gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə, texniki nəzarət vasitələri, həmçinin statistika və informasiya texnologiyaları bölmələri yerləşir. Dövlətimizin başçısına inzibati binanın birinci mərtəbəsində yaradılan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi bölməsindəki şərait barədə məlumat verildi. Bildirildi ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi "bir pəncərə" prinsipi ilə həyata keçiriləcəkdir. Bölmədə gömrük işçiləri, brokerlər, dövlət yol polisinin və notariat xidmətinin əməkdaşları fəaliyyət göstərir. Bundan başqa, burada bank filialı vardır və post-terminal quraşdırılmışdır. Bölmədə yaradılan şərait vətəndaşa cəmi 20 dəqiqə ərzində avtomobilinin rəsmiləşdirilməsini tam yerinə yetirməyə imkan verir. Bu, ilk növbədə insanların rahatlığı, digər tərəfdən isə şəffaflıq baxımından böyük əhəmiyyət kəsb edir. Bölmədəki xüsusi məlumat köşkündə isə vətəndaşlar gömrük bəyannaməsi yaza, çap edə və gömrük ödənişlərinin eyniləşdirilməsi nömrəsi, qanunvericilik aktları barədə Azərbaycan, ingilis və rus dillərində ətraflı məlumat əldə edə bilərlər.

Prezident İlham Əliyev idarənin laboratoriyası ilə tanış oldu.

Bildirildi ki, yeni inşa olunmuş gömrük laboratoriyası da ən yüksək standartlara cavab verir. İkimərtəbəli binada laborator analizlərin götürüləcəyi ayrıca bölmələr və xidməti otaqlar inşa olunmuşdur. İkinci mərtəbədə laborator analizlərin aparılacağı spektrometriya, atom absorbsiya, nümunə və mühitlərin hazırlanması, bakterioloji əkin, inkubasiya, mikroskopiya, avtoklavlama və yuma, xromatoqrafiya, radioloji, fiziki-kimyəvi tədqiqat otaqları, mikrobioloji laboratoriya fəaliyyət göstərir. Burada Cənubi Qafqazda yeganə olan geni dəyişdirilmiş malların təyini və mikrobioloji laboratoriyası yaradılmışdır. Avropanın və ABŞ-ın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqla təchiz edilən laboratoriyalar beynəlxalq sertifikata malikdir. Diqqətə çatdırıldı ki, idarənin həyətində geniş abadlıq işləri görülmüş, yaşıllıq zolaqları salınmışdır.

Naxçıvan Şəhər Gömrük İdarəsində yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Prezident İlham Əliyev mayın 30-da muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan sement zavodunun açılışında iştirak edib.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.

Azərbaycan Prezidenti əvvəlcə zavodun sxemini, istehsal prosesini, xammal və hazır məhsulların nümayiş olunduğu stendə baxdı. Məlumat verildi ki, son illər Naxçıvan Muxtar Respublikasında yenidənqurma və tikinti işləri geniş vüsət aldığından inşaat materiallarına da tələbat getdikcə artır. Bu baxımdan yeni sement zavoduna kəskin ehtiyac yaranmışdır. Müəssisənin inşası məqsədilə mütəxəssislər əvvəlcə təbii sərvətlərlə zəngin olan muxtar respublikada sement istehsalı üçün xammal mənbələrinin müəyyən edilməsi məqsədilə geoloji axtarış işlərinə başlamışlar. Müvafiq yataqlar aşkar olunduqdan və xammalın tərkibi öyrənildikdən sonra Kəngərli rayonunda 150,6 hektar ərazidə yeni sement zavodu tikilmişdir. Nəticədə son 20 ildə muxtar respublikada investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri reallaşdırılmışdır.

Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldı. Sonra dövlətimizin başçısı avtobusla zavodun ərazisini gəzdi. Məlumat verildi ki, müəssisədə istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları istifadəyə verilmişdir. Burada kompleks abadlıq və yaşıllaşdırma tədbirləri reallaşdırılmışdır. Müasirliyi ilə diqqəti cəlb edən yeməkxanada hər cür şərait yaradılmışdır. Müəssisənin elektrik enerjisi ilə etibarlı təchizatı üçün ayrıca 110-35-10 kilovoltluq yarımstansiya quraşdırılmışdır. Naxçıvan-Sədərək magistralından zavoda iki kilometr uzunluğunda asfalt-beton örtüklü yeni avtomobil yolu çəkilmişdir. Naxçıvan sement zavodu Azərbaycanın sənaye potensialının daha da möhkəmləndirilməsinə böyük töhfədir.

Prezident İlham Əliyevə bildirildi ki, yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq zavodun məhsulları Avropa tələblərinə uyğun "CE" keyfiyyət nişanına layiq görülmüşdür. Beynəlxalq ekspertlər qiymətləndirmə zamanı zavodda quraşdırılan avadanlığın və keyfiyyətə nəzarət cihazlarının müasirliyi, əməyin və ətraf mühitin mühafizəsinə maksimum həssaslıqla yanaşılmasını əsas götürmüşlər. Zavodda istehsal xəttinə daxil olan xammal, qatqı maddələri, istehsal edilən klinkerin, sementin fiziki və kimyəvi keyfiyyətinə nəzarət müasir avadanlıqla təchiz olunmuş laboratoriyada həyata keçirilir. Bununla yanaşı, saatda bir dəfə istehsal xəttindən nümunələr alınaraq kimyəvi, fiziki və mexaniki analizlər aparılır. Həmin analizlərin nəticələri zavodun arxivində saxlanılmaqla yanaşı, istehlakçılara da təqdim olunur. Zavodun yüksək keyfiyyəti ilə seçilən məhsulları Bakıda, ölkəmizin rayonlarında və Gürcüstanda artıq satışa çıxarılmışdır. Yaxın vaxtlarda müəssisədə yeni növ məhsulların istehsalı, eləcə də yerli və beynəlxalq keyfiyyət sertifikatlarının alınması nəzərdə tutulmuşdur.

Bildirildi ki, insan amili və keyfiyyətin başlıca meyar kimi götürüldüyü müəssisədə texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğından mühafizə qaydalarına xüsusi diqqət yetirilir. Naxçıvan sement zavodu ilə yaxından tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivinə uğurlar arzuladı. Mayın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamo Abdullayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı mərkəzin inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi. Prezident sinif otağında yaradılmış şəraitlə tanış oldu. Burada fövqəladə hallar zamanı vəziyyətin idarə olunması ilə bağlı təlimatlar verilir, əyani vəsaitlərdən istifadə qaydaları öyrədilir.

Sonra dövlətimizin başçısına nazirliyin "112" qaynar telefon xətti ilə bağlı məlumat verildi. Burada quraşdırılmış ən müasir avadanlıq fövqəladə hallar zamanı vaxtında məlumatın alınmasını təmin edir.

Məlumat verildi ki, səkkizmərtəbəli binanın ümumi sahəsi 7592,2 kvadratmetrdir. Burada 103-ü xidməti, 56-sı isə yardımçı olmaqla 159 otaq vardır. Binada Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin idarəetmə zalı yaradılmışdır. Bu mərkəzin istifadəyə verilməsi fövqəladə halların qarşısının alınmasında daha səmərəli nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. Zal muxtar respublika ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlarla birlikdə baş vermiş hadisənin təhlil edilməsi və həlli üzrə qərarların qəbulu üçün nəzərdə tutulmuşdur. İdarəetmə zalı hadisə yerini birbaşa izləmək üçün monitorla təchiz edilmişdir. Burada videokonfrans əlaqəsi qurmaq üçün cihazlar, baş verən hadisəni böyük monitorda izləmək üçün 15 fərdi monitor, mikrofon səs sistemi və 16 rabitə cihazı, elektron kürsü quraşdırılmışdır.

Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlib.

Dövlətimizin başçısı rayonun mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında ümummilli liderin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyev burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Kəngərli rayon sakinləri adından çıxış edən Qarabağlar kənd 2 nömrəli orta məktəbin müəlliməsi Minurə Bayramova dövlətimizin başçısına minnətdarlığını çatdırdı. Sonra Azərbaycan Prezidenti parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsdi. Bildirildi ki, mədəniyyət evinin binası müasir görkəmi ilə diqqəti cəlb edir. Sahəsi 1743 kvadratmetr olan ikimərtəbəli binanın inşası zamanı milli ornamentlərdən də geniş istifadə olunmuşdur. Son illərdə Azərbaycanda mədəniyyətin inkişafı və təbliği ilə bağlı həm ölkə rəhbərliyi, həm də Heydər Əliyev Fondu tərəfindən mühüm tədbirlər həyata keçirilir. Kəngərli rayon mədəniyyət evinin inşası da mədəni irsimizin inkişafı istiqamətində bölgələrdə də xeyli işin görülməsini təsdiq edir. Dövlətimizin başçısı binada yaradılmış şəraitlə yaxından tanış oldu.

Daha sonra Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, 5 hektar ərazini əhatə edən parkda əhalinin mənalı istirahəti üçün hər cür şərait yaradılmış, yaşıllıqlar salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Burada fəvvarə, müasir dizaynda oturacaqlar quraşdırılmış və istirahət guşələri, uşaq oyun parkı inşa edilmişdir. Maraqlı attraksionlar, əyləncəli oyunlar uşaqların istirahətinin ən yüksək səviyyədə təşkilinə imkan verir. Parkda müasir işıqlandırma və suvarma sistemləri yaradılmışdır. Rayonun mərkəzindəki parkın ətrafında əhaliyə xidmət edən bir sıra dövlət strukturlarının inzibati binaları və iaşə obyektləri də yerləşir. Dövlətimizin başçısı Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

Dünən həmçinin Prezident İlham Əliyev Kəngərli rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qərargah binasının açılışında iştirak edərək əsgər yataqxanası, yeməkxanası və məişət kompleksi ilə tanış olub. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi. Hərbi hissənin ərazisi ilə tanış olan Ali Baş Komandana məlumat verildi ki, qərargahın üçmərtəbəli yeni binası bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Hərbi hissənin ərazisində geniş yaşıllaşdırma və abadlıq işləri aparılmışdır. Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilmişdir. Dövlətimizin başçısı qərargah binasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış oldu.

Qərargahın birinci mərtəbəsinin foyesində hərbi hissənin döyüş bayrağı mühafizə olunur. Burada hərbi hissənin zabit heyəti üçün iş otaqları və istirahət guşəsi yaradılmışdır. Qərargahın ikinci mərtəbəsində hərbi hissənin döyüş yolunu əks etdirən guşə də vardır. Bu mərtəbədə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyətinin strateji əhəmiyyəti barədə fikirlərini əks etdirən stend quraşdırılmışdır. Stenddə ümummilli liderin 1999-cu ilin oktyabrında bu hərbi hissədə olması ilə bağlı fotoşəkillər nümayiş olunur. Qərargahın üçüncü mərtəbəsinin foyesində isə Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ordu quruculuğu sahəsinə diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır. Burada hərbi hissənin zabit heyəti üçün təlim sinifləri də fəaliyyət göstərir. Bu siniflərdə taktiki və planlaşdırma proqramları, döyüş əmrlərinin icrası ilə bağlı təlimlər keçirilir. Sonra dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, beşmərtəbəli binada əsgərlərin istirahəti üçün hər cür şərait vardır. Birinci mərtəbədə əsgərlərin döyüş ruhunun yüksəldilməsi məqsədilə Azərbaycanın xalq qəhrəmanlarının və tarixi abidələrimizin şəkilləri nümayiş etdirilir. Burada, həmçinin silah otağı, dəftərxana və digər inzibati otaqlar yerləşir. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə yaradılan guşələrdə isə onların yaradıcılıq nümunələri, divar qəzeti və hərbi qaydalar haqqında stendlər asılmışdır. İdeoloji otaqda isə hərbçilərin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, vətənpərvərlik ruhunun artırılması məqsədilə dərslər keçirilir. Sonra Prezident İlham Əliyev hərbi hissənin həyətində nümayiş olunan silah-sursat və hərbi texnikaya baxdı.

Daha sonra dövlətimizin başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldu. İkimərtəbəli binanın birinci mərtəbəsində əsgər çayxanası və istirahət guşəsi yaradılmışdır.

Dövlətimizin başçısı şəxsi heyətin gündəlik qida normasında istifadə edilən məhsullara baxdı. Qeyd olundu ki, şəxsi heyətin gündəlik qida normasında üstünlük daha çox yüksək keyfiyyətli yerli ərzaq məhsullarına verilir. Hərbi hissədə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi. Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəriciləri ilə bağlı məlumatları əks etdirən stendlə tanış oldu.

Məlumat verildi ki, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, regionlarda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir. Muxtar respublikada əsas strateji magistrallardan olan Naxçıvan-Culfa yolunun tikilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Bildirildi ki, uzunluğu 32,4 kilometr olan yol asfalt-beton örtüklüdür. Yolun torpaq hissəsinin eni 25, asfalt hissəsinin eni isə 17,2 metrdir. Dördzolaqlı yolun üzərində 103 suötürücü qurğu inşa olunmuşdur. İpək yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistralının çəkilməsi muxtar respublikaya yük daşımalarının həcminin artmasına geniş imkan yaradır. Tranzit imkanları yüksək qiymətləndirilən yol Culfa və Babək rayonlarını Naxçıvan şəhəri ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bir neçə il əvvəl Prezident İlham Əliyev regiona səfəri çərçivəsində muxtar respublikanı Türkiyə ilə birləşdirən Naxçıvan-Sədərək yolunun açılışında da iştirak etmişdi.

Prezident İlham Əliyev Naxçıvan-Culfa magistral yolunun rəmzi açılışını bildirən lenti kəsdi. Yolun açılış mərasimindən sonra dövlətimizin başçısı burada Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı mərasimdə çıxış etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada bütün sahələrdə əldə edilmiş nailiyyətlər barədə məlumat verdi və göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını çatdırdı. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi, yeni yolda avtomobili idarə etdi.

Digər xəbərlər