PDF Oxu

Siyasət

  • 34

Azərbaycan gənclər siyasəti və gəncliyin lideri

Azərbaycan gənclər siyasəti və gəncliyin lideri

Gənclik - insan həyatının ən qaynayan, ən coşqulu, ən həvəsli, ən cəsarətli, ən çılğın və nəhayət, ən enerjili dövrüdür. Həmin dövrdə insan artıq bir sıra ciddi qərarlar verməli, gələcək həyat istiqamətini seçməli və həyatda öz mövqeyini möhkəmləndirmək üçün səy göstərməli olur. Tarixən öz kəşfləri ilə bəşəriyyətə böyük töhfələr verən dahi şəxsiyyətlərin böyük əksəriyyəti bu kəşfləri elə məhz gənclik dövründə etmişlər.

İnsan həyatının çox mühüm mərhələsi hesab edilən gənclik dövründə həyatda öz layiqli mövqeyində qərarlaşmaq istəyən gənclər daim kumir axtarışında olurlar, onlar tarixən yaşamış, vətənə, xalqa, millətə xidmət göstərmiş, öz fəaliyyətləri ilə hər zaman dövlətimizin inkişafına, onun çiçəklənməsinə, xalqın rifahının yüksəlməsinə çalışmış, insanlardan örnək götürür, onların həyat fəaliyyətindən dəyərlənir, faydalanır, öz çıxışlarında onların fikir və ideyalarına istinad edir bu ideya və təfəkkürlərə arxalanaraq, irəli addımlayırlar. Hər bir millətin, xalqın tarixində hər zaman qürur duyduğu, fəxr etdiyi, daima böyük hörmət və məhəbbətlə xatırladığı, barəsində böyük ehtiram hissilə danışdığı, hər vaxt ruhuna, adına rəhmət dilədiyi dahi bir şəxsiyyətin, unudulmaz qəhrəmanın olması həmin xalqın xoşbəxtliyini özündə ehtiva edən bir amildir. Bu baxımdan, Azərbaycan xalqının nə qədər xoşbəxt olduğunu söyləmək böyük fəxrdir. Müqəddəs vətən torpağımız hər zaman vətənpərvərlik ruhunda böyümüş igid, mərd, cəsur, vətən övladlarının baş tacı, göz bəbəyi olmuşdur.

Elə bu məqamda çox böyük qürur və fəxarət hissi ilə qeyd etmək olar ki, Ulu Öndərin zəngin çoxşaxəli siyasi-ictimai dünyagörüşü, müdrik siyasəti, fundamental diplomatik və elmi-nəzəri biliyi, İlahidən gələn fitri istedadı, zəngin mənəvi dünyası, sahibi olduğu estetik dəyərləri, elitar mədəniyyəti, eyni zamanda, yüksək təşkilatçılıq qabiliyyəti biz gəncliyin müraciət edərək bəhrələnə və fayda götürə biləcəyimiz zəngin irsdir. Milli dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın dirçəldilməsi, milli ruhun, milli şüurun formalaşması, milli özünüdərkin və özünəqayıdışın çiçəklənməsi naminə Ulu Öndərin çəkdiyi zəhmət, etdiyi fədakarlıq, çıxışları zamanı səsləndirdiyi dəyərli, ibrətamiz fikirlər - bir sözlə onun bütün həyatı gənclər üçün əvəzsiz bir nümunədir. Müasir Azərbaycan tarixinə adını öz dəsti-xətti ilə qızıl hərflərlə həkk edərək, "qızılı" tarix yazan Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının, hər bir türkün şəksiz və şübhəsiz nümunə götürə biləcəyi, daima adını böyük qürur hissi ilə xatırlayacağı dahi şəxsiyyətdir.

Ulu Öndərin yürütdüyü uzaqgörən siyasətin ən mühüm istiqamətlərindən biri məhz gənclər siyasəti olmuşdur. Bu siyasi xəttin mühüm bir hissəsini idmana, gənclərin təhsilinə, gənc nəslin sağlam inkişafına yönələn qayğı və diqqət təşkil edir.1992-ci ildə Milli Olimpiya Komitəsinin yaradılması, 1996-cı ildən gənc idmançılarımızın beynəlxalq olimpiya oyunlarına qatılması və onların əldə etdiyi uğurlar sayəsində Azərbaycanın müsbət mənada tanınması, Onun barəsində xoş fikrin formalaşması mütərəqqi hadisə olaraq qəbul edilir. Ulu Öndərin yarışlara qatılması, gedən oyunlara canlı olaraq tamaşa etməsi də Onun gənclərə olan mənəvi və maddi dəstəyinin bariz nümunəsidir.

Əslində, igidlik - təkcə vətən uğrunda silaha sarılıb vuruşmaq deyil, o, həm də həyatın hər bir sahəsində, atılan hər bir addımda, verilən hər bir qərarda, əldə edilən hər bir uğurda vətən naminə, dövlət naminə çalışmaq, vətənin, millətin dəyərini uca tutmaq, bütün verilən qərarlarda vətəni, milləti, onun gələcək taleyini düşünmək, xalqın rifahının yüksəlməsinə səy göstərmək və xalqın, dövlətin mənafeyini istənilən şəxsi mənafedən uca tutmaqdır.

Onu çox zaman "xalqın xilaskarı" adlandırırlar, bəli, Ulu Öndər, həqiqətən, hər zaman xalqın dar günündə onun dadına çatan, bütün varlığı və mənəviyyatı ilə xalqın rifahı naminə çalışan, vətəni, xalqı üçün böyük itkilər verməyə hazır olan vətən oğlu olmuşdur. Heydər Əliyev nadir fitri istedada, siyasi məharətə, gözəl natiqlik bacarığına, zəngin dünyagörüşünə, iti zəkaya, yüksək mədəni səviyyəyə, fundamental elmi-biliklərə, çoxillik təcrübəyə malik bir azərbaycanlı olmuşdur. Onun hər iki rəhbərlik dövrlərində respublikamız çiçəklənmiş, qüvvətlənmiş və intibah mərhələsi yaşamışdır. Ulu Öndər hər zaman bütün dünyəvi-bəşəri məsələlərə eyni diqqət və qayğı ilə yanaşmış, uzaqgörən siyasətilə daim hər bir sahənin irəliləməsinə şərait yaratmışdır. Bu gün müstəqil Azərbaycanın dünya iqtisadiyyatı sistemində tanınmasında müstəsna rolu olan və iqtisadiyyatımızın inkişafında öz əhəmiyyəti ilə seçilən "Əsrin müqaviləsi" layihəsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Reallaşdırılması mümkünsüz sayılan müqavilənin həyata keçirilməsi üçün Ulu Öndər çox cəhdlər göstərmiş və nəhayət, qeyri-real görünən bu layihənin reallaşdırılmasına nail olmuşdur. Yalnız bundan sonra otuzdan çox iri neft şirkəti "Azəri-Çıraq-Günəşli" neft yataqlarında olan neft ehtiyatının hasil edilməsi üçün investisiya yatırımları etmişdir. Daha sonra isə düşünülmüş uğurlu strategiyanın nəticəsi olaraq həm qazıntı aparılan neft quyularının sayı, həm də yatırılmış sərmayələrin miqdarı artmışdır.

Dahi Lider hələ SSRİ dövründə milli ideyalara vurğunluq, milli xüsusiyyətləri qoruyub saxlamaq, milli adət-ənənələri dirçəltmək niyyətini gizlətməmiş və milli dilin, ədəbiyyatın və milli incəsənətin inkişafı üçün hər cür şərait yaratmışdır. Bu taktiki siyasi gedişlər həmin dövrdə xalqda milli özünüdərki xeyli sürətləndirmiş, milli şüuru xeyli dərəcədə yetkinləşdirmişdir.

Gözəl natiqlik bacarığı olan Ümummilli Lider dərin məzmunlu çıxışlarında hər zaman demokratiya, fikir, söz, düşüncə, azadlığı məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulamışdır. H.Əliyevin demokratiya haqqında düşüncələrindən biri aşağıdakı kimidir: "Yeni Azərbaycanda demokratiya prinsipləri bərqərar olmalı, hər yerdə insan azadlığı təmin edilməli, insan haqları qorunmalı, vicdan azadlığı, din azadlığı təmin edilməlidir."

İxtisasca tarixçi-memar olan bu dahi şəxsiyyət öz ensiklopedik biliyinə və zəngin dünyagörüşünə əsaslanaraq, yeni bir "Azərbaycan qalası" ucaltmışdır. Bu gün biz gənclərin üzərinə düşən ən əsas, ən ümdə vəzifə "qalanın varisi" olaraq Ulu Öndərin qurub-yaratdığı bu "qalanı" qoruyub saxlamaq, onun adını uca tutmaq, bayrağını daim uca zirvələrdə dalğalandırmaq və bu prinsipləri reallaşdırarkən, Heydər Əliyev irsinə hörmətlə yanaşmaq, onu qorumaq, etdiyimiz bütün hərəkətlərdə, atdığımız bütün addımlarda, göstərdiyimiz bütün xidmətlərdə hər zaman Ulu Öndərdən nümunə götürmək, bu irsi göz bəbəyi tək qoruyaraq, heç bir təhrifsiz və ya səhvsiz gələcək nəsillərə ötürməkdir.

Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti, onun vəfatından sonra, Heydər Əliyev məktəbinin layiqli yetirməsi olan İlham Əliyev tərəfindən davam etdirildi. Olimpiya Komitəsinə Sədrlik etdiyi dövrdə idmanımızın qazandığı uğurlar, idmançılarımızın əldə etdikləri nailiyyətlər İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının, onlara verdiyi maddi və mənəvi dəstəyin məntiqli nəticəsidir. Prezident İlham Əliyevin hakimiyyəti illəri gənclər siyasəti, gəncliyə qayğı və dəstəyin kulminasiya nöqtəsidir. Ölkə başçısı daim gənclərlə görüşür, onlarla mütəmadi əlaqə saxlayır, müasir gəncliyin problemlərinin araşdırılması və həlli istiqamətində bir sıra əməli tədbirlər həyata keçirir. Bu gün ölkənin ictimai-siyasi həyatında gənclərin rolunun, mövqeyinin artması, savadlı, bacarıqlı gənclərin irəli çəkilməsi, gənclərin təhsili, işə qəbulu sahəsində şəffaflığın artırılması cənab Prezidentin məqsədyönlü gənclər siyasətindən xəbər verir.

Mən bir azərbaycanlı gənc olaraq bugünkü gəncliyi irsən malik olduğu liderlik bacarığı ilə öz ardınca apara bilən, müasir gəncliyin qayğıları ilə yaşayan onun sabahı ilə bağlı narahatçılıq keçirən, davranışı, aldığı tərbiyə ilə hər bir gəncə örnək olan, çox gənc olmasına baxmayaraq, bu cür ağır məsuliyyəti öz çiyinləri üzərinə götürən Leyla xanımı Xocalı faciəsi ilə bağlı çıxış edən zaman "kəşf etdim". Qısa müddətdə 30-dan çox ölkədə uğurla davam edən "Xocalıya ədalət" ("Justice for Khojali") kampaniyasının keçirilməsi, bununla bağlı tanıdıcı layihələrin təşkili, bəşəriyyətə həqiqətlərin çatdırılması bilavasitə Leyla xanımın adı ilə bağlıdır.

Azərbaycanın dünyaya tanıdılması, ölkəmiz haqqında müsbət fikrin, rəyin formalaşması naminə görülən tədbirlər sırasında Leyla xanımın səyilə keçirilən "Dünya gənclərinin humanitar forumu" xüsusi əhəmiyyət kəsb edən tədbirlərdəndir. Təsadüfi hal deyildir ki, Leyla xanım gənclərin beynəlxalq əlaqələrinin inkişafında və mədəniyyətlərarası dialoqda göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyinin "Fəxri gənc" mükafatı ilə təltif olunmuşdur.

Bütün bunlardan aşağıdakı məntiqi nəticəyə gəlmək olar ki, Ulu Öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin tam məsuliyyətilə davam etdirdiyi gənclər siyasəti Leyla xanım Əliyeva kimi bacarıqlı, zəngin dünyagörüşlü, savadlı və intellektual gəncliyimizin formalaşmasının əsas mənbəyidir. Bu gün Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev ideyalarını reallaşdıran Prezident İlham Əliyevin - öz liderlərinin ətrafında sıx birləşib, müstəqil və demokratik Azərbaycanın parlaq gələcəyi naminə çalışırlar.

Vətən, onun azadlığı, hürriyyəti, xalqın rifahının dirçəlməsi, gənclərin uğurlu və parlaq gələcəyi naminə səy göstərən, bütün varlığı ilə çalışan hər bir kəsə uğurlar diləyilə...


Həbibə Sadıqlı

Digər xəbərlər