Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. İndi ölkə həyatının bütün sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz 20 ildən artıqdır ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycan özünün müstəqil iqtisadi siyasəti sayəsində dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilmişdir.
Son səkkiz ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artaraq, ölkənin ümumi valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunubdur. Ən başlıcası isə keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına daxil olubdur.
Sürətli inkişafın
regionlardakı rolu
Dövlət başçısı İlham Əliyev bölgələrə səfərləri zamanı etdiyi çıxışlarında dönə-dönə qeyd etmişdir ki, regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcək: "Ölkəmiz hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir".
2012-ci ilin əvvəllərindən başlayaraq, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərinin və rayonlarda əhali ilə keçirilən görüşlərin intensiv xarakter alması, eləcə də, dövlət başçısının yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtrəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi bu sahə üzrə qəbul edilmiş proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub.
Prezident İlham Əliyevin vətəndaşlara fərdi yanaşması problemlərin həllində əhəmiyyətli rol onayır
Dövlət başçısı ilin əvvəllərindən indiyədək respublikamızın bir çox rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Prezident İlham Əliyev rayonlara səfərləri çərçivəsində iri istehsal və xidmət müəssisələrinin açılış və təməlqoyma mərasimlərində də iştirak edib. Dövlət başçısının hər bir səfəri regionların inkişafı ilə bağlı tədbirlərin daha da sürətlənməsinə səbəb olur, rayonlarda insanların işgüzarlığı, iqtisadi fəallığı üçün əlavə stimul verir. Prezident İlham Əliyevin hər dəfə yerli sakinlərlə görüşü bir daha təsdiq edir ki, dövlət başçısının səfərləri ölkə vətəndaşlarında böyük ruh yüksəkliyi yaradır və onları daha əzmlə çalışmağa sövq edir. Cənab Prezident daim vətəndaşlarla açıq şəkildə təmas quraraq, onların görmək istədikləri, arzu etdikləri məsələlərin həyata keçməsi üçün bütün tədbirlərin görüləcəyini əmin etməklə, insanlarda dövlətə olan dərin inamı daha da möhkəmləndirmiş olur. Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarının daha yaxşı yaşamaları, hər bir sosial infrasturktur və kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılacağını bildirir. Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin hər bir rayonda geniş vüsət alacağını dəfələrlə diqqətə çatdırıb. Əhali ilə görüşlərində respublikamızın bütün bölgələrində yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verildiyini, iş yerlərinin açıldığını, abadlıq işlərinin aparıldığını xatırladan dövlət başçısı bu tədbirlərin birbaşa yerli sakinlərin, ümumilikdə, bütün ölkə vətəndaşlarının rahat və yaxşı yaşamalarına xidmət etdiyini bildirib.
Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən edilməsini və həyata keçirilməsini təmin edir. Azərbaycanın dövlət başçısı regionlardakı kənd və qəsəbələrin, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması üçün tələb olunan maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Bütün ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına səbəb olur.