İyunun 5-də Bakı Sərgi Mərkəzində XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunur. Ekspozisiyanın 40 faizindən çoxu dünyada tanınmış iqtisadi qurumların payına düşür. Onların əksəriyyəti bu sərginin daimi iştirakçılarıdır. Almaniya, Böyük Britaniya, Çin, Rusiya və Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunmuşdur. Sərgidə iştirak etmək arzusunda olan MDB, Avropa və Şərqi Asiya ölkələrində fəaliyyət göstərən şirkətlərin sayı xeyli artmışdır. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam milli neft şirkəti də iştirak edir.
Ekspozisiya sahəsinin 59 faizi xarici şirkətlər üçün ayrılmışdır. Qalan ekspozisiya sahəsi isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün nəzərdə tutulmuşdur. Sərgiyə olan daimi marağı sübut edən əsas fakt ondan ibarətdir ki, ekspozisiyanın 10 faizini əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlərin stendləri təşkil edir. Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15 faizdir. Sərgi sahəsinin və iştirakçı şirkətlərin sayının artması Azərbaycanın neft və qaz sahəsinin sürətlə inkişaf etdiyini və dünya miqyasında böyük nüfuz qazandığını deməyə əsas verir. Sərgi və konfransı açan Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud dövlətimizin başçısını salamladı. Prezident İlham Əliyev sərgi və konfransın açılış mərasimində nitq söyləyib. Ölkə Prezidenti vurğulayıb ki, Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının keçirilməsi ölkəmiz üçün böyük hadisədir. Prezident qeyd edib ki, bu sərgi və konfransın artıq böyük tarixi vardır: "Bu sərgi 19-cu dəfə keçirilir. Deyə bilərəm ki, maraq azalmır, artır. Bunun nəticəsidir ki, bu dəfə sərgidə 300-dən artıq şirkət iştirak edir.
Buraya gələrkən mən birinci sərgini xatırlayırdım. O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra "Əsrin kontraktı" imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik. Məhz 1994-cü ildə ulu öndər tərəfindən Heydər Əliyev neft strategiyası elan edilmişdir ki, bu gün də bu strategiya davam etdirilir. Əlbəttə, 19 il ərzində bu strategiya inkişafdadır, bu strategiyaya yeni istiqamətlər cəlb edilir. Beləliklə, bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir.
1994-cü ildə isə biz bu böyük yolun əvvəlində idik. Mən çox şadam ki, o vaxt qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi. Azərbaycana böyük sərmayə qoyulmuşdur. Hazırda neft-qaz sektoruna qoyulan investisiyalar təxminən 50 milyard dollar səviyyəsindədir. Ancaq bütövlükdə 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına təxminən 120 milyard dollar sərmayə qoyulmuşdur. Yəni, biz neft amilindən çox məharətlə və böyük səmərə ilə istifadə edə bildik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bildik. Ölkə iqtisadiyyatını çoxşaxəli iqtisadiyyat kimi təşkil edə bildik. Bu gün bu proses davam etdirilir. Ancaq 1990-cı illərin ortalarında həm neft sənayesində, ümumiyyətlə, iqtisadi sahədə köklü islahatlar aparılmağa başlanmışdır. O vaxt həm geosiyasi, həm iqtisadi, həm siyasi baxımdan Azərbaycan indiki kimi güclü dövlət deyildi. Azərbaycana təzyiqlər də, təhdidlər də var idi. Biz gənc ölkə idik. Bizim maddi imkanlarımız çox məhdud idi. Amma buna baxmayaraq, Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində, düzgün təşkil edilmiş strategiya nəticəsində biz bütün hədəflərə çatdıq. Biz valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq. Hazırda valyuta ehtiyatlarımız 40 milyard dolları ötübdür. Gələcəkdə bu məbləğ daha da böyük olacaqdır. Bu, bizə imkan verir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını maksimum dərəcədə aşağı salaq. Buna nail oluruq. Çünki bu ilin birinci rübünün iqtisadi göstəriciləri deməyə əsas verir ki, biz bu yolda artıq uğurlara nail olmuşuq, Qeyri-neft sənayemiz birinci üç ayda 16 faiz artmışdır. Bu gün bir neçə ölkənin enerji balansında Azərbaycan neftinin payı 25-30-35 faiz təşkil edir. Bu gün biz dostlarımız üçün, Avropa istehlakçıları üçün etibarlı tərəfdaş qismində çıxış edirik. Bu rol getdikcə artır. Biz, eyni zamanda, neftlə, qazla zəngin olan hər bir ölkə qarşısında duran digər məsələni də icra etdik. Bu da ixrac imkanlarımızın şaxələndirilməsi məsələsidir. Hazırda bizim yeddi neft və qaz kəmərimiz vardır ki, resurslarımızı bütün istiqamətlərə ixrac edir. Biz bir marşrutdan, bir yoldan asılı deyilik.
Hazırda Avropa istehlakçıları da bu məsələ ilə bağlı müəyyən tədbirlər görürlər. Onlar üçün də şaxələndirmə mühüm amildir. Bir mənbədən asılı olmaq, əlbəttə ki, o qədər məqbul variant sayıla bilməz. Ancaq biz Azərbaycan olaraq bu vəzifəni icra etmişik. Bu gün bizim neftimiz və qazımız müxtəlif istiqamətlər üzrə ixrac edilir. Əlbəttə, biz gələcəkdə tərəfdaşlarla bu sahədə işimizi daha da sürətləndirəcəyik. Enerji təhlükəsizliyi enerji müstəqilliyini şərtləndirir. Enerji müstəqilliyi isə bütövlükdə ölkələrin iqtisadi müstəqilliyinə böyük töhfə verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Mən dəfələrlə qeyd etmişəm və artıq bu, reallıqdır ki, Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır. Bu siyasəti aparmaq üçün bizə güc verən əlbəttə ki, xalqla iqtidar arasında olan birlikdir və eyni zamanda, iqtisadi müstəqilliyimizdir. Biz iqtisadi cəhətdən tam müstəqil ölkəyik. Biz enerji resurslarının ixracı məsələlərində tam müstəqilik. Çünki qeyd etdiyim kimi, çoxşaxəli neft-qaz kəmərlərimiz vardır, bir yoldan asılı deyilik. Bu, bizə imkan verir ki, siyasi müstəvidə siyasətimizi inamla və cəsarətlə aparaq. Beləliklə, keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyində qeyd etdiyim kimi, bu gün Azərbaycanda müstəqillik tamdır, şərtsizdir. Neft-qaz sektoru o qədər də böyük sayda iş yerlərinin açılmasına gətirmir. Ancaq Azərbaycanda son səkkiz il ərzində bir milyon yeni iş yeri açılmışdır. Harada? Qeyri-neft sektorunda, kənd təsərrüfatında, xidmət sektorunda. İnfrastruktur layihələrinə böyük həcmdə investisiya qoyulmuşdur. Bütövlükdə neft amili ölkəmizə böyük canlanma gətirdi. Əminəm ki, gələcək illərdə biz yalnız və yalnız inkişaf yolu ilə gedəcəyik"
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Prezident Barak Obamanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Piter Beytman isə Baş nazir Deyvid Kemeronun dövlətimizin başçısına təbrik məktublarını oxudular. Açılış mərasimindən sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu. Sonra dövlətimizin başçısı fəxri qonaqlar kitabını imzaladı. Prezident İlham Əliyev pavilyonlarla tanışlıqdan sonra sərgi və konfransın işinə uğurlar arzuladı.