Azərbaycanda həyata keçirilən inkişaf strategiyası iqtisadi artımın dərinləşməsinə təkan verib və real maliyyə rezervlərinə malik respublikamızda bütün iqtisadi və sosial bölmələrdə dinamiklik tam təmin olunmaqdadır. Həyata keçirilən kompleks, sistemli islahatların əsas istiqamətlərindən biri büdcə siyasəti ilə bağlıdır və hazırda ölkəmizin zəngin büdcə resurslarına malik olmasının başlıca fəlsəfəsi də məhz mükəmməl fiskal-büdcə doktrinasının olmasıdır. Bunun nəticəsidir ki, Azərbaycan Avropa regionunda fiskal siyasətdə mühüm dəyişikliyi - hər ilin ortasında ikinci dəfə büdcənin tərtibatını həyata keçirən ölkə kimi qiymətləndirilir. İnkişaf etmiş ölkələrin büdcə layihəsi əvvəlki ilin sonlarında qəbul olunur və bir daha cari ilin sonunda bu siyasət həyata keçirilir. Amma Azərbaycan ildə 2 dəfə büdcə siyasətini reallaşdırmaqla iqtisadi siyasətdə pozitiv, fiskal siyasətdə davamlı reformaların müəllifi kimi tanınır.
Məlum olduğu kimi, ötən ayın sonunda 2012-ci ilin dövlət büdcəsində dəyişikliklər olundu və büdcənin gəlirləri 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manata çatdırıldı. Bununla da dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 36,5 faiz təşkil edir. Yəni dövlət büdcəsinin xərcləri isə 17672 milyon manata çatdırılıb. Bu fiskal strategiya bir daha Azərbaycanın mükəmməl büdcə siyasəti həyata keçirmək qüdrətini nümayiş etdirir. Büdcə sistemi Azərbaycanın maliyyə sisteminin mühüm tərkib hissəsi olmaqla ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının icra olunmasının əsas maliyyə təminatı rolunu oynayır. Ölkənin ali maliyyə sənədi olan büdcə layihəsi dövlətin iqtisadi, siyasi və sosial mənafelərini özündə əks etdirən mükəmməl strateji konsepsiya hesab olunur. Büdcənin rezervləri ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında da başlıca yer tutur. Büdcənin maliyyə resursları hesabına dövlətin strateji inkişaf planı həyata keçirilir, bu mərkəzləşdirilmiş resurslar ölkədəki bütün sferalar üzrə quruculuq işlərinin əsasını təşkil edir. Eyni zamanda, uzunmüddətli və davamlı layihələrin icrası üçün əsaslı zəmin yaratmış olur.
Bu mənada, qeyd etdiyimiz kimi, Azərbaycanı region dövlətləri içərisində mükəmməl büdcə tərtibatına malik dövlət kimi səciyyələndirmək mümkündür. Respublikamız sosial-iqtisadi inkişaf indikatorlarının proqnozlaşdırılması və büdcə tərtibatı ilə bağlı mükəmməl təcrübəyə malikdir. Makroiqtisadi proseslərə uyğun maliyyə sisteminin vəziyyəti, ticarət və investisiya bazarının perspektivləri və sosial islahatların qiymətləndirilməsi sahəsində uğurlu siyasət həyata keçirən hökumət iqtisadi təhlükəsizliyin təmin olunmasında mühüm nailiyyətlər əldə edib.
Keçid iqtisadiyyatı mərhələsini arxada qoyan Azərbaycan ötən illər ərzində büdcə tərtibatı ilə bağlı heç bir problemlə üzləşməyib. Məlum olduğu kimi, keçid iqtisadiyyatının xarakterik əlamətlərindən biri maliyyə-büdcə-fiskal sahəsində, eləcə də, bank və investisiya bölmələrində vəsait qıtlığının və pul resursları ilə təminatda xarici kreditlərdən asılılığın olmasıdır. Bu sistemdən xilas ola bilməyən ölkələr həm büdcə tərtibatında, həm də investisiya layihələrində maliyyə çatışmazlığı ilə üzləşirlər. Büdcə tərtibatı zamanı yaranmış kəsirin xarici borc hesabına örtülməsi, xarici sərmayələr olmadan iqtisadiyyatı inkişaf etdirməyin çətinliyi həmin ölkələr üçün səciyyəvi əlamətlərdir. Azərbaycan isə qeyd olunan tendensiyalarla ötən əsrdə vidalaşıb. Respublikamız, faktiki olaraq, 1998-ci ildən başlayaraq büdcə vəsaitlərinin formalaşmasında xarici maliyyə resurslarının cəlb edilməsi amilindən imtina edib. Yəni respublikamızın yerli maliyyə resurslarının həcmi tam imkan verib ki, büdcənin gəlirlər və xərclər strukturu tam kəsirsiz formalaşmasın və xaricdən vəsait cəlb olunmasın. 10 ilə yaxındır ki, büdcə kəsiri ÜDM-in 1 faizindən də az olub və defisit əlavə mənbələr hesabına örtülüb. Bu müddətdə ölkəmizin valyuta ehtiyatlarının 20 dəfəyə yaxın artması və hökumətin mükəmməl büdcə siyasəti həyata keçirməsi həm iqtisadi, həm sosial, həm də investisiyayönümlü olan ali maliyyə sənədinin tərtib edilməsinə səbəb olub. Ötən illərdə büdcədə profisit yaranıb ki, bu da maliyyə-fiskal siyasətinin ən mühüm uğurları kimi dəyərləndirilə bilər.
Respublikamız, eyni zamanda, büdcə siyasəti ilə paralel həyata keçirilən fiskal siyasət nəticəsində vergi dərəcələrinin təkmilləşdirilməsi, kommunal sistemin və infrastruktur təminatının yaxşılaşdırılması, biznes mühitinin və milli sahibkarlığın inkişafının stimullaşdırılması, gömrük sistemində təkmilləşdirmələrin aparılması, ölkəyə xammal və texnologiyaların gətirilməsinə təkan verən mexanizmlərin tətbiqi, rəqabət mühitinin və ixrac siyasətinin genişləndirilməsi, sosial müdafiə və əhalinin maddi təminatının gücləndirilməsi ilə bağlı islahatları davam etdirib. Azərbaycan dövləti qeyd olunan bütün istiqamətlər üzrə mühüm irəliləyişlər əldə edib.
Azərbaycan daxili maliyyə mənbələri hesabına bütün sosial, iqtisadi, infrastruktur layihələrini maliyyələşdirməklə yanaşı, bir sıra dövlətlərin iqtisadiyyatına böyük həcmdə investisiya yönəltməsi ilə də diqqəti cəlb edir. Büdcə vəsaitlərinin həcminin yüksək olması, təbii ki, həmin ölkənin ümumi inkişaf meyillərindən asılıdır. Əsas inkişaf indikatoru olan ümumi daxili məhsulun (ÜDM) dinamik artımı büdcə resurslarının formalaşmasında başlıca rol oynayır. Bu mənada, Azərbaycanın son 15 ildə keçdiyi yüksək inkişaf yolu büdcənin ilbəil artım dinamikasına səbəb olub. Məsələn, 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə, orta aylıq real əməkhaqqı 5,1 dəfə artıb. İnflyasiya səviyyəsi isə 2-3 faizə endirilib. Yəni bu makroiqtisadi amillər ümumilikdə büdcənin həcminin artımı üçün təkanverici rol oynayıb. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 1,5 milyard manatı, xərcləri isə 1,7 milyard manatı ötüb.
2004-2011-ci illər ərzində ölkəmizin inkişaf baxımından yeni mərhələyə qədəm qoyması və iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsi Azərbaycanın ümumi inkişafını daha da sürətləndirib. Qeyd olunan illər ərzində ümumi daxili məhsulun həcmi 3,2 dəfə artıb. Ümumiyyətlə, son 15 ildə ölkəmizin büdcə vəsaitlərinin həcmi 32 dəfədən çox artıb.
Güclü büdcə-maliyyə resurslarına malik olan ölkənin genişmiqyaslı islahatlar, davamlı layihələr həyata keçirmək imkanları da böyük olur. Hökumət həmin ehtiyatlar hesabına inkişaf tendensiyasının davamlılığını, sosial və investisiyayönümlü islahatların həyata keçirilməsini, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını, qeyri-neft sektorunun inkişafının təşviqini, eləcə də, ölkənin müdafiə potensialının möhkəmləndirilməsini nəzərdə tutan kompleks tədbirləri həyata keçirir. Milli iqtisadiyyatın rəqabət qabiliyyətini təmin etmək üçün liberallaşdırma tədbirlərinin, struktur islahatlarının davam etdirilməsi ölkəmizin uzunmüddətli perspektiv inkişafına böyük yol açmış olacaq. Respublikamızın milli və iqtisadi təhlükəsizliyinə təminat verən strateji layihələrin həyata keçirilməsi isə Azərbaycanın bölgədə ən güclü dövlət olmasını təmin edir.
"Səs" Analitik Qrupu