İqtisadi-siyasi, sosial-ictiami, elmi-mədəni və digər fundamental nailiyyətlər əldə etmiş Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq imici artmaqla yanaşı, regional mərkəz kimi mövqelərini daha da möhkəmlənməkdədir. Prezident İlham Əliyevin elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasəti sayəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bunun nəticəsidir ki, əvvəlki dövrlərdə olduğu kimi, ötən il də respublikamızda iqtisadi artım davam edib, qeyri-neft sektorunun inkişafının sürətlənməsində, iqtisadiyyatın şaxələnməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının daha da yüksəlməsində müsbət nəticələr əldə olunub.
Hazırda modernləşmənin iqtisadi bazisini formalaşdıran Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan, iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş iqtisadiyyat qurur. Yeni mərhələnin səciyyəvi cəhətlərindən biri də milli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da güclənməsi, bu sahədə liberallaşma prosesinin dərinləşməsidir. Bu mənada, hökumətin bölgələrin inkişafına xüsusi qayğı ilə yanaşması da, ilk növbədə, regionların disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strategiya nəticəsində bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən ölkələrindən biri kimi qəbul olunur.
Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyət təşkil etmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə olunan dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə yönəldilir.18 il əvvəl əsası qoyulmuş yeni neft strategiyasının mühüm uğurları artıq Azərbaycanı inkişaf etmiş dövlətə çevirib və ölkəmizin güclü maliyyə resursları formalaşıb. Həmin ehtiyatların ilbəil artım dinamikası həm iqtisadiyyatın pozitivlik tempini yüksəldib, həm də neftdən kənar sahələrin dayanıqlı inkişafına zəmin yaradıb. Bunun nəticəsidir ki, neft kapitalının baza investisiyası kimi qeyri-neft sektoruna yatırılması real sektorun bütün bölmələrində dinamizmi möhkəmləndirib. Düşünülmüş neft strategiyasının həyata keçirilməsi, eyni zamanda, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişiklikləri yaradıb. Bu isə modern texnologiyalara və innovasiyalara əsaslanan yeni iqtisadi modelin əsas komponentlərini təşkil etməkdədir. Beləliklə, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsini genişləndirməklə, maliyyə mənbələrini möhkəmləndirmiş olur.
Dünya iqtisadi sistemində gedən proseslər, postneft mərhələsində ölkənin tarazlı və davamlı iqtisadi inkişafının təmin edilməsi və yeni dövrün reallıqları yaranmış inkişaf modelinin tədqiqini zəruri edir. Liberal bazar iqtisadiyyatı mexanizmlərini tətbiq edən Azərbaycan artıq yeni əsrin birinci onilliyində tamamilə rəqabətə söykənən bazar münasibətlərini möhkəmləndirməklə uğurlu nəticələrə nail olub. Tam şəkildə bazar iqtisadiyyatına keçən, iqtisadiyyatı liberal iqtisadiyyat olan və müstəqil, dayanıqlı, öz resurslarına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycan yeni dövrün reallıqlarına uyğun siyasət həyata keçirməkdədir. XXI əsrin ikinci onilliyində meydana çıxan siyasi-sosial, iqtisadi islahatların dinamikası və yeni dövrün qlobal çağırışları tamamilə müasir iqtisadi modelə ehtiyac yaradır. Son bir ildə qeyri-neft bölməsində intensiv inkişaf dinamikasının müşahidə olunması, neft sektoru ilə müqayisədə artım tempinin 2,5 dəfə çox olması bu sahədə proqressiv tendensiyanı möhkəmləndirir.
Prezident İlham Əliyevin mükəmməl idarəçilik doktrinasının başlıca trendi iqtisadiyyatın strukturunun daha da təkmilləşməsi, idarəetmə texnologiyasının innovativ mərhələyə keçməsilə xarakterizə oluna bilər. Artıq bu dinamizm mərhələsi milli inkişaf modeli iqtisadi mahiyyətinə görə, həm də sosiallığı ilə seçilir. Yəni bu modelin alt qatı birbaşa sosialyönümlü liberal iqtisadiyyata bağlıdır. Bu siyasət ictimai münasibətlərin sosial ədalət ruhunda dəyişdirilməsinə, gəlirlərin bərabərləşdirilməsinə, insanlar arasında maddi bölgülərin istehlakında bərabərsizliyin aradan qaldırılmasına və son nəticədə sosial rifahın yüksəldilməsinə hesablanmışdır. Bu, eyni zamanda, dövlətin iqtisadi gücünün artımı əsasında yeni demokratik cəmiyyətin qurulmasına kömək edir. Sosial-iqtisadi islahatlar makroiqtisadi dinamizmi möhkəmləndirməklə yanaşı, iqtisadiyyatın strukturundakı keyfiyyət dəyişikliyinə də səbəb olmuş, modernləşməni sürətləndirmişdir.
Yeni inkişaf erasını yaşayan Azərbaycan hazırda idarəetmə sistemini ən müasir innovasiyalara uyğun qurmaqdadır. Son illər, bütün dünyada olduğu kimi, ölkəmizdə də dövlət hakimiyyəti orqanları tərəfindən irimiqyaslı informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə keçilib. Burada əsas məqsəd dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə tələbatın artmasıdır. Bu gün Azərbaycanda elektron formada dövlət xidmətlərinin göstərilməsinə xüsusi önəm verilir.
Əhəmiyyətli investisiyalar da məhz bu istiqamətdə cəmləşmişdir. Təhsil, telekommunikasiya, səhiyyə, nəqliyyat və digər sahələrdə artıq bəzi informasiya sistemləri yaradılmışdır.
Azərbaycanda "Elektron Azərbaycan" Dövlət Proqramının qəbul edilməsi dövlət idarəetmə sisteminin tam yeni innovasiyalara uyğunlaşdırılmasına, kreativ iqtisadi yeniliklərin tətbiqinin sürətləndirilməsinə geniş imkanlar açmışdır. Həmin proqramın icrası telekommunikasiya, poçt infrastrukturu və xidmətlərin inkişafına, dövlət və yerli idarəetmə orqanlarında İKT-nin tətbiqinə, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılmasına, ixrac və rəqabətədavamlılıq potensialının gücləndirilməsinə müsbət təsir göstərəcəkdir.
Dövlətin ən zəngin resursları onun milli sərvətləri ilə yanaşı, elmi kəşfləri, elmi innovasiyaları hesab olunur. Milli sərvət o vaxt ölkənin inkişafının, iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılır ki, onun altqatı intellektual mülkiyyətə, milli elmi idraka, insan kapitalına söykənərək inkişaf edir. Azərbaycanın ümumi strateji inkişaf doktrinası da məhz bu mühüm tezisin təşəkkül tapmasında özünün real təcəssümünü nümayiş etdirməkdədir. Cənab İlham Əliyev də dünya iqtisadiyyatının inkişafının əsas meyarları kimi modern kəşflərin, ixtiraların, innovasiyaların, kreativ iqtisadi strategiyanın tətbiqinin genişlənməsinə xüsusi əhəmiyyət verir. Dinamik inkişafın, sürətlə reallaşan layihələrin də məhz altbazisi fenomenal insan kəşfləri, ideyaları ilə əlaqədardır. Müasir sənaye iqtisadiyyatının inkişafını, onun ideya və platformasını biliklərə əsaslanan iqtisadi tədqiqatlar təşkil edir. Cənab İlham Əliyev zəngin sərvətlərin insan zənginliyinə, kapitalın intellektual mülkiyyətə transformasiyasını reallaşdırmaqla strateji bir ideyanın - insan kapitalı fondunun yaradılmasını təmin edib.
Səs" Analitik qrupu