Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, təbliğat müharibəsində ölkəmiz günü-gündən güclənir. Dünyanın bir sıra ölkələri və əksər beynəlxalq təşkilatlar Azərbaycanın xeyirinə, artıq qərarlar qəbul edirlər. Dünyanın ən inkişaf etmiş ölkələrində Azərbaycan həqiqətləri ilə bağlı işlər aparılır.
İşğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir
Təbliğat müharibəsinə ermənilərdən gec qoşulduğumuza baxmayaraq, artıq Dağlıq Qarabağ məsələsi haqqında çoxsistemli və ciddi işlər aparılır. Artıq mötəbər təşkilatların kürsülərindən Azərbaycanın başına gətirilən faciələr, işğal faktları, əsil həqiqətlər beynəlxalq aləmə çatdırılır. Prezident İlham Əliyevin Sədrliyi ilə aprelin 16-da Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı çıxışında bu məsələyə xüsusilə toxunub: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm".
Hərbi potensialımız güclənir
Ölkə Prezidentinin söylədiyi kimi, biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir.
Ümumiyyətlə isə, 2008-ci ildən etibarən Azərbaycan ordusunun silahlanmasına və müdafiə sənayesinin inkişafına yönələn xərclərin əhəmiyyətli dərəcədə artırıldığına dair rəsmi məlumatlar mövcuddur. Konkret olaraq, rəsmi məlumatlara görə, əgər 2006-cı ildə ölkənin müdafiə sənayesi kompleksinin inkişafına 50 milyon manatdan artıq vəsait yönəldiyi bildirilirdisə, sonrakı illərdə bu rəqəm kəskin şəkildə artdı. Misal üçün, 2008-ci ilin dövlət büdcəsində Müdafiə Sənayesi Nazirliyi birbaşa 66 milyon 70 min manat, digər kateqoriyalar üzrə isə 1 milyon 816 min 681 manat ayrılması nəzərdə tutulurdusa, ilin ortalarında bu rəqəm 2 dəfədən çox artırılaraq 141 milyon manata çatdırıldı. 2009-cu ildə MSN-ə ayrılan vəsaitin 170 milyon manatdan yuxarı olduğu bəlli oldu. 2010-cu ildə isə bu vəsait müxtəlif kateqoriyalara ayrılan vəsaitlər hesabına 180 milyon manata çatdı.
Təsadüfi deyil ki, 2011-ci ilin müdafiə xərclərinin (təxminən 3,3 milyard dollar) nə az, nə çox - düz 40 faizə yaxınının, təxminən 1, 3 milyard dollarının silahlanmaya və müdafiə sənayesinin inkişafına yönəldiyinə dair xəbərlər var. Bu, torpaqları Ermənistanın işğalı altında olan Azərbaycanın üstünlüyü hesab olunur. Eyni zamanda, zəruri məsələ sayılır.
Biz güclü hərbi sənaye yaradırıq
Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq: "Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir".
Türkiyə, Ukrayna, Rusiya, Belarus, İsrail və Pakistan kimi ölkələrlə etdiyi əməkdaşlıq sayəsində bu gün Azərbaycan ordusu kifayət qədər müasir silah-sursatla təmin olunub. Belə ki, 2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması" haqqında Birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu müqavilə iki ölkə arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni, elmi sahədə əlaqələrin bütün istiqamətlərini əhatə edən bir çərçivəyə malikdir. Müqavilə iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığını da nəzərdə tutur.
ASELSAN şirkəti tərəfindən Azərbaycan ordusunun müasir avadanlıqlar və texnika ilə təmin edilməsi məqsədilə ölkəmizdə "ASELSAN-Bakı" şirkəti yaradılıb. Şirkət hərbi məhsulların təmiri və texniki dəstəklə yanaşı, mülki məhsulların satışı və digər xidmətlər göstərir. Azərbaycanın hərbi sahədə ən çox əməkdaşlıq etdiyi ölkələrdən biri də Ukraynadır. Bu ölkədən qırıcı təyyarə, tank və digər zirehli texnika alınır. Azərbaycanın bir ildə Rusiyadan aldığı silah-sursata və hərbi texnikaya verdiyi pulun miqdarı Ermənistanın illik hərbi büdcəsindən 2 dəfə çoxdur. Azərbaycan Rusiyadan daha çox hərbi-hava qüvvələrini gücləndirmək üçün lazım olan texnika alıb. Bundan əlavə, Azərbaycan Rusiyadan ötən il iki "S-300" PMU-2 "Favorit" zenit-raket kompleksləri alıb. "S-300" PMU-2 "Favorit" dünyada ən güclü hava hücumundan müdafiə kompleksidir. Eyni vaxtda onlarla hava hədəfini izləməyə və onları dəqiq zərbə ilə məhv etməyə qadirdir. Bu sistemlərin dövlətin və onun silahlı qüvvələrinin ən mühüm obyektlərini müasir təyyarələrin, ballistik və qanadlı raketlərin, habelə, digər havadan hücum vasitələrinin zərbələrindən yüksək dəqiqliklə qorumağa qadirdir. Hərbi ekspertlərin dediyinə görə, Azərbaycan kimi ölkənin hava məkanının tam və etibarlı mühafizəsi üçün 2 "S-300" PMU-2 "Favorit" zenit-raket kompleksi kifayət edir. Azərbaycan dünyanın ən müasir hərbi-sənaye komplekslərindən birinə malik olan İsraillə də sıx əməkdaşlıq edir. Məlum olduğu kimi, Azərbaycan İsraildən pilotsuz kəşfiyyat təyyarələrini alır. Mərkəzi İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun açıqladığı hesabatda bildirilir ki, 2011-ci ildə Avropa regionu üzrə hərbi xərclərin ən böyük artım 89 faizlə Azərbaycanda olub.
Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır
"Azərbaycanın artıq güclü ordusu vardır" deyən dövlət başçısı onu da qeyd edib ki, bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər: "Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq, biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir".
Bundan başqa, Azərbaycanın 6 müasir pilotsuz uçuş təyyarəsi - "Aerostar" və "Orbiter" mövcuddur. Ermənistanda belə pilotsuz uçuş aparatları yoxdur. Raket qurğularına gəldikdə, hər iki tərəfdə arsenalın çoxunu "Qrad" qurğuları təşkil edir, amma Azərbaycan 12 ədəd daha müasir "Smerç" qurğularına da malikdir. Həmin qurğular 1989-cu ildə sovet ordusunun istifadəsinə verilib. Tank əleyhinə silahların sayına görə, Azərbaycanın arsenalı Ermənistandan təxminən 10 dəfə çoxdur. Qeyd olunur ki, 2011-ci ildə Azərbaycan müdafiə xərclərinə 1,3 milyard manat ayırıb. Ermənistanda bu rəqəm 300 milyon manata bərabər olub. Bütün bunlar Azərbaycan Ordusunun gücündən, hərbi qüdrətindən xəbər verir və bizi qələbəyə daha da yaxınlaşdırır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır".
CABİR