PDF Oxu

Siyasət

  • 54

İlham Əliyev: \"Müstəqil Azərbaycanın müstəqil siyasəti olmalıdır\"

İlham Əliyev: \"Müstəqil Azərbaycanın müstəqil siyasəti olmalıdır\"

Azərbaycanda müstəqil, milli-demokratik, dünyəvi, iqtisadi cəhətdən azad dövlətçilik ənənəsinin formalaşması baxımından, 1993-2003-cü illər çox mühüm əhəmiyyətə malikdir. Bu dövrdə dövlətçiliyimizin möhkəm siyasi, iqtisadi və ideoloji təməli qoyulub, Azərbaycan sivil, müasir, bəşəri dəyərləri üstün tutan bir dövlət kimi, bütün dünyada tanınıb, bu zaman kəsiyində ölkəmizin təminatlı gələcəyini, qlobal təhlükəsizliyini, uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirən strateji layihələrin gerçəkləşdirilməsinə başlanılıb.


Stabilləşmə, köklü islahatlar dövrü


Bəlli olduğu kimi, siyasi təsisatlaşma və iqtisadi təmərküzləşmə baxımından, bu dövrü əsasən iki mərhələyə ayırmaq mümkündür. Birinci mərhələ 1993-1997-ci illəri, ikinci mərhələ isə 1998-2003-cü illəri əhatə edir. Bu mənada,1993-1997-ci illər ictimai-siyasi, sosial-iqtisadi sahələrdə sabitliyin bərqərar olması, iqtisadi geriləmənin aradan qaldırılması, stabilləşmə, köklü islahatlar üçün əlverişli zəmin hazırlanması dövrü kimi xarakterizə edilir. Müstəqil Azərbaycanın Konstitusiyasının bu dövrdə qəbul edildiyini, milli dövlətçiliyimizin gələcəyi ilə bağlı mühüm tarixi qərarları nəzərə alsaq, müstəqil dövlətçiliyimizin bərqərar olmasında bu mərhələnin çox mühüm tarixi əhəmiyyəti aydın görünür.

1998-2003-cü illər isə daha çox milli iqtisadiyyatın formalaşması, inkişafı, əhalinin sosial-iqtisadi rifahının kifayət qədər yaxşılaşması, sivil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər dövrü kimi dəyərləndirilir. Ümumilikdə, bu 10 il ərzində müstəqil, çiçəklənən, iqtisadi, siyasi, hərbi cəhətdən qüdrətli Azərbaycanın əsasları qoyulub, geniş, çoxşaxəli iqtisadi islahatlar həyata keçirilib, demokratik təsisatlar formalaşıb, vətəndaş cəmiyyəti inkişaf edib. Bu dövr ərzində Azərbaycan böyük, nüfuzlu beynəlxalq təşkilatların üzvü olub, mühüm regional birliklərin formalaşmasına öz pozitiv töhfəsini verib, dünya birliyinə fəal şəkildə inteqrasiya edib.


Sabitlik, təhlükəsizlik, inkişaf naminə strateji tərəfdaşlıq


Bu mənada, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, \"Müstəqil Azərbaycanın müstəqil siyasəti olmalıdır\" şüarı o vaxt da, bu gün də kifayət qədər aktual səslənir. Belə ki, müstəqilliyini bərpa etdiyi andan gənc Azərbaycan Respublikası hər zaman beynəlxalq subyektlərin hüquq bərabərliyi prinsipinə söykənir. Xüsusən, 1993-2012-ci illərdə Azərbaycan milli maraqları, bəşəri dəyərləri önə çəkməklə qarşılıqlı faydalı əməkdaşlığa, sabitlik, təhlükəsizlik, inkişaf naminə strateji tərəfdaşlığa önəm verən müstəqil xarici siyasət yeridir. Məhz bunun nəticəsidir ki, Azərbaycan nisbətən gənc dövlət olmasına baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunur, mühüm beynəlxalq qərarların qəbul edilməsində həlledici söz sahibi olan ölkələrdən biri kimi çıxış edir.

Ölkəmizdə xarici siyasi əlaqələrin inkişafı ilə yanaşı, daxili siyasət prioritetlərinə də xüsusi diqqət yetirilir. Bu gün Azərbaycanda söz, fikir, düşüncə, vicdan, sərbəst toplaşmaq azadlığı Konstitusiyada ciddi şəkildə təsbit olunub və dövlət səviyyəsində qorunur, yüksək şəkildə təmin edilir. Ölkədə müxtəlif siyasi təşkilatlar, çoxsaylı QHT-lər, azad, sərbəst, tənqidi fikirlər səsləndirən yüzlərlə media qurumları mövcuddur.


Sağlam, rasional düşüncəyə söykənən inkişaf


Obyektiv, subyektiv, doğru, yanlış olmasından asılı olmayaraq, hər kəs öz düşüncəsini, fikrini, iradəsini azad bir şəkildə ifadə edir. Eyni zamanda, bu, bəzilərinin gözlədiklərinin, arzuladıqlarının əksinə olaraq, vətəndaş-dövlət-cəmiyyət-iqtidar həmrəyliyinə heç də mane olmur, əksinə, onu daha da qüvvətləndirir, milli, müstəqil dövlətçiliyimizin sağlam, rasional düşüncəyə söykənərək, inkişaf etdirilməsini şərtləndirir. Dövlət başçısı İlham Əliyev bununla bağlı dəfələrlə vurğulayıb ki, demokratik tərəqqi, hüquqi dövlət quruculuğu Azərbaycan üçün hər zaman prioritet məsələdir: \"Biz demokratiyanın inkişafına böyük əhəmiyyət veririk. Hüquqi dövlət quruculuğu prosesi uğurla gedir, ciddi siyasi islahatlar aparılır. Dünyanın bu sahədə böyük təcrübəyə malik olan ölkələrinin müsbət təcrübəsi öyrənilir və Azərbaycanda tətbiq edilir\".

Bununla əlaqədar həyata keçirilən islahatların qanunvericilik bazası ciddi şəkildə işlənib hazırlanır, möhkəmləndirilir. Azərbaycan bu istiqamətdə ATƏT-lə, Avropa Şurasının Venesiya Komissiyası ilə fəal, səmərəli əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda seçki prosedurlarından başlayaraq, ailə həyatı, tikinti sahəsi, qeyri-hökumət, media sferası kimi, ən müxtəlif fəaliyyət istiqamətlərini dolğun şəkildə əhatə edən mükəmməl qanunlar külliyyatı, məcəllələr mövcuddur. Yaxın perspektivdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da bilavasitə siyasi islahatların daha da dərinləşməsinə, sağlam siyasi rəqabətin qüvvətlənməsinə yönəlib.


Getdikcə möhkəmlənən böyük inam, dərinləşən rəğbət hissi


Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə həyata keçirilən bu kimi tədbirlər əhalinin, vətəndaşların dövlət başçısına, iqtidara olan inamını daha da möhkəmləndirir. Getdikcə daha da dərinləşən, möhkəmlənən böyük inam, rəğbət hissi həyata keçirilən ictimai-siyasi və sosial-iqtisadi islahatlar üçün mühüm sosial dayaq, stimullaşdırıcı amil kimi çıxış edir. Məhz bunun nəticəsdir ki, ölkədə böyük ictimai-siyasi sabitlik mövcuddur.

Vətəndaşlar dövlət başçısının fəaliyyətini, həyata keçirdiyi islahatları fəal şəkildə dəstəkləyirlər, prinsipial məqamlarda qətiyyətlə dövlətçilik, vətəndaşlıq mövqeyindən çıxış edərək, dövlət başçısı ilə, iqtidarla ciddi həmrəylik nümayiş etdirirlər. Bütün bunlar ölkəmizi - Azərbaycan cəmiyyətini daxildən və xaricdən səslənən bəzi qərəzli fikirlər, müəyyən təhdidlər qarşısında bölünməz, yenilməz edir.


Xalqla iqtidar arasında vəhdət vardır


Dövlət başçısı bununla bağlı haqlı olaraq bildirir ki, bu gün Azərbaycan cəmiyyətində siyasi sabitlik, həmrəylik, harmoniya mühüm amil kimi, özünü büruzə verir: \"Ölkədə sabit ictimai-siyasi vəziyyət mövcuddur. Xalqla iqtidar arasında vəhdət vardır. Ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur\".

İqtidarla cəmiyyət, xalqla dövlət arasında olan bu vəhdət, həmrəylik hazırda Azərbaycanın ahəngdar, davamlı inkişafının mühüm təməlini təşkil edir. İndi ölkə daxilində və xaricində yaşayan hər bir azərbaycanlı Azərbaycanı müstəqil, çiçəklənən, sivil, dünyəvi dövlət kimi görür, dövlətçiliyimizin inkişafını, tərəqqisini milli qürur mənbəyi sayır.

Bu mənada, Ümummilli Lider Heydər Əliyevin \"Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir\" fikri milli düşüncənin, Azərbaycançılıq məfkurəsinin dolğun ifadəsi kimi, hər zaman öz qüvvəsini qoruyub saxlayır, hər birimizi müstəqil, çiçəklənən, qüdrətli Azərbaycan naminə daha fəal, təşəbbüskar olmağa, səmərəli fəaliyyət göstərməyə sövq edir. Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətti yüksək səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyevin bu məsələdə mövqeyi birmənalı, qətiyyətli və dönməzdir: \"Biz bundan sonra da yalnız müstəqilliyimizi gücləndirəcəyik, iqtisadi islahatları davam etdirəcəyik və güclü dövlət yaradacağıq\".

Naib NİFTƏLİYEV

Digər xəbərlər