PDF Oxu

Siyasət

  • 73

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə \"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı\"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı, bir daha onu deməyə əsas verir ki, paytaxt Bakımızın və ətraf qəsəbələrinin sürətli inkişafı, burada ən müasir infrastrukturların istifadəyə verilməsi, paytaxtımızın dünyanın ən modern şəhərlərindən birinə çevrilməsi bilavasitə ölkə iqtisadiyyatında gedən davamlı, ardıcıl tərəqqinin bariz nəticəsidir. Qeyd edək ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı 2011-ci ilin may ayında təsdiq edilmişdir. Ötən ilin mart ayında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə adıçəkilən Proqramın konturları haqqında geniş fikir mübadilələri aparılmışdı. Bu məqsədlə 2011-ci ilin may ayında \"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı\" təsdiq olunmuş və icra edilməyə başlanmışdır.

Onu da xatırlatmaq mümkündür ki, paytaxt Bakının və ətraf qəsəbələrin inkişafı istiqamətində qəbul edilən proqramlar daha öncələr də ölkə başçısı tərəfindən təsdiq edilmişdir. Bu barədə vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, birinci Proqram 2005-ci ildə tərtib edilmiş, 2005-ci ildə Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün konkret tədbirlər görülmüşdür: \"O tədbirlər 2006-2007-ci illəri əhatə edir. Bu da təbiidir, çünki bildiyiniz kimi, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Proqramı qəbul edilmişdir. Biz əsas diqqəti bölgələrin inkişafına yönəltmişdik. Eyni zamanda, Bakı şəhəri və onun qəsəbələri də diqqətdən kənarda qalmamalı idi. Yəni, bu məntiqi ardıcıllıq onu göstərir ki, ölkə qarşısında, bütün bölgələr qarşısında duran vəzifələr ardıcıllıqla və məqsədyönlü şəkildə öz həllini tapmaqdadır\".


\"Mən çox şadam ki, Proqramın təsdiq edilməsi günündən dərhal sonra qəsəbələrdə və Bakı şəhərində işlər daha da sürətlə getməyə başlamışdır\"


Birinci Proqramın qısamüddətli olduğunu xatırladan dövlət başçısı İlham Əliyev bildirib ki, həmin Proqramın icrası nəticəsində müəyyən əhəmiyyətli işlər görüldü. Lakin inkişaf və potensial amili həmin proqramların davamlı və uzunmüddətli olmasını ehtiva edirdi: \"Ancaq şəhər inkişaf edir, əhali artır. Ölkəmizin həm sənaye, həm iqtisadi potensialı artır. Qarşımıza yeni vəzifələr qoyulur. Beləliklə, bu, daimi proses olmalıdır və buna görə keçən il qarşıya yeni proqramın qəbul edilməsi məsələləri qoyuldu. Mən çox şadam ki, Proqramın təsdiq edilməsi günündən dərhal sonra qəsəbələrdə və Bakı şəhərində işlər daha da sürətlə getməyə başlamışdır. Bir daha demək istəyirəm ki, bu Proqram ümumi Azərbaycan dövlətinin, Azərbaycanın bölgələrinin sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün qəbul edilmiş proqramdır\".

Bu baxımdan, Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm Bakı şəhərində və onun qəsəbələrində əsas sosial-iqtisadi və infrastruktur məsələləri öz həllini tapacaqdır. Belə ki, qarşıya da məhz belə vəzifə qoyulmuşdur: \"Əminəm ki, biz bu məqsədə çatacağıq, bu vəzifəni icra edəcəyik. Çünki bu günə qədər qarşımıza qoyduğumuz bütün vəzifələr keyfiyyətlə və vaxtında icra edilmişdir\".

Təbii ki, cənab Prezidentin də vurğuladığı kimi, bütün bu kimi nəhəng işlərin həyata keçirilməsi Azərbaycanın ümumi iqtisadi inkişafının uğurlu nəticələridir. Bu iqtisadi inkişafı isə bilavasitə dövlət başçısı İlham Əliyevin istiqamətləndirdiyi düşünülmüş, praqmatik siyasəti müəyyənləşdirir. Bu səbəbdən də, ölkəmizin ümumi sosial və iqtisadi göstəricilərini təhlil etsək, şahidi olarıq ki, son 8-9 il ərzində dünyada Azərbaycan kimi inkişaf edən ikinci ölkə yoxdur. Bütün iqtisadi göstəricilər də məhz bu amili təsdiq edir. Ölkə rəhbəri öz çıxışında bu faktora toxunaraq, bildirmişdir ki, Azərbaycanın iqtisadiyyatı, eləcə də, sənaye potensialı üç dəfə artmış, yoxsulluq isə beş dəfə azalmışdır. İşsizlik əhəmiyyətli dərəcədə azalmışdır və bu gün inkişaf etmiş ölkələrdə olan səviyyədən aşağı göstərici səviyyəsinə malikdir - 5,4 %: \"Bu illər ərzində ölkəmizdə bir milyondan artıq iş yeri açılmışdır. Bu iş yerlərinin mütləq əksəriyyəti daimi iş yerləridir. Bu proqramların və təşəbbüslərin icrası nəticəsində ölkəmizin uğurlu inkişafına təkan verildi. Hazırda ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində konkret tədbirlər görülür. Bu tədbirlər öz səmərəsini verməkdədir. Beynəlxalq maliyyə qurumları, kredit reytinq agentlikləri Azərbaycandakı vəziyyəti çox müsbət qiymətləndirirlər. Onlar Azərbaycanda əldə edilmiş nailiyyətləri başqa ölkələr üçün də nümunə kimi təqdim edirlər\".


\"Azərbaycanda maaşlar, pensiyalar, sosialyönümlü təşəbbüslər ildən-ilə artır, sovet vaxtından qalan əmanətlərin kompensasiya şəklində əhaliyə verilməsi məsələləri həll olunur\"


Prezident İlham Əliyev bir daha xatırladıb ki, bir neçə ildir ki, dünyada maliyyə və iqtisadi böhran davam edir. Lakin həmin böhran səngiməmiş, onun növbəti dalğası başlanmışdır. Ancaq nə 2008-2009-cu illərdə, nə də ki, indiki dövrdə Azərbaycanda bu böhranın fəsadları hiss edilmədi. Azərbaycan vətəndaşlarının maddi rifahı yüksəldi. Dünya ölkələri böhrandan çıxış yolları axtararkən, ölkəmizdə sosialyönümlü təşəbbüslər artdı:\"Azərbaycanda maaşlar, pensiyalar, sosialyönümlü təşəbbüslər ildən-ilə artır, sovet vaxtından qalan əmanətlərin kompensasiya şəklində əhaliyə verilməsi məsələləri həll olunur. İnkişaf etmiş ölkələrdə böhran nəticəsində işsizlik, sosial ədalətsizlik artır, kütləvi iğtişaşlar artıq kütləvi xarakter almışdır. Kütləvi ixtisarlar baş verir. Əmək haqları, pensiyalar kəsilir. Azərbaycanda isə biz bunun əksini görürük. Azərbaycanda sürətli inkişaf, bütün sektorlarda müşahidə olunan canlanma, ildən-ilə sosial məsələlərin həllində əldə edilmiş uğurlar, pensiyaların, əmək haqlarının qaldırılması və keçən il pensiyaların əhəmiyyətli dərəcədə qaldırılması həm sosial ədalət prinsiplərinə uyğundur, eyni zamanda, insanların maddi rifahını yaxşılaşdırmaq üçün çox ciddi vasitədir\".


\"Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, iqtisadi inkişaf bizim ümumi siyasətimizin təzahürüdür\"


Qəbul edilən proqramların şüar, yaxud da təbliğat xarakteri daşımadığını vurğulayan dövlət başçısı əldə edilən nailiyyətlərin təməlində iqtisadi islahatların dayandığını qeyd edib. Belə ki, iqtisadi islahatlar imkan verir ki, istənilən sahədə konkret proqramlar icra edilsin. Eyni zamanda, Azərbaycanda icra edilən proqramların özəlliyi də ondan ibarətdir ki, həmin proqramlar konkret xarakter daşıyır. Həmçinin bu proqramların icrasını da insanlar təşkil edir ki, onların peşəkarlığı, vəzifə borclarını yerinə yetirmələri bu xüsusda önəmli rol oynayır: \"Bu, hansısa bir şüar xarakteri daşımır, yaxud da ki, təbliğat naminə qəbul edilmir. Hər bir Proqramın təməlində konkret vəzifə, maddi resurslar, maliyyə resursları dayanır, əlbəttə ki, texniki imkanlar təhlil edilir. Bizim texniki imkanlarımız da genişlənir. Əlbəttə ki, proqramların icrasını insanlar təşkil edirlər. Əlbəttə, insanların həm peşəkarlığı, həm də ki, öz vəzifə borclarını şərəflə yerinə yetirmələri məsələləri daim diqqət mərkəzindədir. Mən deyə bilərəm ki, ölkəmizdə bütün proqramların tam əksəriyyəti uğurla icra edilir\".

Gələcəkdə də bu kimi davamlı uğurların reallaşdırılacağını deyən Prezident İlham Əliyev bunun əldə edilmiş təcrübə və nəticələrdən qaynaqlandığını vurğulayıb. Bu mənada, \"Azərbaycan 2020\" Proqramının və dövlət Konsepsiyasının hazırlandığını qeyd edən dövlət başçısı İnkişaf Proqramının konturlarının da müəyyənləşdirildiyini deyib: \" Bizim gələcək iqtisadi inkişafımız çox müsbət olacaqdır. Çünki artıq əldə edilmiş təcrübə və nəticələr bunu deməyə əsas verir. Bizim strateji baxışlarımız da ölkəmizin hərtərəfli inkişafına yönəldilib. \"Azərbaycan: 2020\" Proqramı və Dövlət Konsepsiyası hazırlanmışdır. Eyni zamanda, 2013-2023-cü illəri əhatə edən gələcək İnkişaf Proqramının konturları artıq müəyyən edilibdir. Bir müddət bundan əvvəl, mən qarşıya vəzifə qoymuşam ki, 2013-2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulu qeyri-neft sektorunun hesabına iki dəfə artmalıdır. Bu, nəticə etibarilə, Azərbaycanı yüksək gəlirli ölkələr sırasına daxil edəcəkdir. Vəzifə məhz belə qoyulub, Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir. Qarşıya bu vəzifə qoyulub və biz bu vəzifəyə çatacağıq\".

Ölkəmizin gələcək inkişafı ilə bağlı cəmiyyətdə də heç bir fikir ayrılığının olmadığını xüsusilə vurğulayan Prezident İlham Əliyev bildirib ki, cəmiyyət, Azərbaycan vətəndaşları təşəbbüsləri dəstəkləyir, aparılan siyasəti bəyənirlər: \"Azərbaycanda hökm sürən sabitlik, vətəndaş həmrəyliyi, vətəndaş birliyi, iqtisadi inkişaf bizim ümumi siyasətimizin təzahürüdür. Siyasi sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Ancaq inkişaf özlüyündə həm ölkənin güclənməsinə gətirib çıxarmalıdır, eyni zamanda, ilk növbədə, insanların rifah halını yaxşılaşdırmalıdır. Bizdə, Azərbaycanda bu istiqamətdə işlər görülür\".

\"Əlbəttə ki, xalq tərəfindən dəstəklənən iqtidar bu inkişafı öz siyasəti ilə şərtləndirir\" deyə bildirən dövlət başçısı bütün istiqamətlər üzrə konkret Proqramın, bütün məsələlərlə bağlı fikirlərin olduğunu bildirib: \"Azərbaycan reallıqları onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz bundan sonra da milli maraqlarımızın qorunması üçün həm beynəlxalq arenada, həm bölgədə, həm də, əlbəttə ki, ölkə daxilində siyasətimizi davam etdirəcəyik. Bu siyasət, bir daha demək istəyirəm ki, xalqın iradəsinə əsaslanır. Bu siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının həyat şəraitini yaxşılaşdırmaq üçün bütün dövlət qurumları daha da fəal işləməlidir\".


\"Biz bu tempi saxlayacağıq və gələn ilin sonuna qədər Proqram tam şəkildə icra ediləcəkdir\"


Bakıda və ətraf qəsəbələrdə gedən işlər haqqında müvafiq nazirlik rəhbərlərinin, komitə sədrlərinin hesabat xarakterli çıxışlarını dinlədikdən sonra yekun nitqi söyləyən Prezident İlham Əliyev bildirdi ki, ölkənin bütün rayonlarında quruculuq-abadlıq işləri sürətlə gedir. Dövlət başçısı əminliklə söylədi ki, ilin sonuna qədər Proqram tam şəkildə icra ediləcəkdir:\"Əminəm ki, biz bu tempi saxlayacağıq və gələn ilin sonuna qədər Proqram tam şəkildə icra ediləcəkdir. Baxmayaraq ki, bu, çox böyük və çətin bir işdir. Proqram qəbul olunarkən, sənədə daxil edilən məsələlərin həlli çox böyük işgüzarlıq, peşəkarlıq və maliyyə vəsaiti tələb edirdi. Nəzərə alsaq ki, hazırda biz Proqrama əlavələr haqqında danışırıq, aydındır ki, onun icrası daha da böyük məsuliyyət tələb edəcəkdir. Onu da qeyd etməliyəm ki, Proqramın müddəti qısadır. Biz bu Proqramın icra müddətini uzada da bilərdik. Çünki doğrudan da, iki il yarım ərzində bu qədər işlərin görülməsi çox böyük səfərbərlik və peşəkarlıq tələb edən məsələdir. Ancaq mən hesab edirəm ki, əgər biz indiki templəri saxlaya bilsək, proqramda nəzərdə tutulmuş bütün məsələləri gələn ilin sonuna qədər həll edə biləcəyik\".

Proqramla bağlı tapşırıq və tövsiyələrini verən Prezident İlham Əliyev sonda paytaxt Bakıda tarixi abidələrin qorunması barədə də fikirlərini bildirib. O, vurğulayıb ki, Bakının tarixi abidələrinin qorunması yüksək səviyyədədir: \"Bakının tarixi abidələrinin qorunması yüksək səviyyədədir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Bakı qədim, tarixi və müasir şəhərdir. Bakıda tarixi gözəllik, memarlıq abidələrimiz və qədim Bakının siması müasir Bakının siması ilə uzlaşır. Yəni, ziddiyyət təşkil etmir. Bakıya gələn qonaqlar bunu qeyd edirlər ki, burada qədim dövr ilə müasir dövr arasında sintez, harmoniya vardır. Bəzi hallarda, bəzi şəhərlərdə bu harmoniya olmur.Amma bizim məqsədimiz elə ondan ibarət idi ki, Bakının qədim simasını saxlamaqla, bütün tarixi abidələri bərpa etməklə yanaşı, müasir Bakımızın yeni simasını da yaradaq və buna nail olduq. Bu gün artıq Bakının yeni simvolları, rəmzləri vardır. Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, \"Alov Qüllələri\", \"Bakı Kristal Sarayı\"- bunlar Bakımızın yeni simvollarıdır, Azərbaycanın inkişaf dinamikasını göstərən abidələrdir. Şəhərimizi gözəlləşdirmək üçün biz bundan sonra da fəal işləməliyik. Mən çox şadam ki, cəmiyyətdə və dövlət qurumları nümayəndələri arasında bu məsələ ilə bağlı çox böyük fəallıq, böyük ruh yüksəkliyi və şəhərimizə böyük məhəbbət vardır. Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir. Mən demişəm, bir daha demək istəyirəm ki, vaxt gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir.\"


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər