Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətini davam etdirərək, iyunun 22-də imzalanmış növbəti Əfv Fərmanı cəmiyyətdə böyük razılıq hissi ilə qarşılanıb. Belə ki, bu Fərman ümumilikdə 66 nəfərə şamil olunub. Onlardan 58-i azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 2-si islah işləri cəzasının çəkilməmiş hissəsindən, 6-sı isə cərimə cəzasından azad edilib.
Bu ali dəyər Azərbaycanda qorunur
Sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevi böyük şəxsiyyət və Lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalamış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Bəzi iddiaların əksinə olaraq, bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir. 1995-ci ildən bu günə kimi Azərbaycanda imzalanmış əfv sərəncamları ilə 5 min nəfərdən çox məhkum azadlığa buraxılıb.
Dövlət hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir
Ümummilli Liderin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Hər bir vətəndaşın Prezidenti olduğunu qısa müddətdə tam sübuta yetirmiş cənab İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Ölkə başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq, düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Prezident İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq, ölkə konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq, 22 iyun 2012-ci il tarixli Sərəncamı ilə növbəti əfv Sərəncamı imzalamışdır. Əfv Sərəncamı bütövlükdə 66 məhbusa şamil edilmişdir. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir.
Bir sözlə, Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı humanizm siyasətinin növbəti təntənəsini təşkil etməkdədir. Bu, öz növbəsində, dövlətin öz vətəndaşlarına verdiyi dəyəri əks etdirən bariz nümunə kimi dəyərləndirilməlidir...
R.KAMALQIZI