PDF Oxu

Siyasət

  • 36

Azərbaycan ordusu təkcə bölgənin deyil, dünyanın ən güclü ordularından birinə çevrilir

Azərbaycan ordusu təkcə bölgənin deyil, dünyanın ən güclü ordularından birinə çevrilir

İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport verdilər. Mərasimdən əvvəl dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev sonra mərasimin keçirildiyi stadiona gəldi. Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar. Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları "Salam, gənc zabitlər!" sözləri ilə salamladı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi. Mərasimi müdafiə naziri, general-polkovnik Səfər Əbiyev açdı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı mərasimdə nitq söyləyib. Prezident İlham Əliyev hazırda Azərbaycan ordusunun təkcə bölgənin deyil, bütün dünyanın güclü ordularından biri olduğunu vurğulayıb. "Mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır" deyən ali baş komandan Azərbaycanda peşəkar ordu yaradıldığını qeyd edib. Prezident bildirib ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir. "Biz hərbi potensialımızın gücləndirilməsini uğurla aparırıq" deyən İlham Əliyev onu da diqqətə çatdırıb ki, güclü Azərbaycan ordusu hazırda bölgədə sabitləşdirici rol oynayır. Dövlət başçısı Azərbaycan ordusunun güclənmə prosesinin davam etdiriləcəyini, ordunun peşəkarlığının daha da artırılacağını vurğulayıb. Ali Baş Komandan deyib ki, Azərbaycanın gücü Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas vasitədir. Növbəti illərdə ölkənin daha da güclənəcəyini bildirən Prezident İlham Əliyev, Azərbaycan əsgərinin Vətənə ürəkdən bağlılığının dövlət bayrağımızın Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanmasını şərtləndirən əsas amil olduğuna əminliyini ifadə edib.

Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev xüsusi təyinatlı hərbi məktəblərin tədris və intizamda birinci yerləri tutan və təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplomlar təqdim etdi. Tədrisdə və intizamda birinci yerləri tutan məzunlar qiymətli hədiyyələrlə təltif olundular. Dövlətimizin başçısı bir qrup zabitə mənzillərin orderlərini təqdim etdi. Ali Baş Komandan onları təbrik etdi, gələcək xidmətlərində uğurlar arzuladı. Digər məzunlara diplomlar müəllim heyəti tərəfindən təqdim edildi. Sonra məzunların buraxılış mərasimi davam etdirildi. Tədris və intizamda birinci yerləri tutan məzunlar üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüklərinə vurdular. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu oldu. Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildi.

Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağı gətirildi, kursantlar təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin olduğu tribunanın qarşısından keçdilər. Azərbaycan Prezidenti İlham Əliyev məzunlarla, kursantlarla, hərbçilər və valideynlərlə sağollaşdı. Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin müavinləri, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Digər xəbərlər