Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Baş nazir Rəcəb Tayyib Ərdoğan Dolmabaxça sarayının önündə Prezident İlham Əliyevi qarşıladı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Avropanın enerji təhlükəsizliyinə, o cümlədən ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinin vurğulandığı görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Iyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar. Həmçinin, Müqaviləni Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzaladılar.
BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşmanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzaladılar.
Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında "Ev sahibi hökuməti müqaviləsi"ni Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, TANAP Şirkəti adından ARDNŞ-in prezidenti Rövnəq Abdullayev imzaladılar. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış edərək bildirib ki, Azərbaycan ilə Türkiyə güclü qardaşlıq və qohumluq telləri ilə bir-birinə bağlı iki dövlətdir: "Həmçinin, - ruhu şad olsun, - mərhum Prezident Heydər Əliyevin unudulmaz sözləri ilə desək, bizlər Türkiyə və Azərbaycan olaraq özümüzü "bir millət, iki dövlət" görürük və belə tərəqqi edirik.
Bir qədər əvvəl imzaladığımız müqavilələrlə münasibətlərimizə qardaş ölkələrimizin xüsusiyyətinə layiq olan strateji bir xarakter də qataraq əlaqələrimizi ən yüksək səviyyəyə çatdırdıq. Azərbaycan ilə hər zaman qeyd etdiyimiz bu dərin qohumluq və qonşuluq əlaqələrimizlə bərabər, enerji sahəsində də strateji əhəmiyyətə malik münasibətlərimiz vardır.
Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri enerji əməkdaşlığımız çərçivəsində uğurla həyata keçirilmiş və mühüm qlobal səviyyədə özünü təsdiq etmişdir. Bu iki tarixi layihə bizi bir-birimizə çox sıx şəkildə bağlamaqdadır. Bu mənada bir məqamı xüsusi vurğulamaq istəyirəm: Biz Xəzər hövzəsi və Orta Asiya təbii qazının ölkəmizin ərazisindən alternativ marşrutlarla Avropaya nəqlini nəzərdə tutan "Cənub" qaz dəhlizi layihələrini istər öz enerji təhlükəsizliyimizi təmin etmək, istərsə də Avropanın enerji təhlükəsizliyinə töhfə vermək məqsədi ilə fəal şəkildə dəstəkləyirik. Bu çərçivədə enerji strategiyamızın əsas tərkib hissələrindən olan mənbələrin və marşrutların şaxələndirilməsinə də böyük əhəmiyyət veririk.
"Cənub" qaz dəhlizinin reallaşması Azərbaycanın enerji resurslarının etibarlı şəkildə Avropaya çatdırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Keçən il aparılan müzakirələr nəticəsində "Şahdəniz-2" layihəsi çərçivəsində əldə ediləcək təbii qazın 6 milyard kubmetrlik hissəsinin Türkiyəyə satışına, 10 milyard kubmetrlik hissəsinin də Türkiyə ərazisindən Avropaya tranzit daşınması ilə əlaqədar azərbaycanlı qardaşlarımızla 2011-ci il oktyabrın 25-də hökumətlərarası müqavilə, 2011-ci il dekabrın 24-də isə ilkin razılaşma imzalamışdıq.
Bu gün tarixi əhəmiyyətə malik daha bir yeni addım atdıq. Qısa adı TANAP olan "Trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsinə dair Hökumətlərarası Müqavilə"ni və "Ev sahibi hökuməti müqaviləsi"ni imzaladıq. TANAP layihəsi Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək çox önəmli və tarixi əhəmiyyətli bir layihədir. Beləliklə, bu gün Türkiyə-Azərbaycan enerji əməkdaşlığının inkişaf etdirilməsi yalnız ölkəmizin deyil, Avropanın da enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan bir hadisəyə şahidlik edirik. Bu tarixi gündə sizlərlə birlikdə olmaqdan böyük məmnuniyyət və qürur duyduğumuzu xüsusilə ifadə etmək istəyirəm."
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib. Azərbaycan Prezidenti bildirib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir: "Keçən il biz müstəqilliyimizin bərpasının 20 illik ildönümünü qeyd etmişik. İyirmi ildir ki, Azərbaycan müstəqil dövlətdir. Bu 20 il ərzində Türkiyə-Azərbaycan əlaqələri həmişə yüksək səviyyədə olmuşdur. Bu əlaqələr getdikcə daha da güclənir, daha da dərinləşir. Bu əlaqələrin təməlində xalqlarımız arasında olan bağlılıqdır, qardaşlıqdır, dostluqdur. Türk dünyasının böyük oğlu, böyük öndər Mustafa Kamal Atatürk demişdir: "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir". Bu unudulmaz tarixi kəlamlar bu gün də həm Türkiyə üçün, həm Azərbaycan üçün yol göstərən bir istiqamətdir.
Mən çox şadam ki, son illər ərzində biz ancaq sevincli günlər yaşayırıq. Birgə irəli sürdüyümüz təşəbbüslər, həyata keçirdiyimiz layihələr həm bizi, xalqlarımızı birləşdirir və həm də bölgədə yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu bütün bu layihələri reallığa çeviribdir. Əlbəttə ki, hər bir layihənin kommersiya, iqtisadi, texniki məsələləri vardır. Ancaq əgər bu, möhkəm təməl üzərində qurulmasaydı, mən əminəm ki, biz enerji sahəsində və başqa sahələrdə indiki səviyyədə uğura nail ola bilməzdik. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Mən dünyada siyasi sahədə Türkiyə və Azərbaycan kimi ikinci müttəfiq tanımıram. Biz bölgə məsələlərində birlikdə fəaliyyət göstəririk, daim siyasi məsləhətləşmələr aparırıq. İqtisadi sahədə əməkdaşlığımız bölgə üçün də çox böyük rol oynayır. Türkiyə-Azərbaycan birliyi bölgədə sabitlik yaradan bir amildir.
Enerji məsələsinə gəldikdə, bizim bərabər həyata keçirdiyimiz böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirmişdir. İndi bölgəni birgə icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini böyük dərəcədə dəyişdirmişdir. Bu gün biz yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə də start veririk. Əminəm ki, TANAP layihəsi eyni uğura nail olacaqdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri kimi TANAP layihəsi də vaxtında və keyfiyyətlə icra ediləcəkdir.
Bildiyiniz kimi, Azərbaycan qazının Avropaya nəql edilməsi ilə əlaqədar son illər ərzində çox böyük danışıqlar, müzakirələr aparılır, müxtəlif tədbirlər keçirilir. Biz görürdük ki, bu müzakirələr elə durmadan davam edir, amma ortada bir nəticə yoxdur. Biz həmişə olduğu kimi, ikitərəfli məsləhətləşmələr aparmaqla qərara gəldik ki, Türkiyə və Azərbaycan bu məsələdə də liderliyi üzərinə götürməli və bu layihəni birlikdə icra etməlidirlər. Bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir. Çünki bu gün imzalanan sənədlər də bunu təsdiq edir. Bu layihəni biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik. TANAP layihəsinin icrası nəticəsində biz ilk növbədə Türkiyəyə daha da böyük həcmdə təbii qazın nəql edilməsinə nail olacağıq. Eyni zamanda, Türkiyə ərazisindən tranzit imkanları da açılacaqdır. Bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinə də böyük dəstək verəcəkdir. Bu məsələ ilə bağlı aramızda fikir ayrılığı yoxdur. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəndən sonra Türkiyə Azərbaycandan qaz almağa başlamışdır. TANAP layihəsi Türkiyəyə böyük həcmdə Azərbaycan qazını nəql etmək üçün imkan yaradacaqdır. Bizim qaz ehtiyatlarımız çox böyükdür. Təkcə "Şahdəniz" layihəsi 1,2 trilyon kubmetr qaz ehtiyatına malikdir. Ancaq Azərbaycanın digər yataqlarında təsdiq edilmiş ehtiyatlar 2,6 trilyon kubmetrdir. Yəni, bu gün başladığımız layihə əminəm ki, bundan sonra onilliklər, bəlkə də 100 il, bəlkə də ondan da artıq müddətdə maraqlarımızı təmin edəcəkdir. Həm enerji təhlükəsizliyi məsələləri təmin ediləcəkdir, eyni zamanda, Azərbaycan üçün yeni bazarların açılması məsələləri də həllini tapacaqdır.
Enerji sahəsində əməkdaşlıq təkcə bu layihə ilə məhdudlaşmır. Keçən il biz İzmirdə Petkimdə əziz qardaşım cənab Baş nazirlə birlikdə böyük layihənin təməlini qoyduq. Petkim, TANAP layihələrinə birlikdə qoyulacaq sərmayə təxminən 15-20 milyard dollara bərabərdir. Yenə də deyirəm, bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulmasaydı, əlbəttə ki, böyük sərmayədən söhbət gedə bilməzdi. Yenə də qayıdıram əsas məsələyə ki, gördüyümüz işlərin təməlində xalqlarımızın bağlılığıdır, maraqlarımızın uzlaşmasıdır və bir-birimizə olan məhəbbətdir. Mən əminəm ki, bu layihələr əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Gələcəkdə bizi daha da böyük layihələr gözləyəcəkdir. TANAP layihəsinə gəldikdə isə, mən şübhə etmirəm ki, Türkiyə və Azərbaycan bu liderliyi üzərinə götürməklə TANAP-ı vaxtında, beş il ərzində icra edəcəkdir. Biz TANAP-ın açılış mərasimini də belə sevinclə qeyd edəcəyik. Sağ olun."