2011-ci ilin noyabrından gündəmdə olan Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi, nəhayət, reallığa çevrildi. Türkiyə və Azərbaycan arasında daha bir tarixi sazişə imza atıldı.
7 milyard dollarlıq layihə
TANAP layihəsinin reallaşdırılması haqqında imzalama mərasimindən sonra çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, bu layihələr iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin təzahürüdür. O bildirib ki, bu layihə Türkiyəni qardaş dövlət tərəfində enerji ilə təmin olunmasına, Ankaranın Şərq-Qərb enerji dəhlizində güclü söz sahibinə çevrilməsinə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mövqeyinin güclənməsinə xidmət edəcək.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Türkiyənin həyata keçirdikləri layihələrin təməlində iki ölkə arasında dostluq və qardaşlıq münasibətləri dayanır. O, qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı siyasi münasibətlərin dünyada örnəyi yoxdur.
Prezident vurğulayıb ki, TANAP layihəsi Türkiyə ilə Azərbaycanın maliyyə və texniki imkanları hesabına reallaşacaq. Beş il müddətinə başa çatması nəzərdə tutulan TANAP-ın tikintisinin layihə dəyəri 7 milyard dollardır. Dövlət başçısı qeyd edib ki, bu layihə sırf Türkiyə və Azərbaycan layihəsidir: \"Çünki bu gün imzalanan sənədlər də bunu təsdiq edir. Bu layihəni biz özümüz öz gücümüzlə, öz pulumuzla və öz texniki imkanlarımızla icra edəcəyik\".
Dövlət Neft Fondu sərmayəçi kimi layihəyə qoşula bilər
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) İnvestisiyalar İdarəsinin rəisi Vaqif Əliyev bildirib ki, TANAP layihəsinin maliyyələşdirilməsində maliyyə institutlarının da geniş iştirakı nəzərdə tutulur.
Onun sözlərinə görə, ARDNŞ bu layihənin maliyyələşdirilməsində Azərbaycanın daxili maliyyə imkanlarından da istifadə etməyi planlaşdırır, eyni zamanda, onun maliyyələşdirilməsi üçün \"layihə maliyyələşdirilməsi\" formasından da istifadə oluna bilər. Maliyyənin hansı mənbələrdən cəlb olunması isə bu vəsaitlərin hansı şərtlərlə təklif olunmasından asılı olacaq.
\"Ehtimal edirəm ki, Azərbaycan Dövlət Neft Fondu da bir sərmayəçi kimi bu layihəyə qoşulmağı çox ciddi şəkildə araşdıracaq və müsbət qərar qəbul olunduğu halda biz istərdik ki, Neft Fondu da burada iştirak etsin. Bu, effektivliyinə inandığımız və beynəlxalq layihələrdə olduğu kimi, illik gəlirliyi 10%-dən artıq olan bir layihədir. Və niyə də Dövlət Neft Fondu burada iştirak etməsin\", - deyə ARDNŞ rəsmisi vurğulayıb.
TANAP 4 mərhələdə həyata keçiriləcək
Onun ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard kubmetrə, 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. Azərbaycan Dövlət Neft Şirkətinin rəsmi açıqlamasına görə, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Kəmərin ölçülərinin belə seçilməsi gələcəkdə onun gücünün tədricən artırılmasına hesablanıb.
Azərbaycan öz lider mövqeyini saxlayır
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, Türkiyə dövləti TANAP layihəsində Azərbaycanın əsas tərəfdaşı və partnyorudur: \"Bu layihədə Azərbaycanı dəstəkləyən əsas ölkə Türkiyədir. İki ölkənin imzaladığı sazişlə Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur. Bu nəqlin bütün şərtləri, layihənin reallaşdırılması və layihə ətrafında yaranan konsorsiumun tərkibi Azərbaycanla razılaşdırılıb. Bütün bu proseslərdə Azərbaycan öz lider mövqeyini saxlayır\".
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə müsahibəsində bildirib ki, bu layihə enerji sahəsində Azərbaycanın istər bölgə, istərsə də, Avropa üçün önəmini gündəmə gətirir. Son illər ərzində ölkəmizdə aparılan enerji siyasəti, bir daha göstərir ki, Azərbaycan tam şəffaf siyasəti ilə Avropanın enerji təhlükəsizliyinin təminatında vacib və fəal faktor kimi iştirak edir.
Qərb üçün gözlənilməz idi
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, TANAP layihəsi Qərb üçün də gözlənilməz idi. Bu layihənin ilhamvericisi və onu gündəmə gətirən Azərbaycan tərəfi olub. Türkiyə tərəfinin apardığı müzakirədən sonra rəsmi Ankarada bu layihənin reallaşmasına şübhə ilə yanaşanlar da çox idi. Hesab edirdilər ki, TANAP layihəsi reallaşarsa, Azərbaycan qazının Avropaya daşınmasında Türkiyənin qazancı az olacaq. Çünki Azərbaycan qazı mövcud Botaş sistemi ilə daşındıqda, Türkiyə daha çox qazanır. Lakin Azərbaycan tərəfi çox maraqlı bir arqument ortaya qoydu. Rəsmi Bakının ortaya qoyduğu arqument ondan ibarət idi ki, qazın həcmi 10 milyard kubmetrdən artıq olsa, o zaman yeni kəmərlər sisteminin inşası lazımdır. Türkiyə tərəfi böyük vəsait hesabına bunu gerçəkləşdirməli idi. İndi bu vəsaitin böyük hissəsini Azərbaycan tərəfi qoyacaq. Qeyd edək ki, Azərbaycan bu layihəni reallaşdırmaqla yeni bir sistemə, texnologiyaya malik ömrü 60 ildən az olmayan işin əsasını qoydu. İqtisadi baxımdan qısa bir müddət üçün əlverişli ola bilərdi, amma uzun müddət üçün strateji baxımdan bu daha önəmlidir\".
Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger Bakı ilə Ankara arasında Trans Anadolu qaz boru kəməri (TANAP) haqqında razılaşmanın imzalanmasını alqışlayıb. Onun sözlərinə görə, indi Avropa birbaşa Azərbaycanda və Xəzər regionunun digər ölkələrindən qaz almaq məqsədinə daha yaxın olub.
Cabir