Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı, ədalətli, qətiyyətli mövqeyi dəyişməzdir. Ölkəmiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərir. Lakin Azərbaycan tərəfinin xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlarına baxmayaraq, münaqişə hələ də həll olunmamış qalır.
Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayır
Bunun başlıca səbəbi Ermənistanın işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi, müxtəlif bəhanələrlə danışıqlar prosesini pozması, yekun nəticəyə gəlməkdən yayınmasıdır. Prezident İlham Əliyev bununla bağlı açıq şəkildə bildirib ki, münaqişənin həlli ilə bağlı status-kvonun dəyişməsində ən çox maraqlı olan tərəf məhz Azərbaycandır, rəsmi Yerevanın destruktiv mövqe tutması isə problemin həllinə mane olur: "Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayır, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə əhəmiyyət vermir".
Bəlli olduğu kimi, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər, işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistanın işğalçılıq siyasətinə kəskin mənfi münasibət bildirilib. Bununla yanaşı, Ermənistanın bir işğalçı dövlət kimi, açıq sanksiyalara, təzyiqlərə məruz qalmaması, müəyyən dövlətlərin geosiyasi maraqlarını önə çəkərək, rəsmi Yerevanı himayə etmələri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti bir qədər də mürəkkəbləşdirir.
Hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq
Bütün bunlara baxmayaraq, Azərbaycan öz iqtisadi və hərbi-siyasi qüdrətini getdikcə daha da inkişaf etdirir. Bu, danışıqlar prosesində Azərbaycanın haqlı, ədalətli, qətiyyətli mövqeyini daha da qüvvətləndirir. Azərbaycan böyük iqtisadi potensialından layiqli şəkildə istifadə edərək, işğalçı ölkə qarşısında hərbi qüdrətini daha da möhkəmləndirir. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır, yaxın perspektivdə bu göstərici tam təbii olaraq, dəfələrlə artaraq ölkəmizin xeyirinə dəyişəcək. Belə olan halda, Azərbaycan işğalçı Ermənistandan müqayisəyəgəlməz dərəcədə üstün olacaq ki, bu da ölkəmizin labüd qələbəsini təmin edəcək mühüm amildir.
Prezident İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, Azərbaycan bununla məsələnin həllinə daha da yaxınlaşır, dünyada ölkəmizə qarşı yönələn diqqət, rəğbət bir qədər də dərinləşmiş olur: "Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz, dünya birliyində böyük dəstəyimiz vardır".
Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır
Ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, iqtisadi inkişaf sürətinə görə, Azərbaycanın öndə getməsi ölkəmizin inkişaf potensialının kifayət qədər böyük olduğunu bilavasitə təsdiqləyir. Bu mənada, Gürcüstan və işğalçı Ermənistanla müqayisədə, Azərbaycan iqtisadiyyatının böyük sürətlə genişlənməsi, artması inkişaf etməsi danılmaz faktdır. Belə vəziyyətdə regional tərəqqi, inteqrasiya, inkişaf proseslərindən təcrid olunan Ermənistan nə siyasi, nə də iqtisadi tərəfdaş kimi, digər ölkələr üçün maraqlı deyil. İşğalçı ölkənin əhalisinin tədricən azalması, iqtisadiyyatının iflic durumunda olması və getdikcə kiçilməsi, beynəlxalq səviyyədə bu ölkəyə qarşı onsuz da məhdud olan marağı bir qədər də azaldır. Bütün bunların fonunda Azərbaycanın iqtisadiyyatı daha da genişlənir, artır, böyüyür və Cənubi Qafqaz iqtisadiyyatının əsas hissəsini təşkil edir: "İqtisadi inkişaf templərinə görə, Azərbaycan dünya miqyasında lider ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir".
Dövlət başçısı tam haqlı olaraq, dəfələrlə vurğulayıb ki, torpaqlarımızın 20 faizinin işğalının davam etdiyi bir şəraitdə Azərbaycanın öz hərbi potensialını artırması təbii, gözlənilən və qanunauyğun haldır. Şübhəsiz ki, ölkəmiz torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə qətiyyən barışa bilməz. Bu mənada, dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artması, ildən-ilə yüksəlməsi hərbi xərclərin təbii, gözlənilən artımını şərtləndirir. Bütün bunlar hərbi-sənaye kompleksinin daha da möhkəmlənməsinə gətirib çıxarır, milli ordunun döyüş və təchizat qabiliyyətinin ən müasir səviyyədə artırılması, möhkəmlənməsi ilə nəticələnir: "Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır".
İşğalçı Ermənistanın perspektivi yoxdur
Ordumuzun bu gücü, potensialı Azərbaycanın danışıqlar prosesində haqlı, ədalətli, inamlı mövqeyini daha da qüvvətləndirir, ölkə vətəndaşlarında silahlı qüvvələrə olan inamı, etimadı daha da artırır, dövlət və ərazi bütövlüyümüzün bərpa edilməsinə yönələn səyləri bir qədər də gücləndirir: "Biz gələcəyimizi özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən ianələrlə bağlayır. Ermənistanda iqtisadiyyat iflic vəziyyətindədir, onun heç bir iqtisadi perspektivi yoxdur. Azərbaycanda əhali artır, Ermənistanda isə, əksinə, azalır".
Azərbaycanın uğurlu, davamlı, dinamik inkişafı onu göstərir ki, ölkəmiz beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında suverenliyini, ərazi bütövlüyünü tam təmin etmək iqtidarındadır: "Biz suverenliyimizi, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik". Dövlət başçısının söylədiklərindən aydın olur ki, Azərbaycanın bu məsələdə mövqeyi tam aydın, şəffafdır. Daxili və xarici siyasətin necə, hansı şərtlər daxilində həyata keçiriləcəyi, dövlətlərarası əlaqələrin, münasibətlərin necə qurulacağı barədə aydın təsəvvür vardır: "Biz müstəqil xarici siyasətimizi davam etdirəcəyik. Xüsusilə, üstünlüyü ikitərəfli əlaqələrə verəcəyik. Digər ölkələrlə əlaqələr beynəlxalq hüquq prinsipləri, bir-birinin işinə qarışmamaq şərti, qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdiriləcək".
Azərbaycan beynəlxalq öhdəliklərə ciddi şəkildə əməl edir
Göründüyü kimi, müstəqil xarici və daxili siyasət ölkəmizin başlıca fəaliyyət prioritetini təşkil edir. Dövlətlərarası münasibətlərdə ikitərəfli əlaqələrə üstünlük verilməsi isə, o deməkdir ki, Azərbaycan bütün hallarda beynəlxalq hüquq müstəvisində sivil, bərabərhüquqlu münasibətləri üstün tutur, bu və digər mübahisəli məsələnin həllində də bilavasitə hüquqi prinsipləri önə çəkir. Eyni zamanda, Azərbaycan ümumi rifah, bəşəriyyətin təhlükəsizliyi, inkişafı, tərəqqisi naminə götürülən beynəlxalq öhdəliklərə ciddi şəkildə əməl edir: "Biz üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında üzərimizə götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur".
Naib NİFTƏLİYEV