PDF Oxu

Siyasət

  • 52

"Gələcəyin yeni liderləri" mövzusunda xüsusi iclas keçirilib

"Gələcəyin yeni liderləri" mövzusunda xüsusi iclas keçirilib

Bu gün Azərbaycan inkişaf edən bir dövlət olaraq öz qapılarını dünyaya açıb. Ölkənin artan iqtisadiyyatı, güclü potensialı, dünya birliyinə inteqrasiya olunması dünya dövlətlərinin Azərbaycana olan marağını artırıb. Son illər ölkəmizdə beynəlxalq mahiyyət kəsb edən tədbirlərin keçirilməsi dövlətimizin beynəlxalq arenada mövqeyini güclənməsini göstərən amillərdəndir. Paytaxımızda keçirilən Krans Montana Forumu beynəlxalq layihələrin davamıdır. İyunun 30-da Bakıda Krans Montana Forumu çərçivəsində "Gələcəyin yeni liderləri" mövzusunda xüsusi iclas keçirilib. Həmin mötəbər tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşmərmlı səfiri, millət vəkili Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak ediblər.

Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varnerin moderatorluğu ilə keçən tədbirdə "Dəyişən dünyada gələcək liderlərin rolu", "Qloballaşmanın ətraf mühitə təsiri" mövzularında məruzələr edilib, səmərəli müzakirələr aparılıb.

İclasda çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva müasir həyatımız üçün vacib olan mövzu - Azərbaycanın və ümumiyyətlə, dünyanın bütün gənclərinin ətraf mühitin qorunması sahəsində rolu haqqında danışıb. Gələcəyin liderlərinin davamlı inkişafı təmin edən rollarını diqqətə çəkib. Bu gün dünyada davamlı inkişaf ətraf mühitin qorunması məsələsini aktuallaşdırıb. Bunun təmin edilməsi üçün çoxlu tədbirlərin keçirilməsi olduqca önəmli məsələlərdəndir. Hər bir ölkənin təbii ehtiyatlarının düzgün idarə olunması çox önəmlidir. Bunun iqlim dəyişikliyi nöqteyi-nəzərindən də çox önəmli bir məsələ olduğunu bildirən Leyla xanım qeyd olunan amillərin həyatımıza həm müsbət, həm də mənfi təsir göstərə bildiyini söyləyib. "Bu dəyişiklikləri düzgün idarə etməyi bacarmalıyıq" - deyən Leyla xanım dəyişikliklər prosesində gənc nəslin fəallığının önəmli olduğunu diqqətə çəkib.

İclasda Leyla xanım Əliyeva Azərbaycanın bu məsələlərdə narahatçılıq doğurduğunu bildirib:"Mən bir həftə əvvəl Cenevrədə keçirdiyim görüşlərdə bütün bu məsələləri qaldırmışdım. Bu məsələlərin Azərbaycanda və Qafqaz regionunda çox önəmli olduğunu bildirmişdim. Ekologiya ilə bağlı məsələlər bizim üçün çox önəmlidir. Ona görə də, düşünürəm ki, bu məsələləri hələ sinif otaqlarında tədris etməyə başlamaq lazımdır. Zənnimcə, bununla uşaqlar artıq erkən yaşlarından yaşadıqları ölkələrdə təbiətin qorunması haqqında məlumatlar almış olacaqlar. Mənə elə gəlir ki, ekoloji çağırışlara cavab verilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyacaqdır".

Təbii ki, təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Bu baxımdan insanlara belə fikirləri aşılamaq lazımdır. Ətraf mühitə zərər verməyən texnologiyadan istifadə olunmalı, enerji resurslarına qənaət edilməlidir. Bu və ya digər məsələlərin həlli planetimizin gələcəyini təmin edəcəkdir. Mövcud olan məsələlərin həlli yaşayış tərzi ilə də sıx bağlı olan məqamdır. Bu baxımdan, bütün imkanlardan istifadə edilməli, hər bir şəxs hərəkətlərinə görə məsuliyyət daşımalıdır.

Leyla xanım Əliyeva bu məsələlərin həlli üçün bütün güclərin səfərbər olunmasının vacibliyini forum iştirakçılarının diqqətinə çatdırıb: "Müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün bu məsələlərin həlli Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha da çətinləşmişdi. Bu, Cənubi Qafqaz regionunda da çox böyük çətinliklər yaratmışdı. Bilirsiniz ki, həmin ərazilərdə çox zəngin ekosistem, flora və fauna vardır. Biz Azərbaycanda 2010-cu ili "Ekologiya ili" elan etdik. O vaxt həmin kampaniya çərçivəsində yüz minlərlə ağac əkilmişdir. Bu kampaniya gənclər arasında təşviq olunurdu."

Krans Montana Forumu çərçivəsində "Gələcəyin yeni liderləri" mövzusunda keçirilən iclasda məşhur amerikalı jurnalist, 1985-2010-cu illərdə "CNN" telekanalının aparıcısı Larri Kinq, Əlcəzairin Sahibkarlar Konfederasiyasının prezidenti Bualem M'Rakaş, Avropa Parlamentinin üzvü Nirj Deva çıxış edərək, Malinin Milli Gənclər Şurasının prezidenti Siriman Traore, Şri-Lankanın "Eswaran Brothers Exports Ltd" təşkilatının sədr müavini Subramaniam Eassuwaren çıxışlarında dəyişən dünyada, bir çox sahələrdə olduğu kimi, ekoloji sahədə də mövcud problemlərin həlli istiqamətində gənc liderlərin üzərinə düşən vacib roldan danışıb, gələcək nəsillərin sağlam ətraf mühitdə yaşamaları üçün onların da üzərinə məsuliyyətin düşdüyünü vurğulayıblar. Leyla xanım Əliyevanın ətraf mühitlə bağlı təşəbbüslərini, bu istiqamətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndiriblər. Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrində yaşayan gənclər ekoloji məsələlərin həlli istiqamətində fəal olmalı və bir-biriləri ilə əlaqələr qurmalı və bu əlaqələri inkişaf etdirməlidirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dəyişən dünyada gələcək liderlərin çox vacib rol oynayacaqlarını diqqətə çatdırıb. Azərbaycanda əhalinin 66 faizdən çoxunun 30 yaşdan aşağı olduğunu deyən Elnur Aslanov gənclərin ölkənin ictimai-siyasi həyatında oynadıqları vacib rolu xüsusi qeyd edib. Azərbaycanda gənclərə xüsusi diqqət və qayğının göstərildiyini deyən şöbə müdiri gənclərin müasir texnikanın yeniliklərindən sərbəst istifadə etmələri üçün hər cür şərait yaradıldığını da söyləyib: "Gənclər Azərbaycanı uğurlu gələcəyə aparan, ölkəmizin siyasi və iqtisadi potensialını yeni mərhələyə qaldıran qüvvədir. Buna görə də Azərbaycanda gənclər siyasəti dövlətin prioritetlərindən biridir".

Qeyd edək ki, İDEA ətraf mühit kampaniyası regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Gənclərlə əməkdaşlığa xüsusi önəm verən kampaniyanın ətraf mühitin qorunması ilə bağlı yaradıcı yanaşması vardır.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər