Bu gün regional və qlobal əhəmiyyətli layihələr reallaşdıran Azərbaycan Respublikası hər şeydən öncə bölgədə təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına çalışır. Enerji, nəqliyyat və kommunikasiya sahəsində həyata keçirdiyi transmilli layihələrlə Asiya ilə Avropa, Xəzər hövzəsilə Qara-Aralıq-Baltik dənizləri arasında genişmiqyaslı əməkdaşlıq xətti qurmuş Azərbaycan xoşniyyətli siyasətini hər zaman ortaya qoyub. Lakin regionda daim təhlükəsizliyə təhdid törədən aktorların fəaliyyəti nəticəsində həyəcanlı məqamların yaşanmasına səbəb olur.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhdiddən əlavə, Azərbaycana da böyük zərbələr vurmaqdadır. Bu özünü həm maddi, həm də mədəni şəkildə göstərməkdədir. Bu faktı Prezident İlham Əliyev də dəfələrlə səsləndirib. Bakıda keçirilmiş Krans Montana Forumunun rəsmi açılışı mərasimində çıxışı zamanı "müstəqilliyimizi bərpa etdikdən sonra əsas problemlərdən biri Ermənistan tərəfindən torpaqlarımızın işğalı olmuşdu. Bu, bizə çox böyük zərbə vurmuşdur" - deyən ölkə başçısı İlham Əliyev diqqətə çatdırıb ki, bu, ümumiyyətlə, regionun təhlükəsizliyinə, əməkdaşlığına çox böyük zərbə vurub: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq müstəvidə tanınmış tarixi ərazisidir və Ermənistan bu torpaqları işğal etmişdir. Ermənistan Azərbaycanın bu torpaqlarında etnik təmizləmə aparmışdır. Ümumilikdə, 20 faiz torpağımız indi erməni işğalı altındadır".
Çox təəssüflər olsun ki, ötən müddət ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr və qərarlar yerinə yetirilmir, Ermənistandan işğalçılıq əməllərinin hesabı sorulmur. Bu da, əlbəttə ki, Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar doğurur. Krans Montana Forumunda dünyanın siyasi və iqtisadi elitasının qarşısında Azərbaycan ictimaiyyətinin rəyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, BMT-nin qətnamələri, Helsinki xartiyası var. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib: "Bu qətnamələr Ermənistandan öz qoşunlarını dərhal Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Lakin onlar bu qətnamələri icra etməmişlər. Avropa Şurası, ATƏT və başqa mötəbər beynəlxalq təşkilatlar belə qətnamələr qəbul etmişlər. Lakin bunlara əməl olunmamışdır".
Təbii ki, beynəlxalq təşkilatların da məsuliyyətsiz və ikili standartlı yanaşması həmin orqanlarla bağlı şübhələr yaradır. "Bu qətnamələrin uzun illər ərzində icra olunmaması beynəlxalq təşkilatların bu sahədə işlərinin dəyərini sual altına qoyur" - söyləyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Dağlıq Qarabağ, demək olar ki, Azərbaycanın mərkəzində yerləşir və münaqişə ilə bağlı qəbul edilmiş bütün qətnamələr bu torpaqların işğaldan azad olunması, oradan zorla çıxarılıb qovulmuş insanların öz doğma torpaqlarına qaytarılması ilə bağlıdır: "Bununla bağlı ATƏT-in faktaraşdırıcı missiyalarının orada keçirilən missiyaları göstərmişdir ki, bizim torpaqlarda - Dağlıq Qarabağda olan bütün tarixi, mədəni abidələr dağıdılmışdır. Lakin mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Torpaqlarımızın qaytarılacağı ilə bağlı əminlik isə Azərbaycan dövlətinin qüdrətli olması və haqlı mövqeyə sahibliyindədir. Həmçinin, Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən tanınıb, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir və bu, bütün beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunub, Dağlıq Qarabağ isə ayrıca bir ölkə kimi heç bir dövlət tərəfindən qəbul edilməyib. Bu səbəbdən də, Ermənistanın işğalçılıq siyasəti bundan sonra çox sürməyəcək və ədalət tezliklə bərpa ediləcək.
"Səs" Analitik Qrupu