Tam inamla söyləmək olar ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir. Dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandıqları müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait ucbatından ölkəmizi tərk etmək məcburiyyətində qalmışdılar. Digər tərəfdən, Ulu Öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, idmanımız taleyin ümidinə buraxılmışdı.
Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətindən birinə çevrildi. Beləliklə də, bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq Olimpiya hərəkatında ilk nailiyyəti idi.
Ulu Öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin həmin ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Ulu Öndərin layiqli varisi olan İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmanın inkişafı daha da sürətləndi. İdmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır. Hazırda 34 regional Olimpiya Mərkəzi tikilmişdir, 8 mərkəzdə tikinti davam edir. Əminəm ki, yaxın zamanlarda hər bir rayon mərkəzində müasir Olimpiya İdman Kompleksi açılacaqdır. Bu siyasəti biz 2000-ci ildən başlamışıq və son 12 il ərzində, demək olar ki, bölgələrimizin əksəriyyətində müasir Olimpiya kompleksləri tikilmişdir. Gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim milli Olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri də öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş Olimpiya komplekslərində başlamışlar.
"Gənclərin idmana olan marağı, xüsusilə, böyük əhəmiyyətə malikdir"
Gənclərin idmana olan marağı, xüsusilə, böyük əhəmiyyətə malik olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu maraq, eyni zamanda, beynəlxalq yarışların nəticələrində də özünü göstərir: "Gənclər arasında keçirilən birinci Ümumdünya Olimpiya oyunlarında Azərbaycan idmançıları böyük uğurlar qazanmışlar və komanda hesabında 10-cu yeri tutmuşlar. Bu, onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir, gənclər idmana böyük maraq göstərir. Beləliklə, bu, bizə imkan verəcəkdir ki, bundan sonra bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişdikcə uğurlarımız da davamlı olsun. Kütləviliyə gəldikdə, bir daha demək istəyirəm ki, əlbəttə, idman, hər bir insan üçün gündəlik həyat tərzi olmalıdır. Mən idmanla məşğul olmağı hər bir vətəndaşa tövsiyə edirəm. İdmanın çox böyük xeyiri vardır. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə, Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər. Təsadüfi deyildir ki, Azərbaycan cəmiyyətində idmançılara çox böyük hörmət vardır. Bu hörməti idmançılarımız həm öz qələbələri, həm də cəmiyyətdə olan fəaliyyətləri ilə qazanmışlar".
Çıxışının sonunda milli olimpiyaçılarımıza böyük ruh və fərəh hissi bəxş edən Prezident İlham Əliyev onların oyunlarını izləyəcəyini vurğulayıb və onların hər birinə uğur arzulayıb: "Bilin ki, hər bir Azərbaycan vətəndaşı kimi, mən də oyunları izləyəcəyəm, sizə azarkeşlik edəcəyəm və sizin qələbələrinizi gözləyəcəyəm".
Bizlər də inanırıq ki, bu tədbirlərin həyata keçirilməsi bütün sahələrdə dinamik inkişaf edən Azərbaycana idman sahəsində möhtəşəm qələbələr qazandıracaqdır.
RÖVŞƏN NURƏDDİNOĞLU