PDF Oxu

Siyasət

  • 38

Azərbaycan sivilizasiyaların kəsişdiyi məkandır

Azərbaycan sivilizasiyaların kəsişdiyi məkandır

Son illərdə Azərbaycanda təşkil olunan beynəlxalq səviyyəli tədbirlər bu məkana dünya dövlətləri tərəfindən ayrılan rəğbətin göstəricisidir. Müxtəlif məzmunlu tədbirlərin ölkəmizdə keçirilməsi və bu tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkəmiz üçün fərəhləndirici məqamdır. Etiraf edək ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, millətlərin sülh şəraitində yaşadığı məkan olduğundan, paytaxtımız siyasi-iqtisadi-mədəni sahələrdə dialoqun keçirildiyi yerlərdən birinə çevrilib. Möhtəşəm tədbirlərin keçirilməsinə imza atan Azərbaycanda, paytaxt Bakıda təşkil olunan tədbirlərdən biri də bu günlərdə keçirilən Krans Montana Forumu oldu.

Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən, Krans Montana Forumu çərçivəsində layiqincə qiymətini aldı. Xatırladaq ki, 2011-ci ildə Brüsseldə Krans Montana Forumunda Prezident İlham Əliyev bu təşkilatın ən ali mükafatına - "Prix De La Fondation" mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva isə Forumun Qızıl Medalına layiq görülüblər. Krans Montana Forumunun bu il Bakıda keçirilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir. Bakıda keçirilən forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanda həmişə multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini inkişaf etdirməyə üstünlük verir və bunun gücləndirilməsinə çalışırıq: "Çünki qloballaşan bugünkü dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Ona görə də bir daha qeyd etmək istərdim ki, müxtəlif etnik mənşəyə mənsub olan, müxtəlif mədəniyyətləri təmsil edən insanların əsrlər boyu burada birlikdə yaşaması Azərbaycan üçün təbii bir hal olub. Azərbaycan çox böyük tarixə malik olan bir ölkədir".

Forum çərçivəsində iştirak edən qonaqların Azərbaycanın artan potensialı, sürətli inkişafı diqqətdən kənarda qalmamışdır. Gürcüstan prezidenti Mixeil Saakaşvili çıxışında beynəlxalq tədbirin Bakıda, gözəl bir yeni binada - Heydər Əliyev Mərkəzində keçirilməsini Azərbaycanın sürətli iqtisadi inkişafının bariz göstəricisi olduğunu bildirib. Azərbaycan enerji ehtiyatlarının paylanılması, düzgün bölünməsi sayəsində iqtisadi sahədə çox uğurlar əldə etdiyini vurğulayan M.Saakaşvili bundan başqa, sosial, mədəniyyət və təhsil sahələrində böyük inkişafın əldə olunduğunu bildirib: "Yeni məktəblər tikilmiş, istifadəyə verilmişdir. Bu, bütün regiona örnəkdir".

Azərbaycan öz tarixinə hörmətlə yanaşan bir məkandır. İqtisadi nöqteyi-nəzərdən çox sabit ölkədir. Bütün bunlarla yanaşı, bu gün Azərbaycanın narahtçılığına səbəb olan Ermənistan-Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Belə tədbirlərin ölkəmizdə keçirilməsi mövcud problemlərin dünya ictimaiyyətinə daha da yaxından çatdırılmasında önəmlidir. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, bildirib ki, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması beynəlxalq hüquqa ziddir: "Bu, eyni zamanda, regionda olan sabitliyə çox böyük zərbə vurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Ən yüksək beynəlxalq dairələrdə qətnamə qəbul etmək, sonra da onları icra etməmək. Bu, axı, beynəlxalq ikiüzlülükdür! Nəyə görə biz hamımız öz səsimizi qaldırmayaq? Nəyə görə tələb etməyək ki, həmin qətnamələr icra olunsun, işğal olunan torpaqlar azad edilsin?"

Bütün bunlar beynəlxalq aləmin Azərbaycana olan real baxışlarının məntiqidir.


NƏZAKƏT

Digər xəbərlər