Azərbaycanın bölgədə güclü sərmayədar ölkə statusuna malik olması artıq dünyanın ən nüfuzlu analitik tədqiqat mərkəzlərinin son illər apardığı əsas təhlil mövzularından birinə çevrilib. Respublikamızın dünyada potensial investor olmasını öz hesabatında xüsusi qeyd edən beynəlxalq reytinq agentlikləri hesab edirlər ki, Azərbaycan regionda xalis kreditor mövqeyi çox güclü olan dövlətdir. Xarici biznes dairələri ölkəmizdəki investisiya mühitini ciddi şəkildə təhlil edərək, şəffaf biznes mühitini və xarici sərmayədarların fəaliyyəti üçün təmin edilmiş cəlbedici sərmayə atmosferasını təqdir edirlər.
Göründüyü kimi, Azərbaycan bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və iri infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq etməkdədir. Ölkəmiz region ölkələrinin neft-qaz, neft-kimya, yanacaq-energetika,sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək, iqtisadiyyatın inkişafına töhfəsini verir. Bu gün Azərbaycan dünyanın ən modern və potensial investorlarından biri kimi qəbul edilməkdədir və ölkəmizin sərmayəsini istəyən xarici dövlətlərin sayı artmaqdadır. Azərbaycan Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirməkdədir. Ölkəmizin xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin həcmi 10 milyard dollardan çoxdur. Xaricə yatırılan investisiyalar Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, onun ümumi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayır. Hər bir xarici sərmayə Azərbaycanın gələcəyi, sabahın etibarlı maliyyə təminatı deməkdir. Xarici dövlətlərə yatırılan sərmayələr Azərbaycan üçün böyük əhəmiyyətə malikdir və dəyəri milyard dollarlarla ölçülən investisiyalar Azərbaycanın gələcək güclü maliyyə rezervləri deməkdir. Respublikamızın regionda güclü potensial sərmayədar ölkəyə çevrilməsi, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə təkan verən əsas amillərdən biridir. Hazırda qlobal meyillərin dərinləşdiyi bir dövrdə hər bir ölkənin milli maraqlarının və mövqeyinin möhkəmlənməsinə təsir göstərən faktorlardan biri fəal investisiya siyasətidir.
İnvestisiyalar Azərbaycanın iqtisadiyatını gücləndirməklə yanaşı, onun ümumi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayır
Nəhəng maliyyə resurslarına malik olan ölkəmiz iqtisadi maraqlarının təmin olunması çərçivəsində son illərdə xarici ölkələrə dəyəri milyardlarla dollar həcmində olan sərmayələr yatırır. Həmin investisiyalar Azərbaycanın iqtisadiyyatını gücləndirməklə yanaşı, onun ümumi maraqlarının təmin edilməsində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, xarici ölkələrə qoyulan investisiyalar mövqelərimizi möhkəmləndirir, regiondakı rolumuzu artırır: "Azərbaycanda iş görmək üçün yaxşı şərait, çox yaxşı investisiya mühiti var, xarici sərmayələr dövlət tərəfindən lazımınca qorunur".
Dünya investisiya bazarında öz potensial gücünü dünyaya nümayiş etdirən Azərbaycanın iri şirkətlərinin fəaliyyətinin təhlili isə göstərir ki, respublikamızın xaricə sərmayə yatıran investorları yalnız bir məqsədi- azad bazar prinsiplərini və ədalətli rəqabət mühitinin təmin olunmasını, eyni zamanda, şəffaflığı başlıca meyar hesab edirlər. Dünyada inkişaf etmiş potensial investor dövlətin investisiya reytinqinin formalaşmasında şəffaflıq elementi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına sərmayə yönəldən şirkətləri fəaliyyətlərini şəffaf şəkildə quraraq, nüfuz və etimad qazanıblar. Bunun nəticəsidir ki, bölgədə son illər elan olunan iri investisiya müsabiqələrində Azərbaycan şirkətləri qalib gəlir. Bu, şəffaflıq, antikorrupsiya, azad rəqabətlə bağlı Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Respublikamızın korrupsiya ilə mübarizə strategiyası, göründüyü kimi, xarici iqtisadi fəaliyyət sahələrində də öz mühüm nəticələrini göstərməkdədir.
RƏFİQƏ KAMALQIZI