Məlum olduğu kimi, sürətlə inkişaf edən Azərbaycan Respublikası bu gün dünyanın diqqət mərkəzindədir. ABŞ, Rusiya, Avropa təsisatları və digər beynəlxalq münasibətlər sisteminin fəal aktorları, güc mərkəzləri dövlətimizi regionun faktiki söz sahibi olduğunu qəbul edir və rəsmi Bakının mövqeyilə hesablaşırlar. Bu mənada, Azərbaycana olan rəsmi və işgüzar səfərlər siyasi-iqtisadi, humanitar və strateji münasibətlərin möhkəmləndirilməsi baxımından, xüsusi əhəmiyyət daşıyır. Belə səfərlər zamanı isə Azərbaycanın artan tempdə inkişafının, Bakı şəhərinin gözəlliyinin vurğulanması isə, onu göstərir ki, artıq dövlətimizin hərtərəfli tərəqqisi günün reallığıdır. Azərbaycanda səfərdə olmuş Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy da Bakının gözəlliyinə heyran olduğunu dilə gətirib...
Herman Van Rompuy Azərbaycanın inkişafını yüksək qiymətləndirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşən Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy mətbuat nümayəndələri üçün bəyanatla çıxış edərkən Avropa Birliyi-Azərbaycan əlaqələrini və əməkdaşlıq nəticəsində əldə edilən faydanı yüksək qiymətləndirməklə yanaşı, vurğulayıb ki, bu, Avropa Birliyinin, Azərbaycanın və bütün regionun maraqlarına xidmət edir. Herman Van Rompuy Azərbaycanla Avropa Birliyi arasında müxtəlif sahələrdə əlaqələrin intensivləşməsini müşahidə etdiyini də gizlətməyib: "Bütün səviyyələrdə ikitərəfli siyasi əlaqələrimiz, həmçinin, insanlar ilə işgüzar dairələr arasında əlaqələr də intensivləşir. Biz bir çox əhəmiyyətli beynəlxalq məsələlərdə Sizin dəstəyinizi yüksək qiymətləndiririk".
"Enerji əməkdaşlığımızın ikitərəfli əlaqələrimizin mühüm müsbət ölçüsü kimi sürətlə inkişaf edir" - deyən Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy diqqətə çatdırıb ki, "Cənub" qaz dəhlizi və "Transxəzər" kəməri ilə bağlı davam edən danışıqlar Azərbaycan və Avropa Birliyi üçün strateji əhəmiyyət kəsb edir: "Mən bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında Transanadolu kəməri ilə bağlı əldə olunan anlaşmanın rəsmiləşdirilməsini alqışlayıram. Bu, "Cənub" qaz dəhlizinin həyata keçirilməsi istiqamətində Azərbaycanın və bizim öhdəliyimizi daha da möhkəmləndirir".
Azərbaycanla bağlı müsbət fikirlərini gizlətməyən Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy Azərbaycanı dünyəvi cəmiyyət kimi qiymətləndirib və insanlarımızın müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması prinsipinə sadiqliyini müasir dünyanın əhəmiyyətli faktoru olduğunu vurğulayıb: "Avropa Birliyinin və regionun sabit, mütərəqqi və tolerant, demokratik islahatlara və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı vardır".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə edilməsi əsas prioritet olaraq qalmalıdır: "Həll yolu tapılmadan keçən hər gün bizim hamımız üçün itirilmiş imkandır. Münaqişənin həllinə nail olmaq üçün etimadın yaradılmasına, inam və hörmətə ehtiyac var".
İctimaiyyət nümayəndələrilə görüş, Bakının mənzərəsini seyr etmək Herman Van Rompuyda zəngin təəssürat yaradıb
Herman Van Rompuy Bakıya səfəri zamanı Azərbaycan Dillər Universitetində olub, Milli Məclisdə görüş keçirib, Dövlət Bayrağı Meydanında və İçərişəhərdə Bakı şəhərinin tarixi ilə yaxından tanış olub. Bütün tədbirlər zamanı Herman Van Rompuy yalnız ölkəmizin inkişafından söz açıb. Azərbaycanın əlverişli coğrafi mövqedə - Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi baxımından nadir ölkə olduğunu deyən AB Şurasının prezidenti ölkəmizdə gördüyü inkişaf proseslərini yüksək qiymətləndirib. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və anlaşma şəraitində yaşadıqlarını söyləyən qonaq son illərdə ölkəmizin, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də böyük uğurlar qazandığını diqqətə çatdırıb.
Herman Van Rompuy Azərbaycan ilə AB arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb, respublikamızın həm hasilatçı, həm də tranzit ölkə kimi önəmini vurğulayaraq, təşkilat ilə enerji sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirib.
Herman Van Rompuy bildirib ki, AB Azərbaycanın regionda artan roluna böyük əhəmiyyət verir. Qurum, həmçinin, Azərbaycanı enerji sahəsində etibarlı tərəfdaş hesab edir. AB Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün enerji layihələrini dəstəkləyir.
AB Şurasının prezidenti Azərbaycanda insan hüquqlarının qorunması sahəsində vəziyyətin yaxşılaşdırılması və demokratiyanın inkişafı istiqamətində görülən işləri də yüksək qiymətləndirib.
Vaxtın çoxluğuna baxmayaraq, Herman Van Rompuy radikal müxalifətlə görüşmədi
Beləliklə də, Bakıya səfəri zamanı Herman Van Rompuy dövlət rəsmiləri, ictimaiyyət nümayəndələrilə görüşüb və Bakı ilə yaxından tanış olub. Əlbəttə ki, vaxtının çoxluğuna baxmayaraq, Avropa Birliyi Şurasının prezidenti radikal müxalifətin sədrlərilə görüşməyib və ya görüşmək istəməyib. Bunun isə çox sadə səbəbləri var. Birincisi, hər kəs kimi Herman Van Rompuy da bilir ki, dağıdıcı müxalifətin başında duran Əli Kərimov və İsa Qəmbərov şəxsi maraqları naminə istənilən qüvvələrlə iş birliyinə razı olan radikallardır. Onları heç bir halda Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyət və demokratik inkişaf maraqlandırmayıb. Onları yalnız bəzi anti-Azərbaycan dairələrindən ayrılan maliyyə vəsaitləri düşündürür. İkincisi, istər Əli Kərimovun, istərsə də, İsa Qəmbərovun Azərbaycan xalqı arasında dəstəyi və nüfuzu yoxdur. Bu insanlar konkret məqsədə və mərama malik olmayan, hər gün siyasi oriyentasiyasını dəyişən qaragüruhçulardır.
Bir sözlə, Hillari Klintondan sonra Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuyun da Bakıya səfəri zamanı müxalifətlə görüşməməsi dağıdıcıların dünya birliyi tərəfindən qəbul edilmədiyini bir daha sübut edir. Bununla da, isbatlanıb ki, Əli Kərimov və İsa Qəmbərovun başında durduğu dağıdıcı müxalifət, nəinki Azərbaycanda, hətta xaricdə belə önəmli qüvvə kimi qəbul edilmir.
"Səs" Analitik Qrupu