Ölkəmizin sosial-iqtisadi inkişafı getdikcə daha böyük və sürətli vüsət almaqdadır. Son səkkiz ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artaraq, ölkənin ümumi valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunubdur.
Dövlət proqramları tarazlı inkişafın təminatını sürətləndirir
Respublikamızın son səkkiz ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də, ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Bunun əsası isə səkkiz il əvvəl - 2004-cü il fevralın 11-də dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2009-cu illər)" ilə qoyulubdur. Ölkənin davamlı və tarazlı inkişafına yönəldilmiş bu ümummilli proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyuldu, bölgələrdə iqtisadi fəallıq xeyli dərəcədə canlandı, insanlarda təşəbbüskarlıq hissi gücləndi. Birinci regional inkişaf proqramı uğurla başa çatdırıldıqdan sonra 2009-cu il aprelin 14-də Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə daha bir analoji sənəd qəbul olundu. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılması ilə ölkəmizin davamlı və tarazlı inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoydu.
"Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik"
Dövlət başçısı İlham Əliyevin regionlara səfərləri zamanı regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini çıxışlarında vurğulayaraq demişdir: "Ölkəmiz hətərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir".
Beləliklə də, dövlət başçısının bölgələrə səfərləri bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirləri görür. Eyni zamanda, ardıcıl səfərlər nəzərdə tutulan planların reallaşmasına təkan verir. Bu isə, son nəticədə ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır...
RƏFİQƏ HÜSEYNOVA