"Növbəti aylar, illər ərzində bizim xarici siyasətlə bağlı işimiz daha da böyük, əlaqələrimiz daha da geniş olacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimiz ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmayıb və olmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Məndə buna heç bir şübhə yoxdur".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında deyib.
"Status-kvo"nun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir"
Ölkə rəhbəri danışıqlar prosesində müəyyən durğunluğun olduğunu da istisna etməyərək, bildirib ki, hələ ki, "status-kvo"nu dəyişdirən konkret, real addımlar atılmır: "Baxmayaraq ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin başçıları yeni bəyanatla çıxış ediblər və "status-kvo"nun qəbuledilməz olduğunu bir daha təsdiq ediblər. Hələ ki, "status-kvo"nu dəyişdirən konkret, real addımlar atılmır. Ancaq bu, qaçılmazdır. "Status-kvo" dəyişdirilməlidir".
Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının, Avropa Birliyi Şurası prezidentinin Bakıda olarkən, ATƏT nümayəndələrinin, digər beynəlxalq təşkilatların və siyasətçilərin "status-kvo"nun qəbuledilməz olduğunu dəfələrlə bəyan etmələrini xatırladan Prezident İlham Əliyev vurğulayıb ki, bu kimi bəyanatlar çox dəyərli bəyanatlardır: "Status-kvo"nun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir. Bu işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxdıqca, əlbəttə ki, danışıqlar prosesində də müsbət meyillər daha da güclənəcək və bu məsələ tezliklə öz həllini tapacaq".
"Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir"
Dövlət başçısı onu da vurğulayıb ki, bütün siyasi və diplomatik səylərlə yanaşı, Azərbaycan hərbi qüdrətini də artırır, gücləndirir. Belə ki, Azərbaycanda güclü ordu yaradılıb və bu proses hazırda da uğurla davam etdirilir: "Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir. Azərbaycanın iqtisadi imkanları genişlənir. Azərbaycan nəinki bölgədə, dünya miqyasında güclü ölkəyə çevrilir. Əlbəttə ki, bizim iqtisadi və maliyyə, eyni zamanda, siyasi resurslarımız məsələnin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaq. Bizim həm iqtisadiyyatımız, həm valyuta ehtiyatlarımız, həm də əhalimiz artır. Son məlumata görə, artıq Azərbaycanın əhalisi 9,3 milyon nəfərə çatıb. Ermənistana gəldikdə, ancaq onların rəsmi statistikasına görə ilin birinci beş ayında 80 min nəfər o ölkəni həmişəlik tərk edib. İlin sonuna qədər bu rəqəm təqribən 170, 200 minə çatacaq. Beləliklə, bir neçə ildən sonra, ümumiyyətlə, demoqrafik vəziyyət həlledici məqama çevriləcək". Ermənistandan fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyətin müsbət olduğunu qeyd edən ölkə rəhbəri bildirib ki, O, bu məsələyə xüsusi diqqət yetirir: "Təsadüfi deyil ki, son çıxışlarımda mən bu məsələyə xüsusilə diqqət yetirirəm. Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, müsbətdir, təbii artım var. Ancaq hesab edirəm ki, bu artım daha da güclü olmalıdır. Bu artımı stimullaşdırmaq və əhalinin artımını təmin etmək üçün, yəqin ki, əlavə tədbirlər görülməlidir. İqtisadiyyatımız, sənaye gücümüz, maliyyə imkanlarımız, imkan verəcək ki, biz indiki səviyyədən iki dəfə çox əhalini işlə təmin edək və bütün şəraiti yaradaq. Əlbəttə ki, bu, olacaq. Bu gün 9,3 milyondur. Bir neçə ildən sonra olacaq 15 milyon, 20 milyon. Yəni, bu proses gedir və gedəcək. Biz indidən müəyyən əlavə tədbirlərin görülməsi ilə bu prosesi daha da stimullaşdırmalıyıq. Ermənistana gəldikdə, bəlkə də Ermənistan rəhbərləri sevinir ki, əhali azalır. Çünki orada nə iş yerləri, nə pul, nə iqtisadiyyat, nə sənaye, nə də heç bir perspektiv yoxdur. Əhali nə qədər azalsa, hökumətin üzərinə düşən yük də o qədər azalır. Bu, bir yanaşmadır".
"Xocalı soyqırımını tanıyan ölkələrin sayı daha da artacaq"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, dövlət başçısı qeyd edib ki, son müddət ərzində Xocalı soyqırımını soyqırımı kimi tanıtdırmaq üçün dövlət, hökumət, diplomatiya, ictimai təşkilatlar, diaspor təşkilatları çox böyük işlər görüb: "Bu, çox vacib və çox önəmli məsələdir. Artıq üç ölkə - Kolumbiya, Meksika və Pakistan Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul edib. Əminəm ki, bu proses davam etdirilməlidir və etdiriləcək. Həm səfirliklərimiz, əlbəttə ki, dövlət qurumları, ictimai təşkilatlar bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər. Getdikcə Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı daha da artacaq".
RÖVŞƏN NURƏDDİNOĞLU