PDF Oxu

Siyasət

  • 56

14 İYUL 1969-CU İL - DÖNÜŞ YARADAN ŞƏRƏFLİ TARİX

14 İYUL 1969-CU İL - DÖNÜŞ YARADAN ŞƏRƏFLİ TARİX

1969-cu ilin 14 iyul günü Azərbaycan xalqının həyatında önəmli günlərdəndir. Ulu Öndərimiz Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsi xalqımızın taleyində mühüm tarixi mərhələnin başlanğıcı oldu.

Bu tarixi günlə bağlı ziyalıları, siyasi partiya üzvləri öz fikirlərini söyləyərkən, qeyd etdilər ki, millətə xidmət edənlər, bu xidmətin sayəsində yüksələnlər xoşbəxtdirlər.


Mehriban Abasquliyeva: "14 iyul 1969-cu il Azərbaycanın ən yeni tarixinə dönüş mərhələsi kimi daxil oldu"


YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva 14 iyul 1969-cu ilin Azərbaycanın ən yeni tarixinə dönüş mərhələsi kimi daxil olduğunu söylədi: "İlk sözümə türk xalqının lideri Mustafa Kamal Atatürkün fikirləri ilə başlamaq istəyirəm: "Millətə əfəndilik etmirlər, millətə xidmət edirlər. Millətə xidmət edənlər millətin əfəndisi səviyyəsinə yüksəlirlər". Bu, həqiqətən də, belədir. Çünki millətə xidmət edən liderlər millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu bildiklərinə görə xalq üçün yaşamaqdan, yaratmaqdan xüsusi zövq alırlar. Eyni zamanda, millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə əbədi yaşayırlar, millətlə birlikdə bütün dünyaya səs salırlar. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev kimi... 1969-cu ildə, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə birinci gəlişi dövründə vəziyyət çox ağır idi. Respublikada, sözün əsil mənasında, baxımsızlıq hökm sürürdü-iqtisadiyyat sürətlə geriləyir, sosial problemlər artırdı. Bu dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə - 13-14 ildə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Həmin dövrdə Azərbaycan böyük bir tikinti meydançasını xatırladırdı: Elmlər Akademiyasının yeni binalarının və Bakı metrosunun yeni stansiyalarının tikintisi, indiki Respublika və Prezident saraylarının, "Azərbaycan" və "Abşeron" mehmanxanalarının inşa edilməsi, Bakıda neftmaşınqayırma, Sumqayıtda kimya-metallurgiya, Gəncədə alüminium sənayesinin yaradılması, ittifaq əhəmiyyətli Dərin Özüllər və Kondisioner zavodlarının Bakıda tikilməsi, onlarla su və istilik elektrik stansiyalarının istifadəyə verilməsi, Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda, Mingəçevirdə yeni-yeni yaşayış massivlərinin inşa edilməsi, Abşeron yarımadasında bütöv bir kurort-istirahət zolağının yaradılması, neçə-neçə ali təhsil müəssisələrinin, hərbi məktəblərin açılışı və s. Neft sənayesinin dirçəldilməsi, kənd təsərrüfatının ayağa qaldırılması, zəhmətə, zəhmətkeşə qiymət verilməsi və bu kimi uğurlu işlər bugünkü Azərbaycan sivil dövlətlər səviyyəsinə gətirdi. Qısa bir müddətdə - 1969-1982-ci illərdə respublikada nəhəng elektrik energetikası kompleksi quruldu. Mingəçevirdə 2400 meqavat gücündə istilik-elektrik stansiyası tikilib istifadəyə verildi. Kür çayı üzərində ən böyük stansiya - 380 meqavat gücündə Şəmkir su-elektrik stansiyası inşa edildi. Həmin illərdə Araz su və Sərhəng su-elektrik stansiyaları istismara verildi. Bu uğurlara xalqımız Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə nail olmuşdur. Bu gün isə bu uğur magistralında bizə Ulu Öndərimizin layiqli davamçısı - Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev kimi vətənpərvər, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir.


Habil Qurbanov: "43 il öncə başlanan yol Ulu Öndər Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub"


YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov 43 il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin bütün fəaliyyəti ilə ictimai şüura daxil olduğunu bildirdi: "Azərbaycanın ən yeni tarixində iyun və iyul ayları xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, bu aylar ölkənin, xalqın, millətin taleyinin həllində çox vacib olan günlərlə zəngindir. 1969-cu ilin 14 iyulunu xatırlamaq kifayətdir. Bu gün, birmənalı şəkildə qeyd etmək olar ki, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütün parametrlərinə, statistik və qeyri-göstəricilərinə və nəhayət, Azərbaycan xalqının canlı yaddaşındakı yerinə görə bütün müqayisələrdən yüksəkdir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür.

Bir məqamı xatırlamaq kifayətdir ki, Ulu Öndər Heydər Əliyev 43 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycan müstəqil olandan sonra onun ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 36 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Əlbəttə, indi bəziləri 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma bu qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi".


Nizami Əhmədov: "1969-cu il iyulun 14-də Azərbaycanın inkişafında tarixi bir mərhələnin əsası qoyuldu"


YAP Qax rayon təşkilatınnı sədri Nizami Əhmədov 1969-cu il iyulun 14-də Azərbaycanın inkişafında tarixi bir mərhələnin əsasının qoyulduğunu vurğuladı: "XXI əsrin zirvəsindən baxanda 14 iyul seçimi, onun tarixi əhəmiyyəti daha aydın görünür. Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycanın inkişafında tarixi bir mərhələnin əsası qoyuldu: yeni düşüncə tərzi, iti ağlı və zəkası, ən çətin anlarda belə düzgün qərarlar qəbul etmək bacarığı ilə diqqəti cəlb edən gənc və işgüzar general - Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sədri Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi. Bu seçim Azərbaycanımızın və xalqımızın taleyində misilsiz bir rol oynadı - həlledici məqamda Azərbaycan Respublikasının sükanı arxasında milli dövlətçilik təfəkkürünə malik bir şəxsiyyət dayandı.

Aqillər deyir ki, ölkənin inkişaf etməsi, irəli getməsi iqtisadiyyat sahəsində qazanılan uğurlardan başlayır. Ümummilli Liderimiz Heydər Əliyev də öz fəaliyyətində bu tezisi rəhbər tuturdu, xalqın, dövlətin gələcəyinin bu günün iqtisadiyyatından asılı olduğunu öz dahi təfəkkürünün zirvəsindən çox gözəl görürdü. Odur ki, respublika iqtisadiyyatının inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri hesab edirdi. Bu faktı da qeyd edim ki, Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparırdı. Digər tərəfdən də Azərbaycanın Ermənistanla cəbhə xəttində baş verən məğlubiyyətlər, uğursuzluq ölkədə dərin böhranın yaranmasına gətirib çıxarırdı. Sözün həqiqi mənasında, əsil hərc-mərclik var idi. Belə bir anda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə o vaxtkı hakimiyyət Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işləyən Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı dünyada tanıda bildi.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər