Məlum olduğu kimi, bu il Azərbaycan \"Eurovision\" mahnı yarışmasına ev sahibliyi etdi. \"Eurovision-2012\" müsabiqəsi o dərəcədə yüksək səviyyədə təşkil olundu ki, Azərbaycana gəlmiş xarici jurnalistlərdən tutmuş adi turistlərə qədər hər kəsi heyrətləndirdi. Bu heyrət isə mahnı müsabiqəsinin keçirildiyi məkandan tutmuş, Bakı şəhərinin gözəlliyinə əlavə rəng qatan infrastruktur quruculuğuna qədər gedib çıxırdı. Bütövlükdə, dünyanın 500 milyondan artıq tamaşaçısının izlədiyi \"Eurovision-2012\" yarışması bir çox rekordlara görə də öncüllər sırasına çıxdı.\"Eurovision\" yarışması bir mədəniyyət hadisəsi olmaqla yanaşı, həm də özündə bir çox faktorları birləşdirir. Belə ki, bu yarışmanın keçirildiyi məkan, ilk olaraq, Avropa mədəniyyətinə və sivilizasiyasına aid olunur, onun dəyərlərini bölüşür. İkincisi, mahnı yarışmasına ev sahibliyi edən ölkə özünün mədəniyyətini və dəyərlərini avropalılarla bölüşür, bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyev iyul ayının 11-də keçirdiyi Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, məhz bu məsələyə toxunaraq, vurğuladı ki, \"Eurovision\" mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi bizə imkan verdi ki, ölkəmizi dünyaya olduğu kimi təqdim edək: \"Eurovision-2012\" təşkilati nöqteyi-nəzərdən ən gözəl müsabiqə idi. Azərbaycana gələn minlərlə xarici qonaq təşkilati məsələləri yüksək qiymətləndirdi və bütövlükdə, şəhərimizə heyran oldu. Bakıda keçirilmiş \"Eurovision\" müsabiqəsi başqa şəhərlər üçün nümunə ola bilər\".Əlbəttə ki, bundan sonra Azərbaycanın təşkil etdiyi \"Eurovision-2012\" yarışması hələ uzun müddət yaddaşlarda qalacaq və nümunə olaraq, göstəriləcək. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, hər şans düşəndə ölkəmizə arxadan zərbə vurmaq istəyən qüvvələr həm təşkilati məsələlərə, həm də ictimai-siyasi ab-havaya təsir etmək, mənfi xarakterli addımlar atmaq üçün çox canfəşanlıq nümayiş etdirirdilər. Onların sırasında, əlbəttə ki, ilk növbədə, erməni lobbisi, onlarla maraqlarını uzlaşdıran xarici anti-Azərbaycan dairələri və Azərbaycandakı anti-milli qüvvələr var. Dövlətimizin başçısı İlham Əliyev bu məsələyə toxunaraq, diqqətə çatdırıb ki, \"Eurovision-2012\" zamanı anti-Azərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə gedib: \"Bu vaxta qədər sadəcə mahnı yarışması olan \"Eurovision\" Azərbaycana gəldikdə, onu siyasiləşdirmək istəyən qüvvələr tapıldı və Azərbaycana qarşı böyük və çirkin kampaniya başladı. \"Eurovision-2012\" zamanı anti-Azərbaycan qüvvələrin birləşməsi prosesi sürətlə getmişdir. Azərbaycan dövləti üçün bir nömrəli düşmən dünya erməni lobbisidir. Onlar gündəlik fəaliyyətdə Azərbaycanı ləkələmək, qaralamaq, şayiə, böhtan yaymaq üçün çalışırlar. Avropada islamofobiya xəstəliyinə düçar olmuş bəzi dairələr bu kampaniyaya qoşuldu. Belə fikirlər səsləndi ki, müsəlman ölkəsində Avropa müsabiqəsi keçirilə bilməz. Üçüncü qüvvələr, sadəcə olaraq, böhranlı illərdə Azərbaycanın sürətli inkişafını həzm edə bilməyən və uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Xarici dairələrə qoşulmuş yerli, antimilli qüvvələr, özünü müxalifət adlandıran, əslində, uzun illər anti-Azərbaycan mövqeyində dayanan və Azərbaycana qarşı kampaniya aparan elementlər, ünsürlər vardır. Bütün bunların simbiozu birləşərək Azərbaycana qarşı çox çirkin, yalan və böhtan üzərində kampaniya aparmağa başlamışlar\".Bütün cəhdlərə baxmayaraq, anti-Azərbaycan kampaniyası haqqında bütün cəmiyyət xəbərdar oldu. Hər bir Azərbaycan vətəndaşı bu kampaniyanın arxasında kimlərin durduğunu və hansı məqsədlə bunu etdiklərini aydın şəkildə başa düşdülər.Buna görə də, edilən cəhdlərə və çirkin kampaniyaya baxmayaraq, Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi.