PDF Oxu

Siyasət

  • 40

Azərbaycanla Tacikistanı tarixi dostluq əlaqələri birləşdirir

Azərbaycanla Tacikistanı tarixi dostluq əlaqələri birləşdirir

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun iyulun 12-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Respublikasının Prezidentinə raport verdi. Tacikistan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Tacikistan Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər rəsmi foto çəkdirdilər.

İyulun 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirildi. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.

Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə bildirdi ki, bu səfər əlaqələrimizin inkişafına yeni təkan verəcək:

"Hörmətli Emoməli Şərifoviç!

Hörmətli qonaqlar!

İcazə verin, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayım. Xoş gəlmişsiniz!

Dəvətimizi qəbul edib ölkəmizə rəsmi səfərə gəldiyiniz üçün Sizə təşəkkür edirəm. Biz Sizin səfərinizə və bütövlükdə dövlətlərimiz arasında yaxşı tarixə və gözəl perspektivə malik olan münasibətlərə çox böyük əhəmiyyət veririk. Bu gün biz Sizinlə siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin mühüm məsələlərinə dair fikir mübadiləsi apardıq, konkret məsələlərin həlli yollarını qeyd etdik. Sizin səfərinizin müsbət məzmun kəsb etməsi üçün bu gün müvafiq qurumlara konkret tapşırıqlar veriləcəkdir.

Ümid edirəm ki, səfər çox uğurlu olacaqdır. İmzalayacağımız sənədlər də qarşılıqlı münasibətlərin inkişafı üçün yaxşı yeni baza yaradır. Xalqlarımız arasında tarixən çox yaxın, qardaşlıq münasibətləri vardır. Bu münasibətlər dövlətlərimizin qarşılıqlı maraqları ilə möhkəmlənir. Biz beynəlxalq məsələlərdə, beynəlxalq qurumlarda da fəal əməkdaşlıq edirik. Bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Əlbəttə ki, Sizin ölkəni özümüzə dost və qardaş hesab edirik. Bütün istiqamətlər üzrə fəal əməkdaşlığın davam etdiriləcəyinə ümidvarıq. Buna görə də Sizin səfəriniz bizim münasibətlər üçün xüsusi əhəmiyyət kəsb edir. Əminəm ki, bu səfər əlaqələrimizin inkişafına yeni təkan verəcək və gələcəkdə ölkələrimizin və xalqlarımızın rifahı naminə iki dost, qardaş dövlət kimi fəal qarşılıqlı əlaqə saxlayacağıq.

Bir daha xoş gəlmişsiniz."

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon səmimi qəbul üçün minnətdarlığını bildirib:

"Hörmətli İlham Heydər oğlu!

Əziz azərbaycanlı dostlar!

İcazə verin, hər şeydən əvvəl, bizi ölkənizə rəsmi səfərə dəvət etdiyinizə görə bir daha səmimi təşəkkürümüzü bildirim. Bizə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə və Sizin şəxsinizdə Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına minnətdarıq.

Biz bu səfərə böyük əhəmiyyət veririk və onu əsası 2007-ci ildə yüksək səviyyədə qarşılıqlı səfərlərlə qoyulmuş daimi əlaqələrimizin məntiqi davamı kimi qəbul edirik.

Hörmətli İlham Heydər oğlu, bu baxımdan biz Sizin Tacikistana səmərəli səfərinizi xüsusi hərarətlə xatırlayırıq. Bu səfər iki ölkənin bütün istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığının inkişafına güclü təkan vermişdir.

Tacikistan Azərbaycan Respublikası ilə səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Bu gün Tacikistan-Azərbaycan əlaqələri çoxşaxəlidir və əməkdaşlığın mühüm istiqamətlərini əhatə edir. BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra başqa beynəlxalq və regional birliklərin üzvləri olan ölkələrimizin obyektiv olaraq üst-üstə düşən maraq dairəsi genişdir. Bu, bizim imkanlarımızın bir-birini qarşılıqlı tamamladığı sahələrdə konkret birgə layihə və proqramların həyata keçirilməsində təcəssüm etməlidir. Bu baxımdan, tərəflərin qarşılıqlı əlaqələrinin digər universal və regional mexanizmləri, habelə ümumi qayğı mövzusu olan qlobal problemlər barəsində mövqelərin qarşılıqlı dəstəklənməsi iki ölkənin səylərinin əlaqələndirilməsi üçün əlverişli məkandır. Çox sağ olun."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyanatı"nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon imzaladılar. "Bakı Dövlət Universiteti və Tacikistan Milli Universiteti arasında əməkdaşlıq haqqında Müqavilə"ni Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Tacikistan Respublikasının təhsil naziri Nuriddin Saidov imzaladılar. "Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Tacikistan Respublikası Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Tacikistanın Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nematov imzaladılar.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Tacikistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov və Tacikistan Respublikasının kənd təsərrüfatı naziri Kosim Kosimov imzaladılar.

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Tacikistan Respublikasının mədəniyyət naziri Mirzoşoxrux Asrori imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və Tacikistan Respublikasının Gənclər, İdman və Turizm Komitəsinin sədri Malikşo Nematov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil sənədlərinin, elmi dərəcələrin və elmi adların qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş"i Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Tacikistan Respublikasının təhsil naziri Nuriddin Saidov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq üzrə Proqram"ı Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri, hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev və Tacikistan Respublikasının xarici işlər naziri Xamroxon Zarifi imzaladılar.

Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun ali ordenlərlə təltif olunma mərasimi keçirilib.

Prezident İlham Əliyev Tacikistan dövlətinin başçısına Azərbaycanın ali mükafatı - "Heydər Əliyev" ordenini, Prezident Emoməli Rəhmon isə Azərbaycan dövlətinin başçısına Tacikistanın ali mükafatı - "İsmoili Somoni" ordenini təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli Emoməli Şərifoviç!

Hörmətli dostlar!

Bu gün biz dövlətlərarası münasibətlərimizin inkişafının bir çox sahələrini müəyyənləşdirəcək mühüm sənədlər imzaladıq.

Bu gün biz əziz dostumuz Emoməli Şərifoviçi ölkəmizdə qəbul edirik. İndi Emoməli Şərifoviçə Azərbaycan dövlətinin ali mükafatı, müstəqil Azərbaycanın ən yüksək mükafatı olan "Heydər Əliyev" ordenini təqdim etmək istərdim.

Biz Emoməli Şərifoviçi görkəmli dövlət xadimi, bu gün dünyada böyük nüfuza malik olan, Tacikistan və tacik xalqının ən çətin dövründə bu ölkəyə rəhbərlik edən, ölkəni ağır vəziyyətdən, xaos və vətəndaş müharibəsindən inkişaf və tərəqqi yoluna çıxaran insan kimi tanıyırıq.


Uzun illər ərzində qardaş Tacikistana çox uğurlu rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında respublikanızda böyük dəyişikliklər olmuşdur. Sizin respublika inkişaf edir. Mən rəsmi səfərim zamanı Tacikistanın inkişaf dinamikasını şəxsən görmək imkanı əldə etmişəm. Yaxın vaxtlarda müzakirələrimizi davam etdirmək üçün yenidən Tacikistana səfər etmək niyyətindəyəm.

Biz Sizi, həmçinin ölkəmizin dostu kimi tanıyırıq. Siz Azərbaycanın dahi lideri Heydər Əliyev ilə fəal işləmisiniz. Bir çox hallarda Sizin birgə fəaliyyətiniz sayəsində ikitərəfli əməkdaşlığın bu cür səmərəli formatını yaratmaq mümkün olmuşdur. Sizin mənim atam ilə birgə əsasını qoyduğunuz əməkdaşlıq ənənələri bu gün uğurla davam etdirilir. Biz Sizi dövlətimiz və xalqımızın bütün problemlərinə həssaslıqla yanaşan insan kimi tanıyırıq. Azərbaycanın dostu kimi Azərbaycan dövlətinin yüksək mükafatını təqdim etmək imkanı mənə böyük zövq verir. Sizə və qardaş tacik xalqına xoş arzularımı çatdırıram, gələcəkdə uğurlar və tərəqqi arzu edirəm.

Prezident İlham Əliyev "Heydər Əliyev" ordenini Prezident Emoməli Rəhmona təqdim etdi. Tacikistan Prezidenti Emoməli Rəhmon minnətdarlığını bildirərək deyib:

Hörmətli həmkarlar!

Əziz dostlar!

Mən hörmətli İlham Heydər oğlunun söylədiyi fikirlərlə tamamilə razıyam. Biz hələ Heydər Əliyev ilə başladığımız işləri davam etdirmişik və davam etdirəcəyik. Heydər Əliyev çox müdrik siyasəti xadim idi.

Mənə verilən bu mükafatı xalqıma verilən mükafat kimi qiymətləndirirəm. Biz həmişə yaxşı münasibətlər qurmağa çalışmışıq. Mən həmişə xalqım və ölkəm üçün çətin illərdə bir çox məsələlərlə bağlı Heydər Əliyevdən məsləhət almağa çalışmışam. O vaxtdan bəri biz yaxşı münasibətlər qurmuşuq və bu dostluğu davam etdiririk, ikitərəfli münasibətlərimizi inkişaf etdiririk. Xüsusilə, son 10 ildə bizim ikitərəfli əməkdaşlığımız bütün istiqamətlərdə çox dinamik inkişaf edir. Yaxşı nəticələr vardır.

Bugünkü görüşlər və hörmətli İlham Heydər oğlunun dəvəti ilə rəsmi səfərim bizim ikitərəfli münasibətlərin inkişafına yeni impuls verəcəkdir. Biz bu gün ikitərəfli ticari-iqtisadi və humanitar sahələrdə əməkdaşlıqla bağlı, yəni bizim dövlətlər üçün qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərində yeni perspektivli planlar haqqında razılıq əldə etdik.

Biz qərara gəldik ki, hörmətli İlham Heydər oğlunu - mənim dostumu, Tacikistan-Azərbaycan əməkdaşlığının, bizim ikitərəfli əməkdaşlığın inkişafındakı xidmətlərinə, beynəlxalq forum və təşkilatlarda Tacikistanın mövqeyini, təşəbbüslərini dəstəklədiyinə görə Tacikistanın ali mükafatı olan "İsmoili Somoni" ordeni ilə təltif edək. Biz bir-birimizin təşəbbüslərini həmişə dəstəkləyirik və icazə verin, bu mükafatı dostum İlham Heydər oğluna təqdim edim. Təbrik edirəm. Prezident Emoməli Rəhmon "İsmoili Somoni" ordenini Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev minnətdarlığını bildirərək dedi:

- Əziz dost!

Mənim əməyimi belə yüksək qiymətləndirdiyinizə görə təşəkkür edirəm. Demək istəyirəm ki, bundan sonra da ölkələrimiz və xalqlarımız arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsi üçün var qüvvəmlə çalışacağam.

Bu münasibətlərin böyük tarixi vardır. Bizim xalqlarımız həmişə qardaşlıq və anlaşma şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət kimi əməkdaşlığın möhkəmləndirilməsini və mühüm regional təhlükəsizlik məsələlərini birgə müəyyənləşdirir və həll edirik.

Mən bundan sonra da qardaş Tacikistan ilə Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm. Bir daha bu ali mükafata görə minnətdarlıq edirəm.

İyulun 12-də ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.

Dövlətimizin başçısı Tacikistan Prezidentini Azərbaycanda bir daha salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin tarixində mühüm hadisə olduğunu vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, müstəqillik illərində Azərbaycan və Tacikistan mühüm tərəfdaş ölkələrə çevrilərək, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər. Bununla yanaşı, ölkələrimiz siyasi və iqtisadi əməkdaşlığa dair vacib məsələlərin də öhdəsindən gəlirlər. Bu münasibətlərin əsasının isə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən qoyulduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, xalqlarımız arasında dostluq və qardaşlıq ənənələri davam edir:

"Xalqlarımız arasında dostluq və qardaşlıq ənənələri davam edir, möhkəmlənir, yeni formalar alır. Biz beynəlxalq qurumlarda fəal əməkdaşlıq edirik, bir-birimizə qarşılıqlı dəstək veririk. Mən bu gün artıq Emoməli Şərifoviçə minnətdarlığımı bildirmişəm və bir daha BMT Təhlükəsizlik Şurasına seçilərkən Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Tacikistan Prezidentinə təşəkkür etmək istərdim. Biz bu dəstəyi çox qiymətləndiririk, bu dəstək bizə çox kömək oldu. Onu da demək istərdim ki, Təhlükəsizlik Şurasının üzvü kimi biz Tacikistan tərəfinin irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyəcəyik."

İki ölkənin İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər qurumlar çərçivəsində də sıx əməkdaşlıq etdiyini deyən Azərbaycan Prezidenti bu gün iqtisadiyyat sahəsinə dair konkret layihələrin müzakirə olunduğunu, bununla bağlı nümayəndə heyətlərinə qısa zamanda yeni təşəbbüs və təklifləri hazırlamaq tapşırığı verildiyini bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, iqtisadi əlaqələr fəallaşmalıdır. Bu, energetika, iqtisadiyyat, sənaye və sərmayə sahələrinə aiddir. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artırılması üçün yaxşı imkanların və siyasi iradənin olduğunu bildirdi.

Tacikistanın Mərkəzi Asiyada, Azərbaycanın isə Xəzər regionu və Qafqazda regional məsələlərdə vacib rol oynadığını deyən dövlətimizin başçısı danışıqlar zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin səmərəsi, humanitar sahədə əməkdaşlıq və digər məsələlər ilə bağlı müzakirələrin aparıldığını vurğuladı.

Tacikistan dövlətinin başçısı ölkəsinin Azərbaycan ilə çoxşaxəli əlaqələrin inkişafına xüsusi önəm verdiyini, xalqlarımızı tarixi dostluq və ümumi mədəni dəyərlərin birləşdirdiyini qeyd etdi.

Qarşılıqlı rəsmi səfərlərdən artıq beş il keçdiyini, danışıqlar zamanı ikitərəfli əlaqələrin nəticələrinə yekunun vurulduğunu, müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlıq ilə bağlı istifadə olunmayan imkanların nəzərdən keçirildiyini bildirən Tacikistan Prezidenti Emoməli Rəhmon dedi ki, danışıqlar zamanı ikitərəfli əlaqələrə dair geniş əhatəli məsələləri müzakirə olunub:

"Biz İlham Heydər oğlu ilə qarşılıqlı maraq doğuran və konstruktiv danışıqlar apardıq. Danışıqlar zamanı ikitərəfli əlaqələrə dair geniş əhatəli məsələləri müzakirə etdik, ölkələrimizdəki, regiondakı vəziyyət və hər iki tərəfi narahat edən beynəlxalq problemlər ilə bağlı fikir mübadiləsi apardıq. Görüşlərin və nümayəndə heyətlərinin danışıqlarının yekunlarına dair qarşılıqlı əlaqələrə aid artıq mövcud olan müqavilə-hüquq bazasını möhkəmləndirən və vacib olan ikitərəfli sənədlər paketini imzaladıq. Bu sənədlər sırasında ölkələrimiz arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlığa dair proqramı xüsusi qeyd etmək istərdim."

Tacikistan Prezidenti qeyd etdi ki, danışıqlar zamanı BMT, ATƏT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyət perspektivləri diqqət mərkəzində olmuş, siyasi dialoqun mütəmadi davam etdirilməsi razılaşdırılmışdır. Bundan əlavə, iqtisadi-ticari və nəqliyyat-tranzit sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasının vacibliyi vurğulanmışdır.

Digər xəbərlər