"Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi".
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
Hər bir dövlətin yaşaması və xalqın varlığını davam etdirməsi üçün onun milli təhlükəsizlik konsepsiyasının mövcudluğu mütləqdir. Milli təhlükəsizlik iqtisadi, hərbi, siyasi-diplomatik vasitələrdən istifadə etməklə xalqın və dövlətin mövcudluğunu qoruyub saxlamağa hesablanmış anlayış və konsepsiyadır. Milli təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif vasitə və metodlardan istifadə edilir. Hər bir dövlət müxtəlif parametrləri nəzərə alaraq öz milli təhlükəsizlik konsepsiyasını məhz milli maraqları əsasında formalaşdırır. Azərbaycanın milli təhlükəsizliyi dedikdə, qanunvericiliyə uyğun olaraq dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi başa düşülür.
Ümummilli Lider Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirməsi, ölkənin milli təhlükəsizlik prioritetlərini dəqiq, aydın müəyyənləşdirməsi və ictimai şüurda dövlətə olan inamın və etimadın yaranmasını təmin etməsi heç kəsə sirr deyil. Uzun illər təhlükəsizlik orqanlarında xidmət keçmiş Ümummilli Lider Heydər Əliyev bu mexanizmin necə işlədiyini mükəmməl bilən və bu sahədəki həssaslığı ilə seçilən dövlət xadimlərindən olub. Məhz onun iradə və zəkası sahəsində milli dövlətçilik ənənələri yarandı və daha mühümü isə qorundu. Ötən əsrin sonlarında müstəqillik qazanmış gənc dövlətin azadlıq yolu heç də hamar olmayıb, amma Azərbaycan bu yolu məhz Heydər Əliyevin iradə və səyi nəticəsində alnıaçıq keçib. Müxtəlif və çoxsaylı təhdidlər, hədələr onu müqəddəs amalından geri çəkilməyə məcbur etməyib. Məhz ona görədir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri sayılır.
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, Onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə, eləcə də, təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin - SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.
Beləliklə, XX əsrin uzaq 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev girişmişdir. Bu gün bütün azərbaycanlılar, o cümlədən, xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin mart soyqırımından sonra, 1920-ci ilin sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin "qurucuları" cildinə girərək qırdılar. Onlar "KQB"-də (Dövlət Təhlükəsizlik Komitəsində) və "NKVD"-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni "çekistləri" uydurma "cinayət işləri" qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri - Azərbaycan xalqının qaymağını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin "KQB"-ni azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil. Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində, xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.
Bu gün Ümummilli Liderin bizə miras qoyduğu milli təhlükəsizlik prioritetləri, onun sözügedən istiqamətdə atdığı addımlar, etdiyi diplomatik manevrlər Prezident İlham Əliyev tərəfindən Onun adına layiq şəkildə davam etdirilir. Dövlətin idarəçilik sükanına sahib olduğu ilk günlərdə Prezident İlham Əliyevin apardığı ən mühüm islahat, məhz milli təhlükəsizlik orqanlarındakı kadr islahatlarıyla bağlı oldu. Belə ki, milli təhlükəsizlik dövlətin elə bir sahəsidir ki, burda inanılan, sadiq, vətənə və dövlətə namusla xidmət edən, ən əsası sınanılmış şəxslər xidmət keçməlidirlər. Məhz bu gün həmin reallığın yaşanması Ulu Öndər Heydər Əliyev siyasi kursunun məntiqi nəticəsi kimi uğurla davam etdirilməkdədir.
RÖVŞƏN NURƏDDİNOĞLU