Son illər ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Bu inkişaf paralel olaraq bütün sahələrdə özünü göstərir. Günü-gündən insanların rifahının yaxşılaşması, paytaxt Bakının və eləcə də, regionların simasının yeniləşməsi həyata keçirilən düzgün və praqmatik siyasətin məntiqi nəticəsidir. Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinə və xüsusilə, aqrar-sənaye sahəsinin yüksəlişinə də xüsusi diqqət yetirilir. Belə ki, əhalinin böyük bir qisminin gəlirlərinin məhz aqrar bölmədə formalaşdığından, bu sahə əhəmiyyətli hesab edilir. Bu gün Azərbaycanda mövcud olan zəngin və əlverişli torpaq-iqlim şəraiti də dünya bazarında yüksək rəqabət qabiliyyətinə malik olan keyfiyyətli ərzaq məhsulları istehsalı üçün səmərəli şərait yaradır. Hələ Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatının inkişafına xüsusi önəm vermişdir. Bu Ulu Öndərin vətəndaşların rifah halının yaxşılaşmasına, yoxsulluğun azaldılması və xüsusilə, sahibkarlığın inkişafına manelərin aradan qaldırılmasına hesablanan siyasət idi. Ölkədə aqrar sahənin, ümimilikdə, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və mövcud problemlərin aradan qaldırılması üçün hüquqi bazanın formalaşması və yeni qanunların qəbuluna zəmin yaradırdı. Məhz Dahi Öndər Heydər Əliyevin təşkilatçılığı ilə kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi baza yaradılmış, torpaq-mülkiyyət münasibətləri formalaşdırılmışdır. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ümumxalq müzakirələrindən sonra torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza formalaşdırıldı. Daha geniş mənada desək, ümumən Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində respublikamız MDB məkanında torpaq islahatlarına başlayan ilk ölkə olmuşdur. Hətta respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daim marağına səbəb olmuş, bu sahədə Azərbaycanda yaradılan hüquqi baza dərindən öyrənilmiş, prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Həmin məqsədlə Ukrayna, Rusiya, Belarus, Qazaxıstan kimi dövlətlər Azərbaycan təcrübəsindən yararlanmaq qərarına gəlmişlər. Ulu Öndərin ardıcıl və praqmatik şəkildə bu sahənin inkişafına göstərdiyi qayğı yeni mərhələdə məhsuldarlığın artmasına şərait yaratmışdır.
Aqrar sahənin müasir modeli
Müasir Azərbaycanda aqrar islahatlar uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkədə kənd təsərrüfatı ildən-ilə inkişaf edir. Bu sahənin inkişafı məqsədilə dövlət tərəfindən fundamental addımlar atılır və zamanla ayaqlaşan proqramlar, qanunlar qanunlar qəbul olunur. Ölkədə bütün sahələrlə yanaşı, aqrar sahənin də inkişafı ölkə Pezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşdur. Ölkə Prezidentinin 24 noyabr 2003-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə aqrar sahədə yeni inkişaf modelinin tətbiqi başlamışdır. Dövlət proqramında aqrar emal müəssisələrinin fəaliyyətinin bərpa olunması, yeni istehsal müəssisələrinin və infrastrukturun yaradılması, yerli resurslardan istifadənin səmərəsinin artırılması, regionlarda texniki serviz mərkəzlərinin təşkili, toxumçuluq bazasının genişləndirilməsi və digər zəruri tədbirlər həyata keçirmək nəzərdə tutulur. Xüsusilə, aqrar bölmənin idarə edilməsində mövcud pərakəndəliyi aradan qaldırmaq, bu sahənin davamlı inkişafını təmin edən idarəetmə sistemini yaratmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yenidən təşkil edilmiş və onun yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi kimi yeni qurumlar yaradılmış xüsusi önəm kəsb edir. Dövlət başçısının işlək mexanizmlər əsasında gerçəkləşdirdiyi islahatlar nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını yaxşılaşdırmaq üçün, ilk növbədə, qanunvericilik bazası təkmilləşdirilmişdir. Dövlət proqramları və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin etmişdir və gələcək illər üçün böyük perspektivlər formalaşdırmışdır. Yeni mərhələdə formalaşan müasir aqrar siyasi model Prezident İlham Əliyevin Dahi Öndər Heydər Əliyev kursunu layiqli davam etdirməsindən qaynaqlanır. Yeni mərhələdə regionların inkişafının sürətləndirilməsi ilə bağlı ölkə başçısının imzaladığı mühüm fərmanlar aqrar sahənin inkişafına da ciddi təkan vermiş, bu bölmədə çalışan insanlar üçün əlverişli şəraitin yaradılmasına böyük zəmin yaratmışdır.
Babək Hacıyev