Azərbaycan mədəniyyət və incəsənətinin inkişafında müstəsna rol oynayan Heydər Əliyev hakimiyyətdə olduğu 34 il müddətində milli dəyərlərimizə xüsusi önəm verərək, onu dünyaya tanıtmışdır. Bu mədəniyyət Azərbaycan tarixini özündə yaşadır. Heydər Əliyev məhz bu prizmadan mədəniyyətimizə yanaşaraq, onun coğrafi sferasının genişliyinə diqqət ayırmışdır. Bu gün dünyada Azərbaycan mədəniyyətinin əks-sədası Heydər Əliyevin bu sahədə qoyduğu təməlin bəhrəsidir.
Şüurlu həyatını Azərbaycanın inkişafına həsr edən Heydər Əliyev 1969-cu ildən başlayaraq, ölkənin ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik işlərin müəllifinə çevrildi. O, fəaliyyətdə olduğu dövr ərzində bir məqsədə, xalqımızın böyüklüyünü, əzəmətini, qəhrəmanlıq nümunəsini tanıtmağa və göstərməyə həsr etmişdir. Bildiyimiz kimi, 1969-cu ilə qədər Azərbaycan SSRİ tərkibində olan respublikalar sırasında geridə qalmış ölkələrdən biri idi. Heydər Əliyevin sahəsində qısa bir dövr ərzində 12 il müddətində Azərbaycan respublikalar sırasında birincilərdən oldu. Bu, Heydər Əliyevin şəxsi nüfuzu və məqsədyönlü fəaliyyəti nəticəsində reallaşdı. Heydər Əliyev xalqın ənənələrindən bəhrələnərək, zəngin tariximizi üzə çıxarıb, məhz bu xətt üzrə siyasi sferasını gerçəkləşdirdi. İllər ötür, amma Heydər Əliyevin gördüyü işlərin timsalında O, bizə daha da yaxınlaşır. "Hər bir xalq öz mədəniyyətinə görə tanınır", - deyən Ulu Öndər bu sahəyə xüsusi diqqət yetirirdi. Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı və bu mənəvi xəzinəni yaradan sənətkarlar daim Heydər Əliyevin diqqət və qayğısından bəhrələniblər. Ümummilli Lider yeni-yeni istedadların tapılıb üzə çıxarılmasına, onların qabiliyyətinin inkişaf etdirilməsinə kömək və qayğısını əsirgəmirdi. Təsadüfi deyildir ki, dövlətin ali mükafatlarını və Prezident təqaüdünü alanlar içərisində çoxluğu mədəniyyət və incəsənət işçiləri təşkil edirlər. O, hər bir sənət adamının yaradıcılığına bələd idi, hər kəsə öz qiymətini verirdi.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı. Yeni yaranan və "Dövlət teatrı" statusu alan teatrlar yaxşı mənada özlərini təsdiq etdilər. Sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdülər. Azərbaycan Teatrlarında Azərbaycan və qeyri-milli dramaturqların klassik və müasir mövzuda bir sıra maraqlı əsərlərin tamaşası hazırlandı. "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Məhəbbət yaşayır", "Qisas qiyamətə qalmaz","Qaraağac altında ehtiras", "Min illərin işığı", "Hərdən mənə mələk də deyirlər", "Casus", "Dindirir əsr bizi", "Ana intiqamı", "Ağqoyunlular və qaraqoyunlular", "Ah Paris, Paris", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Qatil", "Bu dünyanın adamları", "Kral Lir", "Fərhad və Şirin", "Aydın", "Ədirnə fəthi" və s. tamaşalar oynanıldı. Bu tamaşaların ərsəyə gəlməsi dövlət tərəfindən göstərilən qayğı nəticəsində reallaşdı. 1998-ci ildə Azərbaycan teatrının 125 illik yubileyi münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Sərəncam imzaladı. Həmin ildə İ.Kərimovun "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri" adlı kitabı, İ.Rəhimlinin "Akademik Milli Dram Teatrı" salnaməsi və neçə-neçə kitablar çap olundu. Sənət adamları fəxri adlara layiq görüldülər. Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinə və incəsənətinə layiqli töhfələrini vermiş, onun inkişafına çalışmışdır. Mütəmadi olaraq, mədəniyyət işçiləri ilə görüşləri Onun teatra olan diqqətindən irəli gəlirdi. Heydər Əliyev Azərbaycan teatr sənətində özünün ismini əbədi həkk etdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət növləri arasında kinonu çox yüksək qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin xalqımızın keçmiş və müasir həyatından onlarca yüksək keyfiyyətli ekran əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır.
Xalqımız Heydər Əliyev haqqında, onun çoxsahəli fəaliyyətindən bəhs edən sənədli filmlərə maraqla baxır. Heydər Əliyev haqqında çəkilən dəyərli filmlərdən silsilə filmlər yaratmış tanınmış rejissor Andrey Karpov MDB ölkələrinin prezidentləri haqqında silsilə filmləri yaratmağı qarşısına məqsəd qoymuş və "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev" filmini çəkmişdir. Prezidentin iş yerində, qaçqınlarla görüşündə, evində, övladlarının, nəvələrinin əhatəsində təsvir edən epizodlar ustalıqla çəkilmişdir. Heydər Əliyevin Məkkə səfəri də filmə daxil edilmişdir.
Azərbaycan Prezidentinin geniş, hərtərəfli fəaliyyətindən bəhs edən ikinci film "Hamıya nümunə olan ömür yolu" filmidir. Bu əsərdə Heydər Əliyevin 1990-cı ildən sonrakı fəaliyyəti öz yığcam ekran ifadəsini tapmışdır. Ssenarist və kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevin fəaliyyətindən bəhs edən silsilə filmləri diqqəti cəlb edir. Xüsusən, onun çəkdiyi "Həqiqət anı" filmi tamaşaçıların marağına səbəb olmuşdur. Bundan başqa, Vaqif Mustafayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş 12 serialı "Heydər Əliyev" filminin 9-nu çəkib.
Heydər Əliyev Azərbaycan kino səntinin həm qəhrəmanı, həm də inkişafında əvəzsiz rol oynayan bir simadır. Onun kino ilə bağlı Sərəncam və qərarları bu gün Azərbaycan kino sənətinin inkişafında böyük əhəmiyyət kəsb edir.
Azərbaycan mədəniyyət və inəsənətinə belə nailiyyətlər yaşadan Heydər Əliyevlə bağlı bədii portretlər silsilə olaraq yaranmaqdadır. Azərbaycan ədəbiyyatına, poeziyasına novatorçuluq prizmasından yanaşan Heydər Əliyev məhz onu klassik ənənə üzərində formalaşdırıb, inkişafına təkan vermişdir. Etiraf edək ki, Azərbaycan ədəbiyyatında yaranan nümunələrin əksəriyyəti Heydər Əliyevin ruhən onlara qida verməsi əsasında qələmə alınmışdır. Heydər Əliyev Azərbaycan ədəbiyyatının mükəmməl nümunələrinə böyük həssaslıqla yanaşaraq, bu nümunələrin geniş bir məkanda təbliğinə şərait yaratmışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının qəlbində zamanla ölçülə bilməyəcək bir ömür əbədiliyi qazanmışdır. Bu, Onun, bütövlükdə, ölkə üçün gördüyü işlərin təcəssümüdür. Hakimiyyətdə olduğu zaman çərçivəsində adını vətənlə bərabərləşdirməyi bacaran bir şəxsiyyət olduğunu sübuta yetirmişdir. Azərbaycanın yaradıcısı, qurucusu kimi məfhumların isminin yanında təcəssüm olunması Heydər Əliyev dahiliyinin bariz nümunəsidir. Belə bir tarixi Sima tutduğu mövqedən asılı olmayaraq, insanların qəlbində öz abidəsini yaradıb.
NƏZAKƏT