Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision-2012" Mahnı Müsabiqəsi ümumavropa şousunun sayca 57-ci illik tarixi ölkəmizə dərin iz saldı. Almaniyanın Düsseldorf şəhərində keçirilən müsabiqədəki qalibiyyət şounu Azərbaycana gətirdi. Musiqisevərlərin növbəti "Eurovision" həyəcanını paytaxtımızda yaşatdı. Beynəlxalq əhəmiyyətli hadisə "Eurovision-2012" möhtəşəm şousu yaddaşlarda silinməz izlər buraxdı. Hər bir kəs Bakıda təşkil olunan bu şouya heyrətini izhar etdi.
Möcüzələr diyarı Azərbaycan möcüzəli anları xarici qonaqlara yaşatdı. Yurdumuzun isti nəfəsi, qonaqpərvərliyi, adət-ənənələri ilə çoxsaylı insanları qarşıladı. Azərbaycanın birinci xanımı Müsabiqənin Təşkilat Komitəsini sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tədbirin loqotipinin - insanları birləşməyə, sülhə və həmrəyliyə çağıran "Öz məşəlini alovlandır!" devizi və odlu çiçək musiqi bayramının rəmzi oldu. Odlar yurdunun müsabiqə zamanı həyata keçirdiyi hər bir məqam tarixə çevrildi.
Təbii ki, 125 milyon insanın izlədiyi müsabiqə xalqımızın zəngin mədəniyyətinin, yurdumuzun gözəl təbiətinin, turizm potensialının təbliği üçün yeni imkanlar açdı. Hər kəs bir daha Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi oldu. Bütün bunlara əks münasibət bildirən qüvvələr də tapıldı. Avropa mətbuatında sifarişli yazıların dərc olunması baş verdi. Azərbaycanın müstəqil dövlət olaraq sürətli inkişafı, iqtisadi irəliləyişləri bəzi "humanist prinsiplərlə yaşayan qüvvələri" qıcıqlandırdı. Mahnı müsabiqəsinin keçirildiyi dövrdə bəzi qərəzli xarici jurnalistlərin şəhərimizin gözəlliyinin süni olduğu barədə informasiyalar yayması da təsadüfi deyildi. Gözü götürməyən qüvvələr müsabiqəni hətta siyasiləşdirməyə də çalışdılar. Azərbaycana qarşı böyük və çirkin kampaniya başlamışdı. İlham Əliyev bunu Azərbaycanın uğurlarının qəbul edilməməsi tək qiymətləndirib: "Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən, Azərbaycanın böhranlı illərdə bu qədər inkişaf etdiyini həzm edə bilməyən və sadəcə olaraq, uğurlarımıza qısqanan, paxıllıq edən dairələrdir. Onları qıcıqlandıran budur ki, necə ola bilər ki, hər yerdə böhran, hər yerdə problem, nümayişlər, polis ilə əhalinin toqquşması, - indi bəzi şəhərlərdə bu ənənəvi hal almışdır, - ancaq burada sakitlik, rahatlıq, inkişaf və xoş ovqat hökm sürür".
Mövcud olan anlaşılmazlıqlara son qoymaq üçün Azərbaycana gəlmək və buradakı tərəqqini, inkişafı görmək lazım idi ki, bu da baş tutdu. Bütün dünya mətbuatı Azərbaycana səmimi hissləri qələmə aldılar. İspaniyanın Esctoday.com saytının əməkdaşı Sergio Jiandaninin müsahibələrinin birində vurğulayır ki, Azərbaycan çox gözəl ölkədir: "Zəngin mədəni irsiniz, mədəniyyətiniz, musiqiniz, mətbəxiniz var. Burda olmağımızdan böyük şərəf hissi duyuruq". "Eurovision" Mahnı Müsabiqəsi bütün Avropa ölkələrinə Azərbaycanı gəlib görmək və tanımaq imkanı yaratdı. Azərbaycana səfər edən insanlar deyilənlərin gözlə görünənin üstə-üstə düşmədiyinin şahidinə çevrildilər. Sonda qərəzli yazıların müəllifləri iyrənc, məqsədli düşüncələri ilə başbaşa qaldılar. Azərbaycan qısa müddətdə nail olduğu tərəqqini bütün dünyaya nümayiş etdirdi.
Nəzakət ƏLƏDDİNQIZI