PDF Oxu

Siyasət

  • 60

Bakıətrafı qəsəbələrin inkişafı proqramı uğurla icra edilir

Bakıətrafı qəsəbələrin inkişafı proqramı uğurla icra edilir

Azərbaycan dövləti regionlarla yanaşı, ölkənin paytaxtının və ətraf qəsəbələrin problemlərini də xüsusi diqqət mərkəzində saxlayır. Dövlət başçısının Sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən xüsusi müşavirələr buna misal ola bilər. Xatırladaq ki, hələ 2005-ci il noyabrın 3-də Bakı Şəhər İcra Hakimiyyətində xüsusi toplantı keçirən Prezident İlham Əliyev ayrı-ayrı dövlət məmurlarını, qəsəbə ağsaqqallarını dinlədikdən sonra paytaxt və ətraf qəsəbələrin problemlərinin kompleks həllinə xidmət edən xüsusi Dövlət Proqramının hazırlanması təşəbbüsünü irəli sürmüşdü.

Bu nəcib təşəbbüs əsasında hazırlanaraq, 27 fevral 2006-cı il tarixdə imzalanmış "Bakı şəhərinin qəsəbələrinin (2006-2007-ci illər) sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" kompleks sənəd olmaqla, regionların inkişafı naminə həyata keçirilən kompleks tədbirlərin paytaxt və ətraf qəsəbələrə də sirayət etməsinə səbəb olub. Proqram çərçivəsində həyata keçirilən tədbirlər sayəsində Bakı və şəhərətrafı qəsəbələrdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alıb, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanıb, əhalinin kommunal problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb, su, işıq, qaz təminatı yaxşılaşdırılıb, yeni sosial-mədəni obyektlərin tikintisi, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib işlər görülüb. Bununla belə, Bakı şəhərində və ətraf qəsəbələrdə həllini gözləyən xeyli problemlər qalır və dövlət başçısı İlham Əliyev də keçirilən müşavirələrdə də bunu açıq bəyan edib. Artıq Prezidentin tapşırıqlarına əsasən, Bakı şəhərinin bütün rayonlarının kənd və qəsəbələrində yenidənqurma tədbirlərinə başlanılıb. Bu baxımdan, ən diqqətçəkən məqam son günlər Prezidentin bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Bakıətrafı qəsəbələrdə olmasıdır. Prezident tərəfindən atılan bu addımlar və onun qəsəbə sakinləri ilə görüşü bir daha göstərir ki, hər bir vətəndaşın sosial vəziyyəti dövlət rəhbərliyinin diqqətindədir. Prezident verilən tapşırıqların icrası ilə yerindəcə tanış olur, görüşlər zamanı bu işlərin daha sürətlə və daha keyfiyyətlə görülməsini istədiyini vurğulayıb: "Qaz, işıq, su problemləri həll olunub. Bu da böyük bir nailiyyətdir. Kanalizasiya problemləri var, o da həll olunacaqdır. Çünki bilirsiniz, ölkəmizdə gedən quruculuq-abadlıq işləri hər bir bölgədə öz müsbət təsirini göstərmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır. Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə, ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaq".

R.Hüseynova

Digər xəbərlər