İyulun 24-də Yeni Azərbaycan Partiyasının qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümü münasibətilə bir qrup jurnalistin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
Əli Əhmədov bildirib ki, mətbuat hər bir cəmiyyətin, o cümlədən, Azərbaycan cəmiyyətinin həyatının informasiya ilə təmin edilməsində, ictimai-siyasi proseslərin işıqlandırılmasında, insanların maarifləndirilməsində, bütövlükdə, ölkənin mədəni səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayır: "Güman edirəm ki, Azərbaycanın milli mətbuatı ölkənin ictimai-siyasi həyatında oynadığı rolu ilə qürur duya bilər. Çünki, Azərbaycanda müstəqil, şaxələnmiş, milli maraqlara uyğun fəaliyyət göstərən, insanların məlumatlandırılmasına töhfələr verən və bu funksiyasını ləyaqətlə yerinə yetirən mətbuat formalaşıb. Qeyd etmək lazımdır ki, Azərbaycanın mətbuat sahəsində çalışan əməkdaşların peşəkarlıq səviyyəsi də getdikcə artmaqdadır. Əgər biz 10-15 il bundan əvvəlki mətbuatımızın səviyyəsilə indiki vəziyyəti müqayisə etsək, nə dərəcə irəliləyişlərin olduğunu görərik. Eyni zamanda, mətbuatın təkmilləşdirilməsi və inkişaf etdirilməsi bu günün özündə də davam etdirilməkdədir. Bu mənada qəzetlərimiz daha maraqlıdır və informasiya tutumludur. Belə demək mümkündür ki, mətbuat artıq xırda, qalmaqallı söhbətlərdən çıxıb, daha ciddi təhlillərə yer verən mediaya çevrilib. Bu əlbəttə ki, bizim üçün olduqca vacibdir".
YAP-ın Sədr müavini vurğulayıb ki, Azərbaycan hökuməti mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərir: "Bu diqqətin əsası isə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev mətbuatın inkişafına hər zaman diqqətlə yanaşıb və qayğısını heç bir zaman əsirgəməyib. Hesab edirəm ki, Azərbaycanda sözün həqiqi mənasında, milli mətbuatın formalaşmasında Ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğı və Onun müəyyənləşdirdiyi mətbuat siyasəti əhəmiyyətili rol oynayıb. Sevindirici haldır ki, bu siyasət bu gün də davam etdirilməkdədir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənə, mətbuata qayğı göstərmək siyasəti bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi strategiyada özünə yer tutur və bunun çoxsaylı nişanələri görmək mümkündür".
Azərbaycanın sürətli inkişafından söz açan Əli Əhmədov diqqətə çatdırıb ki, ölkə mətbuatı bundan sonra da inkişaf edəcək. Sonra Əli Əhmədov bir qrup jurnalistə mükafatlar təqdim edib.
Tədbirdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
yap.org.az