Məlum olduğu kimi, 20 ilə yaxındır ki, Azərbaycanın 20 faiz ərazisi işğalçı Ermənistan tərəfindən zəbt edilib və belə bir halda Yerevan rejimi tərəfindən Dağlıq Qarabağda seçkilərin keçirilməsi beynəlxalq hüquq normalarına ziddir. Bu və digər məsələlərlə bağlı açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, keçirilən seçki heç kim tərəfindən tanınmır və heç zaman da tanınmayacaq: "Hesab edirəm ki, Yerevan rejimi tərəfindən Dağlıq Qarabağda keçirilən seçki heç kim tərəfindən tanınmır və heç zaman da tanınmayacaq. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir və hazırda işğal altındadır. Bu fakt beynəlxalq sənədlərdə öz təsdiqini tapıb. Bir də, dünyada mövcud qanunlar və qaydalar var. Yalnız Azərbaycanın ərazisi deyil, ayrı-ayrı ölkələrdə də işğal olunmuş ərazilər var. BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar və sənədlər var ki, həmin sənədlər işğal olunmuş ərazilərdə hər hansı bir seçkinin keçirilməsini qəbul etmir. Bildiyiniz kimi, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsi, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədləri var. Ona görə də, hər hansı bir qondarma, oyuncaq rejimin yaradılması Azərbaycan, eləcə də, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmir, burada keçirilən seçkilərdə qanuna zidd sayılır. Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun himayəsindədir. Biz ATƏT-in Minsk Qrupundan hər dəfə oyuncaq rejimdə keçirilən seçkilərlə bağlı mənfi rəylər eşidirik. Ancaq zamanı çatıb ki, beynəlxalq təşkilatlar Qarabağda keçirilən seçkilərlə bağlı sərt mövqe ortaya qoyub siyasi xarakterli sanksiyalar tətbiq etsinlər. Çünki Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub və işğal altında olan ərazilərdə keçirilən seçkilər beynəlxalq hüquq normalarına zidd olduğundan bu seçkilər beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmayacaq".
M.Qurbanlı, həmçinin, Ermənistanın danışıqları uzatmasına da münasibətini bildirdi: "Ermənistan danışıqları uzatmaqla, zamanı öz xeyirinə istifadə etməyə çalışır, amma erməni hiyləsi onun ziyanına işləyir. İşğalçı ölkə yaxşı bilir ki, Azərbaycanın müdafiə qabiliyyəti artmaqla olduqca güclənibdir. Buna görə də erməni tərəfi müəyyən manevrlərlə danışıqlar prosesini dalana aparmaq istəyir. Amma Azərbaycan tərəfi real təklifləri ortaya qoyduqda, ermənilərin deməyə sözü olmur".
YAP İcra katibinin müavini, millət vəkili M.Qurbanlı onu da bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan diplomatiyası uğurlar qazanmaqdadır. Azərbaycan bütün səviyyələrdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir, beynəlxalq təşkilatlarda ədalətli qərarların qəbul edilməsinə nail olur: "Azərbaycan dövləti hücumçu diplomatiya xəttini davam etdirərək, Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi ilə bağlı beynəlxalq qurumlarda qərarların qəbul edilməsinə nail olub. Erməni təbliğat maşını artıq qətiyyən bizimlə yarışa və haqqımızda istədikləri kimi mənfi rəy formalaşdıra bilmir. Bütün sahələrdə təcavüzkar ölkəni diz çökdürməliyik və Ermənistan Azərbaycanın qarşısında diz çökəcək".
M.Qurbanlı Azərbaycanı Ermənistanla müqayisə etmək, bunun üzərində dayanmaq istəmədiyini də söylədi: "Yalnız onu qeyd etmək kifayətdir ki, bu gün Azərbaycan iqtisadi gücünə görə Ermənistandan 10 dəfə güclü dövlətdir. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi, beynəlxalq nüfuzunun artması, beynəlxalq maliyyə qurumlarının Azərbaycanın iqtisadi baxımdan reytinqini ildən-ilə artırması, əlbəttə ki, erməni lobbisini və Ermənistanı çox narahat edir. Bu prosesin Dağlıq Qarabağ münaqişəsinə təsiri məsələsinə gəldikdə isə, ikitərəfli və çoxtərəfli danışıqlarda, qəbul olunmuş sənədlərdə Ermənistanın təcavüzkarlığı daha çox dövlət tərəfindən etiraf olunur. Digər tərəfdən, Azərbaycanın iqtisadi qüdrətinin artması Ermənistanı iqtisadi cəhətdən taqətdən salmaq istiqamətindəki vəzifənin yerinə yetirilməsində böyük təsir göstərir. Düşmənlə üz-üzə dayanmaq, döyüşmək yalnız hərbi cəbhədə deyil, başqa cəbhələrdə də özünü göstərir. Hər hansı bir düşmən ölkə ilə mübarizə mədəniyyətdə, mənəviyyatda, iqtisadiyyatda, həmçinin, şüurda və ümumilikdə, bütün sahələrdə də özünü göstərir. Ümumiyyətlə, Azərbaycan hər sahədə Ermənistanı üstələyib. "Eurovision 2012" mahnı yarışmasının Bakı şəhərində möhtəşəm keçirilməsi, ölkəmizin dünyada mədəniyyət mərkəzi kimi tanıdılması və beynəlxalq mədəniyyət mərkəzlərinin diqqətinin Azərbaycana yönəldilməsi, Azərbaycanın artan potensialı və ölkəmizin bu gün iqtisadi baxımdan kapital idxal edən ölkədən kapital ixrac edən, yəni sərmayələr yatıran ölkəyə çevrilməsi ciddi amillərdir. Ermənistan isə bu gün daha çox üçüncü ölkənin təsir dairəsində qalan asılı, vassal bir dövlət kimi tanınmaqdadır. Odur ki, bir dövlət olaraq Ermənistanın və onun başçısının hər hansı nüfuzu yoxdur. Bu ölkə yalnız erməni lobbisinin və bəzi dövlətlərin ianələri hesabına fəaliyyət göstərir".
RƏFİQƏ HÜSEYNOVA