PDF Oxu

Siyasət

  • 34

Bu gün XXX London Yay Olimpiya Oyunlarına rəsmi şəkildə start veriləcək

Bu gün XXX London Yay Olimpiya Oyunlarına rəsmi şəkildə start veriləcək

Məlum olduğu kimi, bu gün XXX London Yay Olimpiya Oyunlarına rəsmi şəkildə start veriləcək. Dünyanın hər bir tərəfindən bu idman bayramında iştirak üçün Böyük Britaniyaya gəlməsi planetin bütün əhalisi üçün həyəcanlı, sevincli və kədərli anlar yaşadacaq. Çünki hər bir ölkənin təmsilçisi orada dövlət bayrağını yüksəltmək üçün "döyüşəcəyi" an həmin idmançıya azarkeşlik edənlər həyəcan içində olacaq və onun qalib yaxud məğlub olması insanların sevincinə və ya kədərinə səbəb olacaq.

Əlbəttə ki, bu həyəcanı azərbaycanlılar da yaşayacaq. Çünki 50-dən artıq idmançımız XXX London Yay Olimpiya Oyunlarında birincilik uğrunda mübarizə aparacaq. Artıq 32 idmançının, rəsmi şəxslərin, məşqçi və həkimlərin daxil olduğu Azərbaycan olimpiya nümayəndə heyəti Londona yola düşüb. Azərbaycan idmançılarının ikinci qrupu isə Londona avqustun 4-də yola düşəcək.

Qeyd edək ki, artıq Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib. Mərasimdə nazir Azad Rəhimov, Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Azərbaycan nümayəndə heyətinin üzvləri və idmançılar iştirak ediblər. Olimpiya kəndinin rəhbəri Tessa Couell Azərbaycan nümayəndə heyətini salamlayaraq, London Olimpiadasının bütün iştirakçılarına, o cümlədən, Azərbaycan olimpiyaçılarına da parlaq qələbələr arzulayıb. Ölkəmizin Dövlət Himninin sədaları altında Azərbaycan Bayrağı qaldırılıb. İlham Mədətov xanım Couellə Azərbaycan suveniri bağışlayıb, o da, öz növbəsində, İ.Mədətova xatirə medalı təqdim edib.

Olimpdən bu günədək qət edilən yol...

Məlumat üçün bildirək ki, insanın fiziki sağlamlığı baxımından tələbata çevrildiyini təsdiq edən əsas tarixi faktlardan biri beynəlxalq idman aləminin ən populyar yarışı olan olimpiya oyunlarının yaranmasıdır. Adını Yunanıstanda ən yüksək dağ massivi olan Olimpdən götürən olimpiya oyunları ilk dəfə bu ölkədə e. ə. 776-cı ildə keçirilib. Olimpiya oyunları zamanı bütün hərbi əməliyyatlar dayandırılar, oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilərdi.

Olimpiya oyunları yarandığı ilk vaxtdan fiziki qabiliyyətin nümayişi ilə yanaşı, insanları sosial ədalətə çağırdığı üçün cəmiyyətin sağlamlığına və mənəvi saflığına xidmət edirdi. Zevsin heykəlində qeyd edilib: "Olimpiada qələbəsini pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar". Bu fikrin davamı olaraq olimpiya oyunlarında hakimlər atletləri bu sözlərlə yarışa çıxarırdılar: "Əgər sən məşq etmisənsə və bu böyük yarışlarda iştirak etməyə layiqsənsə, onda mübarizəyə cəsarətlə başla, yox, əgər özünü buna layiq bilmirsənsə, onda dəhşətli biabırçılıqdan yaxa qurtarmaq üçün yarışa girmə və istədiyin tərəfə çıx get".

Bu fikirlər idmançıları cəsarətə, qüdrətli olmağa, bədən tərbiyəsi və idmanla məşğul olmağa, o cümlədən, ədalətə, daxili saflığa və mənəvi zənginliyə səsləyirdi. Ona görə olimpiya oyunları dedikdə, idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi baxımdan qəbul etmək lazımdır. Bu mənada, idman və bədən tərbiyəsinin əhəmiyyəti fiziki tərbiyə ilə yanaşı, insanın mənəviyyatına və onun kamil şəxsiyyət kimi formalaşmasına təsiri ilə ölçülür.

Sonralar dayandırılmış olimpiya oyunlarının bərpası ideyası da insanların fiziki tərbiyəsinə dair yeni axtarışlardan sonra yaranıb. XIX əsrin sonlarına yaxın Avropanın tərəqqi yoluna qədəm qoyması insanın özünün inkişafı ilə bağlı qarşıya suallar çıxarırdı. Bu zaman fransızlar insanın inkişafında fiziki tərbiyə məsələsini önə çəkərək, bu istiqamətdə araşdırmalara başlayırlar və bu işi 1889-cu ildə pedaqoq Pyer de Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, fiziki tərbiyə ilə bağlı tarixi təcrübəni araşdırır. 1892-ci ilin noyabrında Fransaya qayıdan P.Kuberten Sorbon Universitetində özünün məşhur "Olimpiya renessans" adlı mühazirəsini oxuyur və olimpiya oyunlarını canlandırmaq ideyasını ortaya qoyur. 1894-cü ildə isə P.Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması ideyası ilə çıxış etdi. Onun təklifi bəyənildi və olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün BOK yaradıldı. Müasir olimpiya oyunlarının birincisi isə 1896-cı ildə Afinada, ikincisi 4 il sonra Parisdə keçirildi.

Olimpiya oyunları insanların fiziki və mənəvi sağlamlığına xidmət edən ideyaların daşıyıcısı olan olimpiya oyunları əsrlər keçməsinə baxmayaraq, bu gün də özünün tərbiyəvi əhəmiyyətini itirməmişdir. Antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçsə də, bu yolda müxtəlif maneələrlə rastlaşsa da, zəmanəmizə gəlib çatmış və öz əzəli mahiyyətini qoruyub saxlamışdır.

Azərbaycan bu Olimpin zirvəsinə yüksəlir...

Bu məqamda mütləq qeyd edilməlidir ki, müstəqil dövlət kimi, Azərbaycan Respublikası Olimpiya hərəkatında çox fəal iştirak edir. Ümumiyyətlə, Azərbaycanda Olimpiya Hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra formalaşdı və inkişaf etməyə başladı. Azərbaycanın müstəqillik illərində olimpiya oyunları 1992-ci ildən başlasa da, ilk möhtəşəm uğura 1996-cı ildə nail olduq. Həmin il Atlantada 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilkin nailiyyəti idi.

Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya Hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə cənab İlham Əliyev kimi yüksək idarəçilik və təşkilatçılıq keyfiyyətləri olan bir şəxsin seçilməsi idman və gənclər siyasəti sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı.

MOK Prezidenti İlham Əliyev Olimpiya Hərəkatının genişlənməsi, idman və bədən tərbiyəsinin tərəqqisi, daha geniş coğrafi məkanda təbliği, habelə, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Olimpiya Hərəkatını sürətlə inkişaf etdirmək və onun Beynəlxalq Olimpiya Hərəkatına daha fəal qoşulmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmana dövlət qayğısı ilə yanaşı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də böyük işlərə start verildi. 2000-ci ildən etbarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.

Olimpiya Hərəkatında daha fəal iştiraka dair təşəbbüslərin nəticəsi olaraq, Azərbaycan 2000-ci il Sidney Olimpiya Oyunlarında mühüm nailiyyətlərə imza atdı. Stend atıcısı Zemfira Meftahəddinova və Atlantada gümüş medal qazanmış güləşçi Namiq Abdullayev qızıl medal qazandılar. Vüqar Ələkbərov isə boks üzrə bürünc medala layiq görüldü. 199 ölkənin iştirak etdiyi bu olimpiadada Azərbaycanın 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmançılarımızın böyük qələbəsi idi.

Ötən dövrdə Azərbaycan Respublikası beynəlxalq olimpiya hərəkatında ciddi tərəfdaşa çevrilib. 2004-cü il Afina və 2008-ci il Pekin olimpiya oyunlarında qazanılan uğurlan bunu deməyə əsas verir. Respublikamız 2004-cü ildə Afina Olimpiya Oyunlarında 1 qızıl və 4 bürünc medalla 202 iştirakçı dövlət arasında 37-ci yeri tutdu. 2008-ci il Pekin Olmipiya Oyunlarında isə komandamız Azərbaycanın qədim idman ənənəsinə malik ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Pekində Azərbaycan idmançıları 7 medal qazandılar: 1 qızıl, iki gümüş və dörd bürünc medal...

Uğura inanan idmançılarımızdan qələbə gözləyirik...

Əlbəttə ki, XXX London Yay Olimpiya Oyunlarında da Azərbaycanın uğur qazanacağına inananlar çoxdur. Çünki budəfəki olimpiya oyunlarında da ölkəmizi çox güclü idmançılar təmsil edirlər. Məsələn, Azərbaycan olimpiyaçılarının bayraqdarı olacaq Pekin Yay Olimpiya Oyunlarının qalibi cüdoçu Elnur Məmmədli deyib ki, London Yay Olimpiya Oyunlarına böyük ümidlərlə yollanıram. O bildirib ki, əsas məqsədi qızıl medal qazanmaqdır: "İkinci dəfə olimpiya çempionu olmağa hazıram. Amma iyulun 31-dək gözləməyinizi xahiş edirəm. Onda nəyə qadir olduğumu deyə biləcəyəm. Ümid edirəm ki, London Yay Olimpiya Oyunlarında Azərbaycanın medalları əvvəlki olimpiya oyunlarındakından daha çox olacaq".

London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış taekvondo üzrə Azərbaycan millisinin üzvü Fəridə Əzizova deyib ki, bütün rəqiblərinə qalib gələrək, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırıb ölkəmizin himnini səsləndirəcəyinə ümid bəsləyir: "Hər bir idmançının arzusu olimpiya oyunlarının qalibi olmaqdır. Bu sevinci mən də yaşamaq istəyirəm. Dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğının yüksək olması bizə yeni uğurlar qazanmağa təkan verir. Ümid edirəm ki, müstəqil Azərbaycanın tarixində olimpiya oyunlarında ilk qızıl medal qazanan qadın taekvondoçu olacağam".

London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Rövşən Bayramov isə söyləyib ki, London Yay Olimpiya Oyunlarında 55 kiloqramda çıxış edəcək. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı da Londonda daha böyük əzmkarlıq nümayiş etdirib planetin ən mötəbər yarışının qalibi olacağına ümid etdiyini diqqətə çatdırıb.

London Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış cüdoçumuz Afaq Sultanova deyib ki, Milli Olimpiya Komitəsinin Prezidenti, ölkəmizin başçısı İlham Əliyevin rəhbərliyi altında idman sahəsində çox böyük uğurlar qazanmışıq: "Ümid edirik ki, London Yay Olimpiya və Paralimpiya Oyunlarından da idmançılarımız əliboş qayıtmayacaq və əvvəlki illərdə olduğu kimi, medalların sayını artıracaqlar". O, vurğulayıb ki, qarşısına qoyduğum məqsəd mötəbər yarışın qalibi olmaqdır. A.Sultanova qələbəni bütün Azərbaycan xalqına həsr edəcəyini bəyan edib: "Ümid edirəm ki, mənə azarkeşlik edənləri sevindirməyi bacaracağam".

Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev isə deyib ki, London Yay Olimpiya Oyunlarının Azərbaycan idmanında böyük rolu olacaq. Bu yarış həm idmançıların sayına, həm də gücünə görə fərqlənəcək: "Olimpiya yığmamızda çoxlu dünya, Avropa çempionları və mükafatçıları var. Bu, o deməkdir ki, biz onlardan medal gözləyə bilərik. Boks idman növünə gəlincə, London Yay Olimpiya Oyunlarında 8 idmançı ilə təmsil olunacağımız özlüyündə bir uğurdur.

İdmançılar göstərdikləri nəticələrlə Azərbaycan xalqını sevindirəcəklər. Fikrimcə, Olimpiya Oyunlarını televiziya vasitəsilə izləyənlər də sevinəcəklər. Biz isə Olimpiadanın yarış meydanında olacağıq və sözsüz ki, bir az əsəb sistemimiz gərginləşəcək və sonda inanıram ki, qələbələr olacaqdır. Ümumiyyətlə, idmançılarımız London Yay Olimpiya Oyunlarında Azərbaycan idman həvəskarlarını və xalqını sevindirəcəklər". Qeyd edək ki, Prezident İlham Əliyev olimpiya oyunlarında iştirak edəcək təmsilçilərimizin yolasalma mərasimində çıxış edərkən, bir daha idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə inandığını bildirib: "Bir daha bildirmək istəyirəm ki, bunu deməyə əsas verən idmançılarımızın dünya və Avropa çempionatlarında uğurlu çıxışlarıdır. Bizim, doğrudan da, güclü komandamız vardır. Bu komanda böyük uğurlara nail ola bilər. Tariximizdə ilk dəfədir ki, Azərbaycan Olimpiya Oyunlarında böyük say tərkibi ilə çıxış edir. Çünki Olimpiya oyunlarında 50-dən çox idmançıya malik olan ölkə böyük idman ölkəsi kimi tanınır. Bu dəfə Olimpiya oyunlarında iştirak edəcək idmançılarımızın sayı 53-dür. Bu, doğrudan da, bizim idman potensialımızı bir daha göstərir. İdmançılarımızın böyük şansları, böyük imkanları vardır. Biz hamımız, bütün Azərbaycan xalqı idmançılara yalnız uğurlar arzulayırıq və onların qələbələrini gözləyirik".

"SƏS" Analitik Qrupu

Digər xəbərlər