"Bu gün biz London Yay Olimpiya və Paralimpiya oyunlarında iştirak edəcək Olimpiya və Paralimpiya komandalarımızı rəsmi qaydada yola salırıq. Bu ayın sonunda Olimpiya və Paralimpiya oyunları keçiriləcək və mən bütün idmançılarımıza uğurlar arzulayıram. Bu gün Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atır."
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Artıq Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarına start verildi. Bu möhtəşəm idman bayramında ölkəmizi olimpiadaya vəsiqə qazanan 53 idmançılarımız təmsil olunduqları idman növündə ən güclülərdən sayılırlar. Qeyd edək ki, Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya oyunlarının iştirakçıları olacaq.
İdmançılarımız yola düşərkən bildirmişlər ki, ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bizimlə səfərə yola düşməsi hamımızda qürur və qələbə inamını artırır.
İdmana dövlət qayğısı
Ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Məhz bu kontekstdə Olimpiya hərəkatı geniş vüsət alıb. Dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı Azərbaycanda idmanın inkişafında böyük rol oynayır. Heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında idmanın inkişaf etdirilməsini, Olimpiya hərəkatının geniş vüsət almasını ölkənin ümumi inkişafı fonunda dəyərləndirmək lazımdır. Çünki ölkə iqtisadi cəhətdən inkişaf etməsə, ayrıca hansısa bir sahənin, o cümlədən, idmanın inkişafından danışmaq mümkün deyil. Bu gün böyük inkişaf yolunda olan Azərbaycan idmanının inkişafının Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət ölkəmizin dayanıqlı inkişafını təmin edib. Məhz bu baxımdan da, 2012-ci ilin "İdman ili" elan olunması dövlət başçısının idmana verdiyi qiymətin, göstərdiyi diqqətin nümunəsidir.
İdmanın inkişafı Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir
Dövlət başçısının Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində vurğuladığı kimi, ölkəmizdə idmanın inkişafı dövlət siyasətidir: "Azərbaycanda idman sürətlə və uğurla inkişaf edir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də bu siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir... Bir sözlə, Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir".
Belə ki, idmanın kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda geniş tikinti-quruculuq işləri aparılır. Hazırda 34 regional Olimpiya Mərkəzi tikilib, 8 mərkəzdə isə tikinti davam edir. Bu sahədə dövlət başçısını qarşıya qoyduğu əsas hədəf hər bir rayon mərkəzində müasir Olimpiya İdman Kompleksinin olmasıdır ki, Azərbaycan bu hədəfə addım-addım yaxınlaşmaqla yanaşı, artıq bu siyasətin ilk meyvələrini toplamaqdadır. Dövlət başçısının Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini yolasalma mərasimində vurğuladığı kimi, Londonda ölkəmizi təmsil edəcək idmançılarımızın bir çoxu yeni inşa edilən Olimpiya komplekslərində yetişən gənclərdir: "Məsələ ondadır ki, Londonda ölkəmizi təmsil edəcək idmançılarımızın bir çoxu yeni inşa edilən Olimpiya komplekslərində yetişən gənclərdir. Gənc idmançılar, uşaqlar bu imkanlardan səmərəli şəkildə istifadə edirlər. Bizim milli Olimpiya komandamızın tərkibində olan idmançıların bəziləri də öz idman fəaliyyətini məhz son illər ərzində tikilmiş Olimpiya komplekslərində başlamışlar. Yenə də qeyd etmək istəyirəm ki, bu, həm idmanın kütləviliyini təmin edir, eyni zamanda, gənc idmançılarımızın yetişdirilməsində də çox mühüm bir vasitədir. Bunu da qeyd etmək istəyirəm və çox şadam ki, Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişir və Olimpiya komandamızın tərkibindəki idmançıların böyük əksəriyyəti, ilk dəfə olaraq, Olimpiya oyunlarında iştirak edəcəkdir. Yəni, bu, onu göstərir ki, idman ardıcıllıqla inkişaf edir, idmanda nəsillər dəyişir və gənclər də böyüklərin, çempionların yerlərini tuturlar".
Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən bu siyasət gənc nəslin idmana marağını hədsiz artırıb. Beynəlxalq yarışlarda gənclərin əldə etdiyi qələbələr bu maraqla bağlıdır. Bu isə, onu göstərir ki, idman Azərbaycanda ardıcıl şəkildə inkişaf edir və gənclər idmana böyük maraq göstərirlər. Dövlət başçısı bu sahədə siyasəti elə qurub ki, bundan sonra da ölkəmizdə bütün dövrlərdə gənc, istedadlı idman nəsli yetişəcək.
İdmanda mükəmməl idarəçilik sistemi və uğurlu statistika
Azərbaycan idmanında mükəmməl idarəçilik sistemi və uğurlu statistika Azərbaycanda idmanın inkişafını, Olimpiya hərəkatının geniş vüsət almasını təmin edən amillərdən biri də dövlət başçısı İlham Əliyev tərəfindən bu sahədə mükəmməl idarəçilik sisteminin yaradılmasıdır. Əslində, sözügedən sahədəki ziddiyyətlər içində boğulan dövlətlərin təcrübəsi hamımıza bəllidir. Həmin dövlətlərdən fərqli olaraq isə, Azərbaycanda bütün idman qurumları - Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri və klubları vahid komanda şəklində fəaliyyət göstərirlər. Məhz bu idarəçilik sistemi, düşünülmüş, məqsədyönlü proqramlar əsasında qurulan fəaliyyət həm Azərbaycanın, həm də idmanımızın inkişafını təmin edib. Beləliklə, inkişaf edən Azərbaycanın 53 idmançısı planetin bir nömrəli idman yarışına yola salınıb. Ölkəmiz həmin idmançılardan böyük uğurlar, qələbələr, üçrəngli bayrağımızın Londonda dalğalandırılmasını gözləyir. Statistik göstəricilər də qələbəmizin sayının çox olacağını göstərir. Belə ki, müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışıq. Bundan başqa, Atlanta Olimpiadası ərəfəsində idmançılarımız 71, Sidney Olimpiadası ərəfəsində 146, Afina Olimpiadası ərəfəsində 262, Pekin Olimpiadası ərəfəsində 467, London Olimpiadası ərəfəsində isə 835 medal qazanıblar. Deməli, artım dinamikasına əsasən Londonda qazanacağımız medalların sayı daha çox olacaq. Pekin Olimpiadasında Azərbaycan 44 lisenziya qazanaraq, 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olunacaq. London Olimpiadasında Azərbaycan müstəqillik tarixində, ilk dəfə olaraq, beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olunacaq. Pekində Azərbaycanı bir hakim təmsil edirdisə, Londona beş hakimimiz yarışların idarəçiliyinə cəlb olunacaq. Londonda ölkəmizi təmsil edəcək 53 idmançıdan 41-i ilk dəfə Olimpiya oyunlarının iştirakçıları olacaq. Prezident İlham Əliyev məhz bu dinamikanı nəzərə alaraq, idmançılarımızın Londonda daha çox medal qazanacağını bildirmişdir: "Bu rəqəmlər bizi bir məntiqi nəticəyə gətirib çıxarır ki, London Yay Olimpiya Oyunlarında da idmançılarımızdan daha da gözəl nəticə və daha çox medal gözləyirik. Ancaq idmanda hər şey ola bilər, qələbə də, məğlubiyyət də. Ancaq mən əminəm və inanıram ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər. İdmançılarımızın böyük şansları, böyük imkanları vardır. Biz hamımız, bütün Azərbaycan xalqı idmançılara yalnız uğurlar arzulayırıq və onların qələbələrini gözləyirik".
Bütün Azərbaycan xalqı Londonda idmançılarımızın mübarizəsini və qazanacaqları parlaq qələbələri səbirsizliklə gözləyir. Dövlət başçısının qeyd etdiyi kimi, London Yay Olimpiya Oyunları Azərbaycan idmanının növbəti təntənəsi olacaq.
RƏFİQƏ KAMALQIZI