"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edən Prezident İlham Əliyev bildirmişdir ki, müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir.
Dövlət Proqramının icrasının nəticələri onu göstərir ki, həqiqətən də, aparılan tədbirlər, həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə istənilən səviyyədən də yaxşı başa çatdırılmaqdadır. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması, bütövlükdə, regionları 8 il əvvəlki simasından fərqləndirir. Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. İndi ölkə həyatının bütün sahələrində yüksək tərəqqi və sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki özünün daxili imkanlarına, zəngin təbii sərvətlərinə əsaslanan ölkəmiz 20 ildən artıqdır ki, müstəqil iqtisadi siyasət yürüdür, qlobal enerji layihələrinin təşəbbüskarı və əsas iştirakçısı kimi regionda və dünyada mühüm tərəfdaşa, başlıca nüfuz sahibinə çevrilir. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artaraq, ölkənin ümumi valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunubdur. Ən başlıcası isə keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına daxil olubdur.
Düşünülmüş iqtisadi siyasət
Sirr deyil ki, ölkəmizdə bütün sahələrdə gedən davamlı inkişaf və bu istiqamətdə müəyyənləşdirilmiş uğurlu siyasi-iqtisadi strategiya Azərbaycanı, nəinki regionda, eləcə də, Avrasiya məkanında lider dövlətə çevirmişdir. Və sözsüz ki, hazırkı tərəqqi Prezident İlham Əliyevin qətiyyətli, dönməz və prisipial siyasi iradəsinin, eləcə də, uzaqgörənliyinin və gələcək perspektivləri öncədən müəyyənləşdirməsinin, zamanında düzgün qərarlar qəbul edə bilməsinin bariz nəticəsidir.
Dövlət Proqramının hər ilinin uğurlu nəticələri onu bir daha təsdiqləyir ki, 2012-ci il də uğurla başa vurulacaq. Bunu əldə olunan uğurlu nailiyyətlər də təsdiqləyir. Belə ki, cari ilin ilk ayında 4,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşur. Qeyri-neft sektorunda isə əlavə dəyərin həcmi 5,9 faiz artaraq ÜDM-in 42,9 faizini təşkil etmişdir. Sənaye sahəsində proqnozlar 100 faiz yerinə yetirilmişdir. Diqqəti cəlb edən ən mühüm göstərici, təbii ki, qeyri-neft sənayesindəki artımdır-14,4 faiz. Kənd, meşə və balıqçılıq təsərrüfatlarında da inkişaf davamlı olmuşdur-2,9 faiz. Xarici ticarət dövriyyəsi isə 3,9 faiz çox olmuşdur.
Ardıcıl səfərlər: reallıqlar və nəticələr
Dövlət başçısı İlham Əliyev bölgələrə səfərləri zamanı etdiyi çıxışlarında dönə-dönə qeyd etmişdir ki, regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcək: "Ölkəmiz hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir".
2012-ci ilin əvvəllərindən başlayaraq, Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərinin və rayonlarda əhali ilə keçirilən görüşlərin intensiv xarakter alması, eləcə də, dövlət başçısının yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi bu sahə üzrə qəbul edilmiş proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Dövlət başçısı ilin əvvəllərindən indiyədək respublikamızın bir çox rayonlarına səfərlər edib və ən mühüm infrastruktur obyektlərin, sosial, təhsil, mədəniyyət, səhiyyə, idman və digər bölmələrdə inşa olunan müəssisələrin tikintisinin vəziyyəti ilə yaxından tanış olub. Dövlət başçısının hər bir səfəri regionların inkişafı ilə bağlı tədbirlərin daha da sürətlənməsinə səbəb olur, rayonlarda insanların işgüzarlığı, iqtisadi fəallığı üçün əlavə stimul verir. Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarının daha yaxşı yaşamaları, hər bir sosial infrasturktur və kommunal xidmət növləri ilə təmin olunmaları, rahat istirahət etmələri üçün lazım olan bütün şəraitin yaradılacağını bildirir. Dövlət başçısı ölkəmizdə aparılan sürətli quruculuq işlərinin hər bir rayonda geniş vüsət alacağını dəfələrlə diqqətə çatdırıb. Əhali ilə görüşlərində respublikamızın bütün bölgələrində yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verildiyini, iş yerlərinin açıldığını, abadlıq işlərinin aparıldığını xatırladan dövlət başçısı bu tədbirlərin birbaşa yerli sakinlərin, ümumilikdə, bütün ölkə vətəndaşlarının rahat və yaxşı yaşamalarına xidmət etdiyini bildirib.
Göründüyü kimi, Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir.
R.KAMALQIZI