Hər bir ölkənin xoşbəxt gələcəyi onun gəncliyinin sağlam yetişməsindən asılıdır. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Azərbaycan dövləti də gələcək üçün prioritet məsələ olan sağlam gəncliyin formalaşması istiqamətində mütərəqqi addımlar atır. Azərbaycan gəncliyi 1993-cü ildən başlayaraq, inkişaf dövrünü yaşayır.
Çünki Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı nəticəsində bu zümrəyə göstərilən diqqət və qayğı çox keçmədi ki, öz müsbət nəticələrini verdi. Ulu Öndərin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirməyə yönəldilmiş atdığı fundamental addımlar nəticəsində gənclər siyasəti inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq mütamadi Azərbaycan gənclərinin forumları keçirildi. Forumlarda Ulu Öndərin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirildi, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli ilə bağlı tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifələr qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir".
Yeni mərhələdə həmin siyasi kursun layiqli şəkildə davam olunması da gənclərin cəmiyyətdə fəallığını artırdı. Ardıcıl olaraq dövlət başçısı İlham Əliyevin gəncliyin inkişafına yönəldilmiş addımları atması yeni mərhələdə müasir Azərbaycanın sağlam gələcəyinin olacağını deməyə əsas verir. Ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını artırıb və cəmiyyətdə rolunu daha da möhkəmləndirib. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilmişdir. Bununla yanaşı, ardıcıl həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Prezident İlham Əliyevin 2007-ci ilin "Gənclər ili" elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırdı. Xüsusilə, 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncamın imzalanması göstərdi ki, gənclər siyasəti dövlətin əsas prioritet məsələlərindəndir. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılması da bu sahəyə göstərilən diqqət və qayğıdan irəli gəlir. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Bütün bunlar onu deməyə əsas verir ki, dövlət gənclər siyasətinə diqqət və qayğı göstərməklə Azərbaycan gəncliyinin üzərinə böyük məsuliyyət qoyur.
Babək Hacıyev