PDF Oxu

Siyasət

  • 72

Azərbaycan müsəlman dünyasında önəmli dövlətlərdən birinə çevrilib

İlham Əliyev: "Azərbaycan öz xarici siyasətində islam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir"

Azərbaycan müsəlman dünyasında önəmli dövlətlərdən birinə çevrilib

Sirr deyil ki, Azərbaycan tək regional deyil, həmçinin, beynəlxalq proseslərə, meyillərə bilavasitə təsir edən əhəmiyyətli ölkələrdən birinə çevrilmişdir. O da bəllidir ki, beynəlxalq aləm Azərbaycanda iqtisadi və sosial sahələrdə davam edən uğurlu dinamik islahatlar prosesini diqqətdə saxlayır, buna böyük önəm verir. Belə ki, hazırda dünyada yaşanan qlobal maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın milli iqtisadiyyatının inkişafı istiqamətində dərin təsir bağışlayan nəticələr göstərməkdə davam etməsi və ölkədə həyata keçirilən infrastruktur layihələri təşkil edir. Təbii ki, bütün bunların arxasında düzgün və düşünülmüş iqtisadi islahatlar, güclü siyasət və önəmli idarəçilik məharəti dayanıb. Bu gün Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi islahatları müvəffəqiyyətlə davam etdirməsi Azərbaycanın hərtərəfli inkişaf prosesini sürətləndirib.

Avqustun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən, bu və bu kimi digər əhəmiyyətli məsələlər bir daha öz təsdiqini tapmışdır.

"Biz İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində quruma üzv ölkələrin dəstəyini daim hiss edirik"

Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə qeyd etmişdir ki, artıq bir neçə gündən sonra bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcəkdir. Bu bayram ərəfəsində müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri ilə görüşlər artıq gözəl ənənəyə çevrilib: "Təmsil etdiyiniz ölkələr ilə bizim çox sıx əməkdaşlığımız vardır. İkitərəfli formatda əlaqələr güclənir, genişlənir və demək olar ki, bütün sahələri əhatə edir. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayı ildən-ilə artır. Keçənilki görüşdə mən, hətta demişdim ki, bir neçə ildən sonra bu masada artıq yer qalmayacaqdır. Yəni, bütün bunlar onu göstərir ki, doğrudan da, ikitərəfli formatda əlaqələrimiz güclənir, genişlənir və bu, bizi çox sevindirir".

Dövlət başçısı daha bir əhəmiyyətli məsələyə toxunaraq, vurğulamışdır ki, Azərbaycan da öz xarici siyasətində islam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Biz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin mövqeyini müdafiə edirik və bu qarşılıqlı dəstək bizi daha da gücləndirir: "Biz nəinki ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı dərinləşdiririk. Biz İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində quruma üzv ölkələrin dəstəyini daim hiss edirik. Birləşmiş Millətlər Təşkilatında qarşılıqlı dəstək çox əhəmiyyətlidir. Keçən il Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu seçkilərdə müsəlman ölkələrinin çox böyük rolu olmuşdur. 155 ölkənin Azərbaycanın namizədliyini dəstəkləməsi, eyni zamanda, müsəlman aləminə olan hörmətin təzahürü idi".

"Xocalı soyqırımının rəsmən soyqırımı kimi tanınması müsəlman aləmindən başlamışdır"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan dövləti və xalqı daim müsəlman ölkələrinin dəstəyini hiss edib. Məhz buna yüksək dəyər verən Prezident İlham Əliyev bildirmişdir ki, bu dəstək Azərbaycan üçün çox əhəmiyyətlidir. Belə ki, uzun illərdir ki, beynəlxalq hüquq normaları kobudcasına pozulur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinə müdaxilə olmuşdur:"Azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilmişdir. Yenə də Xocalı soyqırımının rəsmən soyqırımı kimi tanınması müsəlman aləmindən başlamışdır. Xocalı soyqırımını soyqırımı kimi birinci Pakistan dövləti tanımışdır və buna görə biz qardaş ölkəyə minnətdarlığımızı bildirmək istəyirik".

Ölkə rəhbəri daha bir məsələyə diqqət yetirərək, xatırlatmışdır ki, Azərbaycanın işğal altında olan torpaqlarına ATƏT tərəfindən iki dəfə faktaraşdırıcı missiya göndərmişdir: "Missiyanın məruzəsində açıq-aydın göstərilir ki, bütün binalar, evlər, müqəddəs din ocaqlarımız ermənilər tərəfindən dağıdılmışdır. İşğal edilmiş ərazilərdə bütün müsəlman məscidləri ermənilər tərəfindən yerlə yeksan edilmişdir".

"Azərbaycanda gedən proseslərə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən müsbət qiymətin verilməsi bizi daha da ruhlandırır"

"Biz Azərbaycanda islam həmrəyliyinin güclənməsinə də böyük əhəmiyyət veririk" deyən Prezident İlham Əliyev, xüsusilə, indiki zəmanədə buna daha da böyük ehtiyac olduğunu qeyd edib. Dövlət başçısı Bakının islam mədəniyyətinin paytaxtı elan edilməsini islam aləmi tərəfindən Azərbaycana verilən böyük dəstək kimi qiymətləndirildiyini vurğulayıb: "Azərbaycanda gedən proseslərə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən müsbət qiymətin verilməsi bizi daha da ruhlandırır. İslam dəyərləri bizim üçün əzizdir, doğmadır. Bizim milli dəyərlərimizin təməlində islam dəyərləri dayanır".

Məhz bu kimi əhəmiyyətli məqamlara toxunan Prezident İlham Əliyev bütün müsəlman aləminin daha da sıx birləşməsinin, qarşıda duran problemlər həll olunmasının, gələcəkdə müsəlman ölkələrinin bir-birlərinə daha da böyük dəstək verə bilməsinin tərəfdarı olduğunu bildirib:"Biz istəyirik ki, bütün müsəlman ölkələrində sülh, əmin-amanlıq olsun, qan tökülməsin, vətəndaş müharibəsinə yol verilməsin".

"Əfsuslar olsun ki, Azərbaycanda da müstəqilliyimizin ilk illərində vətəndaş müharibəsi baş vermişdir" deyə bildirən ölkə rəhbərimiz bunu böyük faciə kimi dəyərləndirib. Prezident İlham Əliyev qardaş qanının axıdılmasına imkan verilməməsi üçün əməli fəaliyyətin vacibliyini də vurğulayıb: "Ərəb Liqasının Yaxın Şərqdə gedən proseslərlə bağlı mövqeyini, bildiyiniz kimi, Azərbaycan ilk günlərdən dəstəkləmişdir. Biz bu gün də bu dəstəyi veririk. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında da Ərəb Liqasının mövqeyini müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik. Yenə də demək istəyirəm ki, biz bütün dövrlərdə, müstəqillik dövründə islam ölkələri ilə daha da yaxın olmaq üçün səylər göstərmişik. Hesab edirəm ki, bu gün bu əməkdaşlıq ən yüksək səviyyədədir. Biz bir-birimizi bundan sonra da dəstəkləməliyik, bir-birimizə siyasi dəstək verməliyik. Dünya miqyasında bəzi hallarda islam haqqında qəsdən yayılan şayiələrə birgə mübarizə ilə cavab verməliyik. İslamı terrorla bağlamaq cəhdləri böyük günah və böyük cinayətdir. Biz buna qarşı birgə səylərlə daha da ciddi mübarizə aparmalıyıq. Terrordan ən çox zərər çəkən müsəlman xalqları olmuşlar".

Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksək dini tolerantlıq, sivilizasiyalararası dialoq mövcudluğu təmin edilmişdir

Onu da qeyd edək ki, qəbulda iştirak edən səfirlik və diplomatik korpus nümayəndələri də Azərbaycanın müsəlman ölkəsi olaraq, inkişaf etməsindən qürur duyduqlarını bildiriblər. Bu baxımdan, Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsindəki parlaq qələbəsi bütün müsəlman dünyası üçün çox böyük hadisə olmuşdur. Bu ilin mayında "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda səmimi qonaqpərvərlik və yüksək təşkilatçılıq ilə keçirilməsi müsəlman dünyasını çox sevindirdi. Eyni zamanda, Azərbaycanın islam ümmətinin zəngin mirasının yenidən canlandırılması, inkişaf etdirilməsi istiqamətində intensiv təşəbbüslərini də rəğbətlə qarşılanır. Bunun ən bariz nümunəsi Azərbaycanda hər il keçirilən Beynəlxalq Muğam Müsabiqəsidir.

Xüsusilə, vurğulanmışdır ki, Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanda yüksək dini tolerantlıq, sivilizasiyalararası dialoq mövcudluğu təmin edilmişdir. Müasir dünyada ölkələrarası dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin önəmliyinə dəyər verən iştirakçılar Uca Allahdan qardaş Azərbaycan xalqına və islam dünyasına bərəkət, rifah, müvəffəqiyyət, xoşbəxtlik, güc və firavan həyat diləyiblər.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər