İyulun 19-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Suriya ilə bağlı iki qətnamə müzakirə ediləcəkdi. Müşahidəçilərin mandatının üç ay daha uzadılması barədə birinci qətnamə Rusiya, BMT nizamnaməsinin 7-ci bəndinə əsasən Suriyaya diplomatik və iqtisadi sanksiyalar tətbiq edilməsi barədə ikinci qətnamə isə qərb dövlətləri tərəfindən müzakirəyə çıxarılmışdı. Ancaq Rusiya və Çin qərb dövlətlərinin qətnaməsinə veto haqqından istifadə etdikdən sonra Rusiya öz qətnaməsini də geri götürmüşdür.
Bəzi mənbələr Rusiyanın qətnaməni geri götürməsini Suriya böhranı ilə əlaqədar onsuz da gərgin olan Rusiya-ABŞ münasibətlərini daha da gərginləşdirməmək istəməsi ilə izah edirlər. Məsələ ilə bağlı Ağ Evdən verilən bəyanatda Rusiyanın qətnaməsinin dəstəklənmədiyi, Rusiya və Çinin Suriya xalqının yanında olmadıqları və günləri sayılı olan Bəşər Əsad rejiminə dəstək vermələrinin qəbul edilməz olduğu vurğulanmışdır.Almaniyanın XİN rəhbəri Qido Vestervelle də Rusiya və Çinin veto haqqından istifadə etmələrinə münasibət bildirərkən, "Rusiya və Çinin veto qərarından dərindən mütəəssir olduq. Onlar məsuliyyətsiz bir şəkildə Əsad rejiminin Təhlükəsizlik Şurasında lobbiçiliyi ilə məşğuldurlar." demişdir.İngiltərə XİN rəhbəri Uilyam Heyq daha çox demokratiya və insan haqları anlayışını ön plana çıxararaq "Gücə son qoyacaq razılaşma qəbul ediləcəyi ərəfədə onlar bir kənara çəkilirlər. Onlar Suriya xalqından üz döndərmişdir" - deyərək hökumətinin rəmi mövqeyini bildirmişdir.BMT emissarı Kofi Annan da Rusiya və Çinin veto haqqından istifadə etmələrindən mütəəssir olduğunu bildirərək, Suriya hökumətinə təzyiq edəcək mexanizm üzərində razılaşma əldə edilmədiyindən narahat olduğunu vurğulamışdır.Suriyada Bəşər Əsad rejiminin hər gün bir az daha mövqelərini itirdiyi ərəfədə Rusiya və Çinin ona dəstək verməsi dünya mətbuatında və Rusiyada ciddi müzakirələrə səbəb olmuşdur. Rusiyada bəzi mənbələr Əsad rejiminə dəstək verməkdənsə, üsyançıların yanında olmaqla Rusiyanın regiondakı maraqlarının qoruna biləcəyini iddia edirlər.Ancaq reallıq ondan ibarətdir ki, Əsad rejimi məğlub olarsa, Rusiyanın Yaxın Şərqdəki mövqeyi olduqca zəifləyəcəkdir. Amma görünən odur ki Əsad rejimi uzun müddət mövqeyini qoruyub saxlaya bilməyəcəkdir. Bəzi mənbələr artıq Əsadın ölkəni tərk etməyə hazırlaşdığını qeyd edir.Rusiyanın TŞ-də veto hüququndan istifadə etməsinin əsl səbəbi Suriya deyil. Rusiya bu məsələ ilə bağlı uduzduğunu bilir, sadəcə dövlət olaraq öz hörmətini və etibarını qorumaq üçün mövqe nümayiş etdirir. ABŞ və qərb dövlətləri Suriya böhranını həll etsələr növbəti hədəfləri böyük bir ehtimalla İran olacaqdır. İranla bağlı daha çətin bir şəraitdə mübarizə aparacaqlarını bilən Rusiya və Çin ABŞ və qərb dövlətlərini Suriya məsələsi ilə məşğul etməyə üstünlük verirlər.Suriya məsələsi həll edildikdən sonra ABŞ və qərb dövlətləri İrana qarşı təzyiqlərinin artırarlarsa, bu zaman Rusiya və Çinin ABŞ və qərb dövlətləri ilə münasibətləri daha ciddi şəkildə zədələnə bilər.Əgər İranda hər hansı bir şəkildə rejim dəyişikliyi yaşanarsa, bu zaman ABŞ Şərqi Avropada olduğu kimi cənubda da Rusiyaya qonşu olacaqdır. Bu isə Rusiyanın təhlükəsizlik anlayışına uyğun deyil. Rusiyaya cənubdan təsir etmək qabiliyyətinə sahib olan ABŞ Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi üçün Rusiya qarşısında daha üstün mövqedə olacaqdır.Bir ildən çoxdur Yaxın Şərqdə cərəyan edən hadisələrə diqqət edildiyində ABŞ-ın liderliyində həyata keçirilməsi planlaşdırılan "Böyük Yaxın Şərq" planını xatırlamamaq olmaz. Bəzi mənbələr regionda ilk etiraz dalğasının ABŞ-ın müdaxiləsi olmadan başladığını iddia etsələr də, daha sonrakı hadisələrə bu ölkənin istiqamət verdiyini söyləmək mümkündür.ABŞ Yaxın Şərqdə və Afrika qitəsindəki dəyişiklikləri hərbi yolla həyata keçirsəydi yüz milyardlarla dolar xərcləsəydi belə böyük bir ehtimalla istədiyi nəticəni əldə edə bilməzdi. Amma regionda ortaya çıxan bu böhrandan məharətlə istifadə edərək, öz planlarını hələlik istədiyi kimi həyata keçirməyə çalışır.Dünyanın ikinci qütbü olmağa iddialı olan Çin hadisələri soyuqqanlı şəkildə izləsə də, hələlik ABŞ və qərb dövlətləri qədər fiziki müdaxilə imkanına sahib deyildir. Çin daha çox Rusiya ilə birgə diplomatik yolla ABŞ-ın regiondakı planlarına qarşı çıxmağa çalışır.BMT TŞ çərçivəsində Suriya ilə bağlı ABŞ-Rusiya və Çin arasında diplomatik mübarizənin konturları önümüzdəki günlərdə daha aydın şəkildə ortaya çıxacaqdır. Bu zaman Əsad rejiminin dayanıqlılığı, Rusiya və Çinin böhrana əlaqədar siyasətlərindəki son durum əsas rol oynayacaqdır.
newtimes