PDF Oxu

Siyasət

  • 55

Azərbaycan Qafqaz ölkəsidir, eyni zamanda, türkdilli dövlətdir

İlham Əliyev: "Burada millətlər, xalqlar, dinlər görüşür, birləşir və bir ailə kimi yaşayırlar "

Azərbaycan Qafqaz ölkəsidir, eyni zamanda, türkdilli dövlətdir

Müqəddəs Ramazan ayı yekunlaşmaq üzrədir. Məhz bu baxımdan, ölkəmizdə də bu fəzilətli ay müddətində bir çox əhəmiyyətli hadisələr baş verdi. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə fəaliyyət göstərən müsəlman ölkələrinin səfirlərini qəbul etməsini, Onun həmin qəbulda önəmli fikirlər səsləndirməsini xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda, belə mühüm görüşlər, onu da deməyə əsas verir ki, bu gün inkişaf edən, qüdrətli dövlətə çevrilən müstəqil Azərbaycanda daim belə ənənələr qorunub-saxlanılır, müsəlmanlarla yanaşı, digər dini icmalara da hərtərəfli diqqət və qayğı göstərilir.

Belə önəmli görüşlərdən biri də çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibəti ilə açdığı iftar mərasimində baş tutub. Qeyd edək ki, həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

"Azərbaycanı xalq kimi qoruyub saxlayan milli-mənəvi və islami dəyərləridir" deyə vurğulayan ölkə başçısı bildirib ki, Şimali Qafqaz müftilərinin də mərasimdə iştirakı xüsusi əhəmiyyət daşıyır:"Mən sizin hamınızı ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz artıq gözəl ənənəyə çevrilibdir. Bu ənənəni Ulu Öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar. Bu ənənə davam etdirilir".

Dövlət başçısı böyük məmnuniyyətlə şeyx həzrətlərinin iftar süfrəsində iştirak etdiyini vurğulayıb və onunla yanaşı qeyd edib ki, görüşdə Şimali Qafqaz müftilərinin iştirakı xüsusi əhəmiyyət daşıyır:"Onlar bizim tədbirlərimizdə iştirak etmişlər. Təzəpir məscidinin, Əjdərbəy məscidinin yenidənqurmadan sonra açılışlarında iştirak etmişlər. Gələcəkdə İmamzadə dini-tarixi kompleksinin bərpasından və Azərbaycanın ən qədim məscidi olan Şamaxı məscidinin əsaslı təmirdən sonra açılışında da biz onları görməyə şad olacağıq".

"Qafqaz vahid orqanizmdir" deyə vurğulayan Prezident İlham Əliyev bunu belə izah edib ki, Azərbaycan xalqı əsrlər boyu Şimali Qafqaz xalqları ilə bir yerdə olmuşdur və bu gün bu birlik indi də davam etdirilir. Belə ki, Şimali Qafqaz respublikalarının rəhbərləri dəfələrlə Azərbaycanda olmuşlar: " Biz hamımız istəyirik ki, Qafqazda daim sülh, sabitlik, əmin-amanlıq və qarşılıqlı anlaşma olsun. Bu məqsədlərə çatmaq üçün din xadimlərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".

"Bugünkü reallıqlar ondan ibarətdir ki, Azərbaycan həm Xəzər hövzəsində, həm türk dünyasında, həm Qafqazda özünəməxsus yerə malikdir"

Ölkə rəhbərinin sözlərinə görə, Şimali Qafqaz müftiləri öz respublikalarında çox böyük hörmətə malik olan insanlardır. Onların şeyx həzrətləri ilə əlaqələri, dostluq telləri xalqlarımızı daha da sıx birləşdirir. Dövlət başçısı, eyni zamanda, iftar məclisimizdə türkdilli dövlətlərin iqtisadiyyat nazirlərinin də qatıldıqlarını qeyd edib: "Türkiyə, Qazaxıstan, Qırğızıstanın iqtisadiyyat nazirləri də bizim qonaqlarımızdır. Bu tərkibdəki görüş rəmzi xarakter daşıyır. Çünki Azərbaycan Qafqaz ölkəsidir, eyni zamanda, türkdilli dövlətdir. Azərbaycan o ölkədir ki, burada millətlər, xalqlar, dinlər görüşür, birləşir və bir ailə kimi yaşayırlar. Bugünkü reallıqlar ondan ibarətdir ki, Azərbaycan həm Xəzər hövzəsində, həm türk dünyasında, həm Qafqazda özünəməxsus yerə malikdir. Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir".

Bu kimi əhəmiyyətli hadisələrin əyani sübutu kimi ölkəmizin ötən ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına keçirilən seçkilərdə qeyri-daimi üzvü seçilməsini xatırladan Prezident İlham Əliyev buna misal kimi, dünyanın 155 ölkəsinin Azərbaycanın namizədliyini dəstəkləməsini, inamını göstərmişdir:"Biz bu inamı doğrulduruq. Təhlükəsizlik Şurasındakı fəaliyyətimiz çox ciddidir, səmimidir. Biz bu mötəbər təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə edirik. Bu gün şeyx həzrətləri din-dövlət münasibətlərinə toxundu. Bu münasibətlərin təməlində Ulu Öndər Heydər Əliyev dayanmışdı, şeyx həzrətləri dayanmışdır. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur. Eyni zamanda, dövlət siyasətinin müəllifidir. Bu gün Heydər Əliyev siyasəti bütün istiqamətlərdə davam etdirilir - xarici siyasətdə, daxili siyasətdə, din-dövlət münasibətlərinin tənzimlənməsində, sosial məsələlərin həllində. Sadəcə olaraq, həyat davam edir, Azərbaycan inkişaf edir. Qarşımıza yeni çağırışlar çıxır, yeni məsələlər həll olunur".

"Bu gün Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır"

"Hesab edirəm ki, bu gün Azərbaycanda din-dövlət münasibətləri nümunəvi xarakter daşıyır" deyə vurğulayan Prezident İlham Əliyev xüsusilə bildirdi ki, bu münasibətlər nə qədər güclü olarsa, cəmiyyətdə bir o qədər də sülh, əmin-amanlıq və inkişaf olacaqdır. Dövlət başçısı bu münasibətlərdə şeyx həzrətlərinin böyük rolunun olduğunu qeyd edib: "Bu münasibətlərin inkişafında şeyx həzrətlərinin çox böyük rolu vardır. Şeyx həzrətləri həm Azərbaycanda, həm xaricdə - Qafqazda böyük nüfuza malik şəxsiyyətdir. Mən bu barədə keçən görüşümüzdə də qeyd etdim. Müxtəlif dövrlərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşlərimdə şeyx həzrətlərinin fəaliyyətinə çox böyük diqqət və qiymət verilmişdir. Bu, əlbəttə ki, bizi sevindirir. Bu gün Qafqazda müsbətə doğru gedən proseslərdə şeyx həzrətlərinin böyük rolu vardır. O, Qafqaz respublikalarına mütəmadi qaydada səfərlər edir və bu səfərlər bizim üçün, Qafqaz respublikaları üçün, bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri üçün böyük məna daşıyır".

"Gələcək inkişaf üçün milli dəyərlər daim diqqət mərkəzində olmalıdır, qorunmalıdır"

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir: "İslam dəyərləri bizim milli- mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Sadəcə olaraq, müstəqillik əldə etdikdən sonra bu bayram rəsmi bayram kimi qeyd edilir. Milli-mənəvi dəyərlərə söykənən, inkişafda olan gənc, müstəqil Azərbaycan həm iqtisadi, həm siyasi, həm də xarici siyasət sahələrində böyük uğurlara nail olmuşdur. Ancaq gələcəyimiz, gələcək inkişaf üçün milli dəyərlər daim diqqət mərkəzində olmalıdır, qorunmalıdır. Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir, xüsusilə, indiki zəmanədə. Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir, islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstərilməlidir".

"Olimpiyaçılarımız bir daha göstərdilər ki, gənc, müstəqil Azərbaycan güclü dövlətdir, o cümlədən, idman sahəsində də güclüdür"

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda çox keyfiyyətli və dəyərli gənc nəsil yetişir və gənclər vətənpərvərlik ruhunda tərbiyə alır. Belə ki, Azərbaycan dünya miqyasında idman sahəsində də qabaqcıl yerlərdədir. İdmanın inkişafı ölkənin ümumi inkişafına təsir göstərir və bunu müəyyənləşdirir: "Təsadüfi deyildir ki, Olimpiya Oyunlarında ölkələr bir növ bir-biri ilə yarışa girirlər. Kim nə qədər çox medal qazanırsa, o ölkənin imici bir o qədər də çox artır. Olimpiyaçılarımız bir daha göstərdilər ki, gənc, müstəqil Azərbaycan güclü dövlətdir, o cümlədən, idman sahəsində də güclüdür. Ən sevindirici hal ondan ibarətdir ki, medallar - qızıl, gümüş və bürünc medallar qazanan idmançılar müstəqillik dövründə yetişmiş gənc insanlardır. Azərbaycan idmanına son illər ərzində göstərilən diqqətin hesabına onlar artıq peşəkar idmançılardır. Onlar Azərbaycanın milli bayrağını on dəfə qaldırdılar və dövlət himnimizi iki dəfə səsləndirdilər. Hər bir sahədə olduğu kimi, idmanda da inkişaf özünü göstərmişdir".

"Biz hamımız çalışmalıyıq, dünya ictimaiyyəti, mütərəqqi bəşəriyyət çalışmalıdır ki, dini zəmində münaqişələrin sayı azalsın"

Dövlət başçısının sözlərinə görə, Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir:"Hörmətli arxiyepiskop Aleksandr Ulu Öndərin kəlamlarını yada saldı ki, Azərbaycan çoxmillətli dövlətdir və bu, bizim böyük sərvətimizdir. Bu, həqiqətən də, belədir. Bu sahədə də dövlət siyasətimiz dəyişməz olaraq qalır. Hesab edirəm ki, son illər ərzində Azərbaycanın bu sahədəki uğurları dünya ictimaiyyətinə daha da dolğun şəkildə çatdırılır. Çünki ölkəmizdə keçirilən müxtəlif forumlar, dini konfranslar, dünya dini liderlərinin zirvə görüşləri bir daha göstərir ki, Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac vardır. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyildir. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində dini zəmində münaqişələr, toqquşmalar, qarşıdurmalar hələ də davam edir. Bəzi hallarda bu qarşıdurmalar daha da şiddətli xarakter daşıyır və bu, bizi çox narahat edir. Çünki dini zəmində münaqişələr ən təhlükəli münaqişələrdir. Bunların fəsadları çox ağır və acı ola bilər. Biz hamımız çalışmalıyıq, dünya ictimaiyyəti, mütərəqqi bəşəriyyət çalışmalıdır ki, dini zəmində münaqişələrin sayı azalsın. Buna nail olmaq üçün biz çox diqqətli və məsuliyyətli olmalıyıq. Hamımız - dövlət, hökumət başçıları, media nümayəndələri, din xadimləri, ictimai xadimlər diqqətli, məsuliyyətli olmalıyıq. Çünki bəzi hallarda deyilən yanlış, təhqiramiz bir ifadə böyük fəsadlara gətirib çıxarır. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox sözlər deyilir, amma əslində, bu dialoqu pozmaq üçün addımlar atılır. Buna yol vermək və göz yummaq olmaz. Bu hadisələr - haradasa müqəddəs Qurani-Şərifin yandırılması, məscidə od vurulması, məscidin gülləbaran edilməsi beynəlxalq ictimaiyyətin qınağına çevrilməlidir. Biz bu hallara biganə qala bilmərik. Nəinki müsəlmanlar, bütün dinlərin nümayəndələri, dünya liderləri öz səsini ucaltmalıdırlar. Hesab edirəm ki, bu məsələlərlə bağlı ciddi düşünməyə böyük ehtiyac vardır. Konkret addımların atılması üçün dünyanın tanınmış siyasi xadimlərinin ciddi sözlərinə ehtiyac vardır".

"Bəzi hallarda terrorçuya islamçı deməklə bütün dinimiz, bütün müsəlman aləmi təhqir olunur"

Prezident islamofobiyanın genişlənməsinə də diqqət yetirib.

"Bizi, eyni zamanda, narahat edən məsələlərdən biri də islamofobiyanın genişlənməsidir. Buna yol vermək olmaz. Çünki bu yanaşmanın axırı yoxdur. Bu, böyük bir qarşıdurmaya gətirib çıxara bilər. İslama qarşı əsassız ittihamlar, islamofobiya meyillərinin güclənməsi, bəzi xarici mətbu orqanlarda islamın terrorla bərabərləşdirilməsi halları bizi çox hiddətləndirir. İslam sülh, qardaşlıq, mərhəmət dinidir. Bəzi hallarda terrorçuya islamçı deməklə bütün dinimiz, bütün müsəlman aləmi təhqir olunur. İslamçı terrorist deyildir. İslamçı islam dininə mənsub olan insandır. Bir də ki, terrorun nə milləti, nə də dini vardır. Bu barədə çox danışılır, amma biz gərək artıq praktiki addımlara keçək".

"Məndə Prezident kimi heç bir narahatlıq yoxdur, çünki bütün məsələlər lazımi səviyyədə tənzimlənir"

Prezident İlham Əliyev bildirib ki, müstəqilliyimizin ilk illərində və ondan sonrakı dövrdə erməni terrorçuları bizə qarşı 30-dan yuxarı terror aktı törətmişlər.

Bu terror aktları nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur."Biz bu terror aktlarını hər hansı bir dinlə bağlamırıq. Ona görə də burada məsuliyyət məsələləri ön planda olmalıdır. Xüsusilə, siyasətçilərin məsuliyyəti. Bəzi hallarda biganəlik məsələnin müsbət istiqamətdə deyil, mənfi istiqamətdə getməsinə gətirib çıxarır. Biz Azərbaycanda bütün bu məsələləri təhlil edərkən, bir daha görürük ki, doğrudan da, ölkəmizdə nadir bir təcrübə formalaşmışdır. Bu təcrübənin, əlbəttə ki, güclü əsasları vardır. Çünki əsrlər boyu müxtəlif dövrlərdə, müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində Azərbaycanda bütün xalqlar dözümlülük, tolerantlıq nümayiş etdirmişlər, multikulturalizm şəraitində yaşamışlar. Baxmayaraq ki, o vaxt multikulturalizm anlayışı yox idi. Ancaq bizim həyat tərzimiz məhz multikulturalizmdir. Bu güclü zəmin üzərində Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində müstəqillik dövründə biz bu meyilləri daha da gücləndirdik. Azərbaycan bu siyasəti seçdi. Biz özünü təcridetmə siyasətini deyil, dünyaya açıq olmaq, dünya ilə bir yerdə olmaq və ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq etmək siyasətini aparmışıq. Bu gün isə biz öz həyatımızla, öz dünyagörüşümüzlə və öz praktiki addımlarımızla təcrübəmizi dünya birliyinə təqdim edirik. Hesab edirəm ki, müqəddəs Ramazan ayında biz bu məsələlərlə bağlı gərək açıq danışaq, fikirlərimizi açıq bildirək. Bir daha demək istəyirəm ki, Azərbaycanda ölkə daxilində bu məsələlərlə bağlı heç bir narahatlıq yoxdur. Məndə Prezident kimi heç bir narahatlıq yoxdur, çünki bütün məsələlər lazımi səviyyədə tənzimlənir. Əminəm ki, bundan sonra - əbədiyyətə qədər Azərbaycanda millətlərarası münasibətlər nümunəvi olacaqdır. Ancaq biz vakuumda yaşamırıq. Biz istəyirik ki, hər yerdə belə olsun. Biz istəyirik ki, heç bir yerdə dini zəmində heç bir qarşıdurma olmasın. Bəzi hallarda biz islam aləminin içində bu qarşıdurmanın şahidi oluruq. Bu, ümumiyyətlə, dözülməzdir. Beləliklə, deyə bilərəm ki, biz bu məsələlərin müsbət istiqamətdə həlli üçün səylərimizi davam etdirəcəyik. Öz işimizlə, əməllərimizlə beynəlxalq işbirliyini, beynəlxalq həmrəyliyi gücləndirəcəyik, dinlərarası münasibətlərin inkişafına töhfəmizi verəcəyik".

"Azərbaycan islam aləminin bir parçasıdır"

Müsəlman ölkələrinin səfirləri ilə görüşdüyünü xatırladan dövlət başçısı bu görüşlərin ənənəvi xarakter daşıdığını vurğulayıb: " Bu gün də onlar buradadırlar. Bir daha demək istəyirəm ki, Azərbaycan islam aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, güclənir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini zəmində gedən proseslərə çox yüksək qiymət verir. Bu, bizi daha da ruhlandırır. Bu fürsətdən istifadə edərək, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və bütün dünya müsəlmanlarını təbrik edirəm".

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər