PDF Oxu

Siyasət

  • 55

Azərbaycanın sənaye potensialı sürətlə artır

İlham Əliyev: " Ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir"

Azərbaycanın sənaye potensialı sürətlə artır

Bu ilin ilk yarısında ölkəmizin sosial-iqtisadi inkişafını xarakterizə edən bütün statistik göstəricilər çox uğurludur. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin valyuta ehtiyatları getdikcə artır. İndi strateji valyuta ehtiyatlarımızın 40 milyard dolları ötməsi qarşıya qoyulan istənilən məsələnin həllinə imkan yaradır. Təsadüfi deyil ki, hazırda ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulur və bu proses getdikcə artır. Göründüyü kimi, 2012-ci ilin birinci yarısında ölkəmizin iqtisadi və sosial həyatında dinamik inkişaf prosesi davam etmiş, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı artmışdır. Bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir.

Ölkəmizdə sənaye sektorunun inkişafı ilə bağlı dövlət başçımız İlham Əliyev demişdir: "Sənaye istehsalının inkişafına gəldikdə, yenə də neftin hasilatının aşağı düşməsi nəticəsində ümumi rəqəm mənfidir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sənayesində artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir. Beləliklə, bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır. Eyni zamanda, orta və kiçik həcmli müəssisələr də fəaliyyətini gücləndirir, onların sayı artır və yenə də deyirəm, bu artımın səbəbi ondan ibarətdir ki, dövlət tərəfindən özəl sektora çox böyük dəstək göstərilir, kreditlər verilir. Bu artımın səbəblərindən biri də ondan ibarətdir ki, dövlət şirkətlərini beynəlxalq şirkətlərə çevirmək üçün konkret tədbirlər görülür. İndi dövlət şirkətlərimiz həm peşəkarlıq, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də texnika təchizatı baxımından güclü şirkətlərə çevrilmişdir".

Sənaye sektorunun inkişafından danışarkən, əvvəlcə bir məqama toxunmağı zəruri sayırıq. Dövlət ölkədə iqtisadi inkişafın davamlı olması üçün kapital qoyuluşuna xüsusi əhəmiyyət verir. Bunun nəticəsidir ki, əsas kapitala yönəldilmiş vəsaitin 77,9 faizini daxili investisiyalar təşkil etmişdir. Bu investisiyaların 71,3 faizi dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, 28,7 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşmüşdür. Cari ilin 6 ayında dövlət büdcəsindən inşaat işləri üçün nəzərdə tutulmuş vəsaitin 2402,9 milyon manatından istifadə edilmişdir.

"Növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Birinci üç ayda investisiyalar 4,3 milyard dollar təşkil etmişdir. Hələ ki, 6 ayın investisiya rəqəmləri hesablanır və bu da müsbət göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin sonuna qədər bu templə işləsək və mən hesab edirəm ki, temp daha da yüksək olacaqdır, - təqribən 18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq. Bu da əhalisi o qədər də çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur, növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır".

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri ümumi vəsaitin 46,4, bank kreditləri 4,6, büdcə vəsaitləri 42,3, büdcədənkənar fondların vəsaitləri 3,9, əhalinin şəxsi vəsaitləri 2,5 faiz təşkil etmişdir. Dövlət, eyni zamanda, ölkədə sənayenin inkişafına xüsusi qayğı göstərir. Belə ki, cari ilin birinci yarısında əsas kapitala yönəldilmiş bütün vəsaitin 38,6 faizi sənaye sahələrinin inkişafına xərclənmişdir. Yanvar-iyun aylarında əsas kapitala yönəldilən ümumi vəsaitin 28,6 faizi neft bölməsinin, 71,4 faizi qeyri-neft bölməsinin, o cümlədən, 10 faizi qeyri-neft sənaye bölməsinin inkişafına sərf edilmişdir.

Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq getdikcə çoxalır

Azərbaycanın strateji valyuta ehtiyatları hazırda 40 milyard dollardan çoxdur. Bu da ölkəmizdə yeni istehsal sahələrinin yaradılmasına, iqtisadi fəallığın bir qədər də artmasına səbəb olmuşdur. İlin əvvəlindən həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Yeri gəlmişkən, ölkə sənayesinin real həcminin artmasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də, digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirak etməsinə imkan yaratmışdır. Ötən il qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi təqribən 10 faiz artmışdır. Bu da ondan irəli gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində yeni istehsal və emal müəssisələri yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı məhsul buraxılışının həcmi artır. İndi hətta Azərbaycan istehsalı olan mallara dünya bazarlarında maraq da getdikcə çoxalır. Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur. Bu kimi əhəmiyyətli amillər isə ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri vəd edir.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər