PDF Oxu

Siyasət

  • 56

İnfrastruktur layihələrinin reallaşdırılması Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edir

İlham Əliyev: "Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir"

İnfrastruktur layihələrinin reallaşdırılması Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edir

Ölkəmizdə regionların davamlı inkişafı istiqamətində sosial infrastrukturların yenidən qurulması prosesi milli iqtisadiyyatın daha da güclənməsinə xidmət edir. Eyni zamanda, neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün dövlət tərəfindən reallaşdırılan kompleks tədbirlər Azərbaycanın sosial-iqtisadi uğurlarını şərtləndirməkdədir. Belə ki, həyata keçirilmiş məqsədyönlü uğurlu iqtisadi siyasət hesabına ərzaq təhlükəsizliyinin təmin edilməsi, yoxsulluğun azaldılması ilə bağlı mühüm nəticələr əldə edilmişdir.

O da sirr deyil ki, bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə lider dövlətlər sırasında önəmli yerlərdən birinə sahibdir. Həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək, vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə, onu deməyə əsas verir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi bu ilin ötən aylarında da inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır.

Uğurların təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya nəticəsində bu ilin ötən aylarında ölkəmizdə islahatların davamlılığı təmin edilmişdir. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirmişdir. Dövlət başçısının vurğuladığı kimi, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasət, iqtisadi islahatlar dayanır: "Bu ilin ötən aylarında strateji valyuta ehtiyatlarımız daha da artmışdır və hazırda 44 milyard dollardan çoxdur. Bu, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox uğurlu göstəricidir. Bu ehtiyatlar getdikcə artacaq. Bu vəsaitin səmərəli istifadəsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq və həmin vəsaitdən əldə ediləcək əlavə gəlirlər, əlbəttə ki, gələcəkdə ölkənin maliyyə vəziyyətini daha da yaxşılaşdıracaq, yeni investisiya layihələrinin həyata keçirilməsi üçün şərait yaradacaqdır.

Beləliklə, bir müddət əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur layihələri növbəti iki il ərzində Azərbaycanda başa çatsın və ondan sonra Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşılsın. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi uğurla reallaşdırılır. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir".

Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir

Bütün yuxarıda deyilənlər Dövlət Statistika Komitəsinin bu ilin ilk yarısı ilə bağlı yaydığı məlumatda da öz ifadəsini tapmışdır. Hesabat dövründə ölkədə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi üçün çox iş görülmüşdür. Nəticədə, Azərbaycanın, eləcə də, Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür. Həmçinin, son illər ərzində Bakı qəsəbələrində yol infrastrukturu yeniləşdirilmiş, yeni məktəb və tibb müəssisələri tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir.

Xatırladaq ki, bu ilin birinci rübündə 24 min yeni iş yerləri açılmışdır ki, onlardan təxminən 20 mini daimi iş yerləridir. Dövlət başçısının bölgələrə mütəmadi səfərləri də hər dəfə yeni iş yerlərinin açılmasına gətirib çıxarır və ölkə Prezidenti iştirak etdiyi müəssisələrin açılış mərasimlərində həmişə maraqlanır ki, nə qədər yeni iş yerləri açılır və açılacaqdır. Dövlət başçısının qərb bölgəsinə son səfəri də Azərbaycanın iqtisadi sahədə ümumi inkişaf dinamikasını göstərmişdir.

Respublikamızın maliyyə ehtiyatlarının və büdcə vəsaitlərinin getdikcə artması sosial infrastruktur sahələrində daha yeni layihələrə başlamağa əlverişli zəmin yaradır. Məlum olduğu kimi, hökumət büdcənin böyük bir hissəsini sosial proqramlarla yanaşı, investisiya və infrastruktur proqramlarına yönəldir. Ötən dövr ərzində sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların inşası, təmiri, yeni müasir tibb müəssisələrinin yaradılması və ən son texnika ilə təminatı, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin salınması, körpü, yol tikintisi, elektrik stansiyalarının yenidən qurulması və digər layihələr infrastruktur proqramlarının çox əhatəli olduğunu təsdiqləyir.

Uğurlu layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır

Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.

Bu gün ölkədə ən çox diqqət çəkən iri layihələrdən biri də Şirvan-Muğan qrup su kəməridir. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabulda həmin kəmərin təməlqoyma mərasimində iştirak edərkən demişdir ki, Kür-Bakı su kəmərlərindən biri ilə nəql edilən su Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin, Salyanda 41, Neftçalada 44, Biləsuvarda 23, Sabirabadda 13 - ümumilikdə, 121 kəndin tələbatının ödənilməsinə yönəldiləcəkdir. Ümumilikdə, Şirvan-Muğan qrup su kəmərinin istismara verilməsi ilə 470 min insan keyfiyyətli və fasiləsiz su ilə təmin olunacaqdır. Magistral kəmərin çəkilişi ilə yanaşı, hər bir şəhərdə içməli su və kanalizasiya şəbəkəsi müasir standartlara uyğun yenidən qurulacaq, çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Layihəyə uyğun olaraq Şirvan-Muğan qrup su kəmərinin inşası 2013-cü ilin sonuna qədər yekunlaşacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında vurğulamşdır: "Şirvan-Muğan su kəməri böyük proqramın tərkib hissəsidir. Bu gün təməl daşını qoyduğumuz layihə, əminəm ki, gələn ilin sonuna qədər başa çatacaq və beləliklə, altı rayonun su problemi, demək olar ki, həll olunacaqdır. Bu layihə Hacıqabul, Şirvan, Biləsuvar, Neftçala, Salyan və Sabirabad rayonlarının 121 kəndini və beş şəhərini əhatə edəcəkdir. Beləliklə, bu layihənin və digər bölgələrdə su layihələrinin icra edilməsi nəticəsində uzun illər problem olaraq qalan su məsələsi öz həllini tapacaqdır. Beləliklə, Azərbaycan yeni mərhələyə qədəm qoyacaqdır. Çünki ölkəmizdə gedən geniş quruculuq- abadlıq işləri bütün sahələri əhatə edir. Bu işlərin içərisində infrastruktur layihələri birinci yerdədir və son illərdə bu istiqamətdə böyük işlər görülmüşdür. Demək olar ki, bizim indi enerji potensialımız xeyli dərəcədə artmışdır və biz nəinki özümüzü təmin edirik, eyni zamanda, elektrik enerjisini ixrac edirik. Bizdə yaranan enerji gücləri imkan verir ki, öz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edək və gələcəkdə daha böyük həcmdə enerji ixrac edək. Hazırda Şirvan şəhərində tikilməkdə olan "Cənub" elektrik stansiyasının bu il işə düşməsindən sonra enerji potensialımızın artırılmasına yeni təkan veriləcəkdir. Biz indi yeni elektrik xətlərinin çəkilişi ilə gələcəkdə elektrik enerjisini ixrac etmək üçün yeni imkanlara malik olacağıq..."

İnfrastruktur layihələrinin icrasının sürətləndirilməsi onu da göstərir ki, qarşıdakı aylarda bu layihələrin maliyyə tutumu və miqyası bir qədər də genişləndiriləcəkdir. Ən nəhəng infrastruktur layihələrinin başa çatdırılması, yenilərinin icrasına başlanması nəzərdə tutulur. Dövlətimizin başçısı respublikanın bütün bölgələrində sosial və infrastruktur layihələrinin, inkişaf proqramlarının davamlı olaraq həyata keçiriləcəyini və mövcud olan problemlərin tamamilə öz həllini tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli layihələr bütün bölgələrə öz müsbət təsirini göstərəcəkdir. İçməli su təminatı, kanalizasiya xətlərinin yenilənməsi, yol çəkilişi, məktəb və xəstəxanaların bərpası, digər obyektlərin inşası başa çatdırılacaqdır.

Xatırladaq ki, həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, vətəndaşları uzun illərdən bəri narahat edən, qayğılandıran bir sıra problemlərin kompleks həllini nəzərdə tutur. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, paytaxtın və rayonların elektrik enerjisi, işıq və qazla təchizatının yaxşılaşdırılması həm də yeni istehsal müəssisələrinin yaradılması, normal fəaliyyət göstərməsi baxımından vacibdir. Azərbaycanda qeyri-neft sektorunun sürətlə inkişafı, yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə başlaması elektrik enerjisinə, mavi yanacağa, suya olan tələbatı da kəskin surətdə artırır. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev qısa müddətdə energetika sahəsinin kompleks inkişafını nəzərdə tutan Dövlət Proqramı imzalamış, əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılmasını hökumət qarşısında mühüm məsələlərdən biri kimi müəyyənləşdirmişdir.

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər