PDF Oxu

Siyasət

  • 57

BÖYÜK MİSSİYANIN DAVAMÇISI

BÖYÜK MİSSİYANIN DAVAMÇISI

MEHRİBAN XANIM ƏLİYEVA - QAYĞIKEŞLİYİN, MÜTƏRƏQQİ AZƏRBAYCAN QADINININ CANLI SİMVOLU

"Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür"- Prezident İlham Əliyevin bu sözləri Heydər Əliyev Fondunun və onun başçısı Mehriban Əliyevanın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Dünyada az-az insan tapılar ki, başqalarının xoşbəxtliyinə öz səadəti kimi sevinsin, problemləri ilə yaxından maraqlansın, xeyriyyəçilik fəaliyyətinə bu qədər dəyər versin, bəşəri duyğulardan güc alan ali ideyaların həyata keçirilməsi üçün çalışsın. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun, 51 müsəlman dövlətinin təmsil olunduğu nufuzlu beynəlxalq mədəni-humanitar təşkilat İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva belə nadir şəxsiyyətlərdəndir.

Azərbaycan hər zaman öz xeyirxahlığı, qayğıkeşliyi və həqiqi sevgi qazanmağı bacaran xalqı ilə dünyada tanınan, rəğbət bəslənilən ölkə kimi qəbul edilir. Bu mənada, təbii ki, Azərbaycan qadınının, Azərbaycan anasının rolu əhəmiyyətli dərəcədə dəyərləndirilir. Çünki belə bir ifadə var ki, Vətən anadır. Ana isə, təbii olaraq, bir qadın obrazıdır. Qadın və ana obrazında formalaşan qayğıkeşlik təcəssümü həmin dövlətin və xalqın mənəviyyatını əks etdirən xüsusi amildir. Bu amil Azərbaycan xalqının sevimlisi, özündə ana obrazının bütün ali məfkurələrini sərgiləyən Mehriban xanım Əliyevada da mövcuddur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 8 ildə elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində həyata keçirilən layihələri diqqətə çatdıraraq, bildirdi ki, Heydər Əliyev Fondu Azərbaycanın bugünü və sabahı naminə gələcəkdə də bu işləri uğurla davam etdirəcək.

Fondun yaranma zərurəti və məqsədi

Qısaca olaraq Heydər Əliyev Fondunun yaradılma səbəblərinə və ondan doğan zərurətlərinə nəzər salaq: Azərbaycan xalqının öz Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzu və istəyi; Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti; qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq niyyəti; Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi və s. Heydər Əliyev Fondunun rəsmi açılışı 2004-cü ilin may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ad gününə həsr olunmuşdur. 8 il zaman baxımından uzun bir dövr olmasa da, bu müddət ərzində xeyli işlər görülmüş, müxtəlif sahələri əhatə edən layihələr həyata keçirilmişdir. Ötən bu dövrdə qazanılan uğurlara diqqət yetirsək, bu həqiqəti bir daha təsdiqləmiş olarıq ki, fond qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi üçün ciddi səylər göstərir. Fondun əsas məqsədləri Ulu Öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verməkdir. Bu məqsədlərin həyata keçirilməsi istiqamətində görülən işləri təhlil etmədən öncə, fondun prezidenti Mehriban xanım Əliyevanın daim önə çəkdiyi bir fikri xatırlatmaq istərdik: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir."

Uşaqlar bizim gələcəyimizdir

Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqlara qayğıdır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün biri-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. "Uşaqlar bizim gələcəyimizdir. Onları necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaq." Ümummilli Lider Heydər Əliyevin ən müdrik kəlamlarından olan bu tövsiyələrdə bugünümüzün və sabahımızın qurucuları olan gənc nəslə etibarı, inamı öz əksini tapıb. Ölkəmizdə uşaqların firavan, sağlam böyüməsi üçün hər cür şərait yaradılıb. Analara göstərilən diqqət və qayğını da əlavə etsək, deyilənlərin təsdiqi üçün geniş təhlilə ehtiyac qalmaz. Əsas təşkilatçısı Heydər Əliyev Fondu olmaqla "Hər uşağın ailəyə ehtiyacı var" kampaniyasının həyata keçirilməsi də bu diqqət və qayğıdan irəli gəlir. Yarandığı gündən cəmiyyətin ictimai-siyasi həyatında fəal mövqe tutmaqla uşaq problemlərinin həlli istiqamətində biri-birindən əhəmiyyətli layihələr həyata keçirən Heydər Əliyev Fondunun təcrübəsi hər bir təşkilat üçün nümunədir. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin ediliblər. Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün mərkəzin, tələbatı ödəyəcək qədər Qan Bankının yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir. "Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində görülən işlər daim təqdir olunur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması" kimi layihələr bəlkə də heç bir ölkədə alternativi olmayan xeyirxahlıq və humanistlikdir.

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin uğurları

Uzun müddət üçün nəzərdə tutulan və bu gün də davam etdirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının həyata keçirilməsi ilə regionlarda, xüsusilə, sərhəd bölgələrində məktəb tikintisinə diqqəti artıran xeyriyyəçi Mehriban xanımı haqlı olaraq təhsilin himayəçisi adlandırırlar. Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, dünya təcrübəsi də bu həqiqəti təsdiqləyir ki, ölkənin inkişafında, tərəqqisində neft-qaz amili ilə yanaşı, elmi potensial, yeni texnologiyalar əsas yer tutur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında bu fikri daim bəyan edir ki, təhsilin inkişafında bu amilə xüsusi diqqət yetirilməlidir. Məktəblilər dünya standartlarına cavab verən məktəblərdə dərs almalıdırlar. Proqram çərçivəsində yüzlərlə məktəb tikilib, lazımi avadanlıqlarla təchiz olunub, istifadəyə verilib.

Davam edilən uğurlu yol

Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın da fəaliyyəti təqdirəlayiqdir. Həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Leyla xanım Əliyeva bildirir ki, biz istəyirik dünya birliyi bu faciədən, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən xəbərdar olsun. Biz bu istiqamətdə işimizi gələcəkdə də, münaqişə ədalətli həll edilənə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər davam etdirəcəyik. Fondun Rusiya nümayəndəliyinin fəaliyyətində mədəniyyətimizin təbliği xüsusi yer tutur. Leyla xanım Əliyeva qeyd edir ki, mədəniyyət hər bir dialoqun universal açarıdır. Moskvada, Rusiyanın digər şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir. Azərbaycanın zəngin mədəniyyəti layiqincə təmsil olunur. Ölkəmizin dünya mədəniyyət xəzinəsinə töhfəsi çox böyükdür və bununla fəxr etməyə haqqımız vardır.

"İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir"-deyən Mehriban Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla uğurlu bir yoldadır. Mehriban xanımın öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin nurlu ideyaları və Prezident İlham Əliyevin siyasətinə uyğun qurması bu yolun gələcəyinin çox parlaq olacağını şərtləndirir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər