PDF Oxu

Siyasət

  • 69

Qobustan: inkişaf və quruculuq dövrü

İlham Əliyev: "Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün, nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir"

Qobustan: inkişaf və quruculuq dövrü

İqtisadi inkişaf yolunda inamla irəliləyən, regionun aparıcı dövlətinə çevrilən Azərbaycanın bölgələri gündən-günə daha da çiçəklənir, ölkəmizin hər bir guşəsində irimiqyaslı layihələr icra olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında regionlarda yeni sənaye müəssisələri, nəhəng sağlamlıq mərkəzləri, təhsil ocaqları, müasir idman kompleksləri, göz oxşayan parklar istifadəyə verilir, minlərlə insanın əməyə cəlb olunması onların rifah halının yaxşılaşması ilə nəticələnir.

Qobustan rayonunda da bu inkişaf bütün sahələrdə özünü göstərir. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov rayonda həyata keçirilən uğurlu tədbirlərdən danışaraq, bildirib ki, regionlarda yerli tələbatı ödəyən sənaye sahə və müəssisələrinin formalaşmasının sosial-iqtisadi əhəmiyyətini Qobustan rayonunda daha aydın görmək olur. Belə ki, son illərdə bu iqtisadi rayonda bütün sahələrdə baş verən müsbət dəyişikliklər, yaradılmış istehsal sahə və sferalarının sürətli inkişafı və səmərə verməsi düşünülmüş tədbirlərin və onların reallaşdırılmasının yekunu kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda həyata keçirilməsi nəzərdə tutulan 19 tədbirdən 12-sinin icrasına başlanılıb. Prezidentin ehtiyat fondundan rayona ayrılmış 2 milyon manat vəsaitin hesabına 13 min nəfərin yaşadığı 6 kəndi birləşdirən 23 kilometrlik Qobustan-Xilmilli yolunun 14 kilometrlik hissəsi əsaslı təmir edilmişdir. Bu iş davam etdirilir. 2011-ci ildə əvvəlki illə müqayisədə ümumi məhsul istehsalının həcmi 14 faiz artmışdır. Rayonda 40 min 415 ton taxıl istehsal olunmuşdur ki, bu da 2010-cu ildəki göstəricidən 13 min ton çoxdur. Keçən il taxılçılara verilən dövlət yardımı 1 milyon 717 min 387 manata çatmışdır. Hesabat ilində heyvanların sayı 457 baş artaraq, 29 min 70-ə, quşların sayı 716 baş artaraq 71 min 990-a çatmışdır. Qobustanda baytarlıq və diaqnostika mərkəzi, Bədəlli kəndində isə baytarlıq məntəqəsi tikilmişdir ki, bu da heyvandarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Rayon ərazisində infrastruktur işləri genişləndirilir

Rayonda uğurlu görülən işlərdən ən vacibi yolların əsaslı təmiri və qaz xətlərinin çəkilməsidir. Bu baxımdan, Qobustan-Xilmilli və Sabir-Təklə Mirzəbaba yolunda cari təmir işləri görülmüş Qobustan şəhərinin şərq hissəsində giriş meydanı əsaslı təmir olunub, şəhərdaxili küçələrin 4,2 kilometrində əsaslı təmir işləri aparılıbdır. Xilmilli kəndinin qazlaşdırılması, Nabur və Sündü kəndlərində qazlaşdırmanın tam başa çatdırılması üçün müvafiq tamamlama işləri aparılır. Cəyirli, Çelov, Təklə və Təklə Mirzəbaba kəndlərində korroziyaya uğramış 753 metr boru xətləri yenisi ilə əvəz edilmişdir. Qobustan şəhəri, Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərini içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi davam edir. Xilmilli kəndində su təchizatının yaxşılaşdırılması məqsədilə müvafiq sənədlərin hazırlanmasına başlanılıbdır. Qobustan şəhərində Olimpiya İdman Mərkəzinin tikintisi davam etdirilir, bundan əlavə, rayonda bir süni örtüklü futbol meydançasının tikintisinə başlanılmışdır. Xilmilli kəndində 360 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilmiş, Təklə kəndində 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılmışdır. Qobustan şəhərində bələdiyyə və təhsil şöbəsi üçün inzibati binalar tikilib istifadəyə verilmiş, Milli Elmlər Akademiyasının seysmoloji stansiyasının tikintisi davam etdirilir. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən günəş və külək enerjisindən istifadə üzrə stansiyaların quraşdırılması işləri aparılır. Ötən il, həmçinin, Xilmilli, Təklə və Ərəbşalbaş kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilib, Cəngi kəndində "Azpetrol" yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir. Qaracüzlü kəndi ərazisində "AXV" MMC tərəfindən çınqıl hasilatı üçün elevatorlar quraşdırılıbdır. Eyni zamanda, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Qobustan rayon "Aqrotexservis" filialı və rayon Statistika İdarəsi üçün inzibati binaların tikintisi üçün müvafiq sənədlər hazırlanılır.

Rayonda əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının inşası planlaşdırılır

Qobustanda əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının inşası planlaşdırılır. Cari ildə Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyi tərəfindən rayonda əlil və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının və 50 yerlik adaptasiya mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Son illər ərzində rayonda 4 nəfər Qarabağ əlili fərdi yaşayış evi ilə, 7 Qarabağ əlili və 1 şəhid ailəsi isə mənzillə təmin edilmişdir. Hazırda rayonda əlillər və şəhid ailələri üçün 16 mənzilli binanın tikintisi başa çatmaq üzrədir. 2010-cu ildə rayonda 2 nəfər əlil dövlət tərəfindən pulsuz avtomobillə təmin edilmişdir. Dövlət proqramlarının icrası nəticəsində son illərdə rayonda 7366 yeni iş yeri açılıbdır ki, bunlardan 1851-i daimi iş yeridir. Rayonda istehsal olunan heyvandarlıq məhsullarının 100 faizi, taxıl məhsullarının isə 98 faizi özəl sektorda istehsal olunur. 2010-cu ildə rayonda 27417 ton taxıl, 1058 ton kartof, 931 ton tərəvəz, 605 ton bostan məhsulu, 1165 ton meyvə və 500 ton üzüm istehsal olunmuşdur. Rayonda taxıl toxumlarının istehsalı ilə məşğul olan 1 elmi idarə, 1 dövlət təsərrüfatı, 11 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.

Prezidentin unudulmaz səfəri

Qobustanlılar doğma rayonlarının tərəqqisi uğrunda yüksək fəallıq göstərirlər. Rayon sakinləri ötən ilin sentyabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qobustana səfərindən, camaatla görüşlərindən, aparılan quruculuq işləri ilə maraqlanıb razı qalmasından daha da ruhlanaraq, cari ili də uğurlu nəticələrlə başa vuracaqlarına əmin olduqlarını öz işləri ilə nümayiş etdirirlər. Dövlət başçsı rayona səfəri zamanı qeyd etmişdir ki, "bu gün Qobustanda çox gözəl və tarixi hadisə baş verir. Azərbaycanda, dünyada ilk dəfə olaraq, hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər